"Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi ictimai-siyasi fikirdə geniş rezonans doğurub. Bu da ondan irəli gəlir ki, ənənəvi olaraq, cənab Prezident bu dəfə də gündəmdə olan bir çox məsələlərə aydınlıq gətirib, bu məsələlər kontekstində Azərbaycan dövlətinin qəti mövqeyini ortaya qoyub, region dövlətlərinə öz konkret mesajlarını verib. Lakin bu mesajların hamısı ya birbaşa, ya da dolayısı ilə Ermənistanın son günlər intensivləşən aqressiyası, revanşist hərəkətləri, sərhəddə təxribat əməlləri ilə bağlı olduğundan mən müsahibədə ermənilərə verilən mesajlar üzərində dayanmaq istəyirəm". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Əziz Ələkbərli deyib.
Onun sözlərinə görə, birincisi, cənab Prezident bir daha ermənilərə xatırlatdı ki, 30 illik mənasız danışıqlar nəticəsində səbri tükənmiş Azərbaycan öz suveren ərazilərini işğalçılardan əbədi olaraq azad etmişdir və bu prosesin geriyə dönüşü yoxdur: "Yaxşı olar ki, bunu ermənilər də, onların havadarları da birdəfəlik başa düşsünlər və öz revanşist düşüncələrindən imtina etsinlər, Azərbaycanın sülh müqaviləsi imzalamaq təklifini dəyərləndirsinlər, Azərbaycanın ərazi bütövlüyünü tanısınlar, sərhədlərin delimitasiyası prosesi başlasın. Əgər, Ermənistan buna hazır deyilsə və ya əleyhinədirsə, bunun nəticəsinə qatlaşmalı olacaqlar və bu, Ermənistan üçün ciddi peşmançılıqlarla nəticələnəcəkdir. Cənab Prezident bildirdi ki, ermənilər elə hesab etməsin ki, Azərbaycan bu kompromis təklifi masa üzərində əbədi saxlayacaq. Biz bu təklifimizi geri çəkə və öz siyasətimizə Ermənistanın bizə qarşı düşmənçilik siyasətinə uyğun şəkildə yenidən baxa bilərik. İkincisi, Cənab Prezident qəti şəkildə elan etdi ki, “Azərbaycan öz ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası ilə dəmir yolu ilə birləşəcək. Eyni zamanda, biz tələb edirik ki, avtomobil yolu da çəkilsin - Ermənistanın nəzarəti altında olan Qərbi Zəngəzur ərazisində, Mehri bölgəsində. Çünki bu da mütləq lazımdır”. Əlbəttə, bu, Azərbaycan vətəndaşının təhlükəsizliyi baxımından da vacibdir, biz dəmir yolunu Meğridən, avtomobil yolunu başqa bir yerdən, məsələn, Gorusdan çəkib, iki ayrı-ayrı yolun təhlükəsizliyi problemi ilə üz-üzə qala bilmərik. Erməni indidən çalışır ki, bizi gələcəkdə belə bir problemlə özündən asılı vəziyyətdə saxlasın, lakin təbii ki, Azərbaycan buna gedə bilməz. Ona görə də Cənab Prezidentin “Zəngəzur dəhlizinin tam fəaliyyəti üçün həm dəmir yolu, həm avtomobil yolu olmalıdır”, - tələbinin alternativi yoxdur".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, üçüncüsü, Cənab Prezident Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahların və hərbçilərin daşınmasına da: “Bu, 10 noyabr üçtərəfli Bəyanatına ziddir”, - deyərək öz qəti etirazını bildirdi, buna son qoyulmasını tələb etdi: "Əgər, Ermənistan yeni müharibəyə hazırlaşırsa, Azərbaycanın da önləyici tədbirlər görəcəyi barədə xəbərdarlıq etdi. Cənab Prezidentin: “Əgər yenə də erməni faşizmi baş qaldırmağa cəhd belə göstərsə, biz onun başını bir daha əzəcəyik”, - fikri elə hesab edirəm ki, təkcə xəbərdarlıq yox, Ermənistanın başı üzərinə yenidən qaldırılmış dəmir yumruqdur və ermənilər bunun nəticəsi barədə yaxşı düşünməlidirlər. Cənab Prezidentin müsahibəsində diqqət çəkən dördüncü məsələ Qarabağda hələ də yaşamaqda davam edən ermənilər barədə dediyi “onları biz yolunu azmış Azərbaycan vətəndaşları sayırıq”, - fikridir. Bu, tarixə qızıl hərflərlə yazılacaq sözlərdir. Əlbəttə, onillər boyu Azərbaycanda barınan, sonra da separatçılığa yuvarlanıb, Azərbaycana qarşı hərbi və dövləti cinayət törədən həmin ermənilər bundan artığını haqq etmir. Əgər onlar Azərbaycanda qalıb yaşamaq istəyirlərsə, bu gündən öz mövqelərini təyin etməli, Azərbaycan cəmiyyətinə inteqrə olunmalı və Azərbaycan dövlətindən, Azərbaycan xalqından əfv diləməlidirlər. Azərbaycan dövləti onlara bu şansı vermək barədə düşünə bilər, yoxsa ki, Azərbaycana qarşı düşmən münasibətdə qalmaqda davam edəcəklərsə, təbii ki, Azərbaycan xalqının da onlarla bir arada yaşamağa ürəyi getmir.
Cənab Prezident müsahibəsində Rusiya və İranla bağlı da öz mesajlarını verdi, bölgədə dayanıqlı sülhün olması üçün Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli Bəyanatın bütün müddəalarının həyata keçirilməsi zərurətini bir daha xatırlatdı, Rusiyanın bölgənin təhlükəsizliyi üçün öz səylərini əsirgəməyəcəyinə ümidini ifadə etdi. Rusiyanın Ermənistanı silahlandırmaq təşəbbüslərini isə məntiqdən kənar hesab etdiyini bildirdi: “Görünür, İkinci Qarabağ savaşı hələ ki, hər kəs üçün dərs olmadı. Əgər belədirsə, biz dərsini yenidən verməyə hazırıq. Ona görə biz ümid edirik ki, Rusiya Ermənistanı silahlandırmayacaq”. Oxşar mesaj İrana da verildi, Cənab Prezident ümidvar olduğunu bildirdi ki, İranın yeni rəhbərliyi Ermənistan-Azərbaycan münasibətləri ilə bağlı öz aydın siyasətini ortaya qoyacaqdır".
Arzu Qurbanzadə