Deməli, Əfqanıstanın şimalındakı Cövzcan əyalətindəki əyləncə parklarından birində yanğın olub. Yerli sakinlərin ehtimalına görə, yanğını “Taliban” yaraqlıları qəsdən törədiblər. Məsələ bundadır ki, Cövzcan əyalətinin Şiberqan şəhərində baş verən yanğına, hazırda Əfqanıstanda “hakimi-mütləq” olan talibançılar müdaxilə belə etməyiblər. Yəni yanan parkı söndürməyə cəhd etməyiblər.
Maraqlıdır, niyə?
Məsələn, rusların “Vesti” TV proqramı iddia edir ki, parkın yandırılımasına atlar olan karusel səbəb olub. Yəni İslamda heyvanları təsvir etmək qadağandır, başqa sözlə, bu, “bütpərəstliyə” bərabərdir.
Bu arada rusların “Vesti” TV proqramından fərqli olaraq, Amerikanın “The Daily Beast” nəşri uşaqlar üçün yaradılan obyektdə yanğının müstəqil təsdiqini hələ ki, ala bilmədiyini bildirib.
Xatırladaq ki, “Taliban” üzvləri Kabulun “fəthini” böyük əyləncə ilə qeyd etmişdilər. Belə ki, şəhərin əyləncə parkında karusellərə və elektrikli avtomobillərə minən, trambolin tullanmaları təşkil edən terrorçular daha sonra “simulyatorda” idman avadanlıqlarını sınamışdılar.
Hazırda bəzi ehtimallara görə, artıq bütün Əfqanıstanı ələ keçirib xalqa gözəl vədlər verən taliblər, deyəsən, əsl simalarını göstərməyə başlayırlar.
Ağasəf Babayev