“Cənab Prezident Azərbaycan Respublikasının Prezidenti olmaqla bərabər, nəinki bütün Azərbaycan xalqının hətta bütün türk dünyasının könlündə taxt qurmuş, xüsusi yeri olan, güclü və qüvvətli iradəyə sahib dövlət xadimi, dünyada tanınan dəyər verilən, dünya mövqeyində öz sözü olan görkəmli şəxsiyyətdir”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Ramil Həsən deyib.
Onun sözlərinə görə, şübhəsiz ki, Azərbaycan Prezidentinin Türkiyənin CNN kanalına verdiyi müsahibəsində “bəziləri düşünürdü ki, görən dayanacaqlarmı, dayanmayacaqlarmı, dayandıracaqlarmı, dayadırmayacaqlarmı, İlham Əliyev sona qədər gedəcəkmi, getməyəcəkmi amma müharibə davam etdikcə hər kəs gördü ki, öldü var, döndü yoxdu sona qədər gedəcəyik” ifadə etdiyi fikirlərin hər birisi əslinə qals, bir şeyin təzahürüdür və önəmli bir faktı ortaya qoyur ki, cənab Prezidentə və zəfər çaldığımız İkinci Qarabağ savaşına nə qədər təzyiq göstərən, çətinlik yaradan qüvvələr və güclər olub: “Bizim üçün fəxredici, qürurverici amil bundan ibarətdir ki, bütün bu təzyiqlərə, bütün bu çətinliklərə baxmayaraq ölkə rəhbəri öz mövqeyindən dönməyib və başqa ölkələrdən fərqli olaraq hər hansı bir ölkənin dostu olmadığımızı, hər hansı bir dövlətin siyasətinə xidmət etmədiyimizi, yalnız öz xalqının milli maraqlarını qoruyan bir lider kimi sona qədər mübarizə aparmaq qabiliyyətində olduğunu bütün dünyaya bəyan etmişdir. Görmüş olduğu və həyata keçirmiş olduğu konkret addımlarla, tarixi missiya ilə bunu bir daha bütün dünyaya göstərmiş oldu ki, heç bir güc Azərbaycan Prezidentini milli yoldan, milli davadan, ölkəsinin milli maraqlarını qorumaqdan döndərə bilməyib və bilməyəcək”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, cənab Prezident müsahibəsində vurğuladı ki, biz Azərbaycan və Türkiyə prezidentləri olaraq 18 ildir ki, ölkələrimizin bilavasitə mövqelərini ifadə edən, iki qardaş dövlətin birgə və bərabər fəaliyyət göstərən siyasət yürüdürük: “Biz bunun bu gün ən yüksək nöqtəsi olan Şuşa bəyannaməsinə gətirib çıxartmışıq. Vətən müharibəsində və ondan sonra da bütün dünya bir daha gördü ki, Azərbaycan və Türkiyə iki qardaş dövlət eyni millətə mənsub olan insanlar olaraq nə qədər bir-birilərinə bağlıdırlar. Cənab Prezident həmçinin bunun da xəbərdarlığını etdi ki, aramıza girməyə çalışacaqlar, provakativ addımlar atmağa çalışacaqlar. Əslində cənab Prezident bu xəbərdarlığı edərək, hər kəsi ayıq-sayıq olmağa, ölkələrimiz arasındakı milli münasibətlərə zərər verəcək güc və qüvvələrə əsla alət olmamağa, ölkə rəhbəri cənab Prezident İlham Əliyevin Azərbaycan və Türkiyə strateji müttəfiqlik münasibətlərinin yüksələn xətti inkişafında atmış olduğu liderlik xarakterinə rəhbərliyinə uyğun olaraq bütün prosesləri izləməyə çağırmışdır. Eyni zamanda bu istiqamətdə gələcək nəsillərin də üzərinə çox böyük bir məsuliyyət olduğunu da vurğulamışdır”.
Arzu Qurbanzadə