"Laçın və Kəlbəcər rayonlarının arıçılıq və heyvandarlıqla məşğul olan bir qrup sakini pilot layihələr kimi bu rayonlara ezam olundu. İlk növbədə qeyd etmək istəyirəm ki, pilot layihə çərçivəsində öz doğma yerlərinə qayıdan insanlar öz doğma yurdlarına qayıdanların ilkləridir. Bu, o deməkdir ki, artıq qayıdışa start verilmişdir". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Azər Badamov deyib.
Onun sözlərinə görə, Laçın və Kəlbəcər rayonları gözəl təbiətə malikdir: "Bu ərazilərə qayıdaraq təsəsrrüfatla məşğul olan insanlar bu il bol məhsul əldə edəcəklər. Təbii ki, pilot layihəsi çərçivəsində ezam olunmuş arıçılıq və heyvandarlıq təsərrüfatların qayıdışı Kənd Təsərrüfatı Nazirliyin dəstəyi ilə təşkil olunmuşdur. Amma işğaldan azad olunmuş ərazilər minalardan təmizlənəndən sonra hamı gedib öz yurdlarında təsərrüfat işləri ilə məşğul ola biləcəklər".
Deputat sözlərinə belə davam edib: "Onu da qeyd etmək istəyirəm ki, qaçqın və köçkünlərimiz o günü səbirsizliklə gözləyirlər. İşğaldan azad olunmuş ərazilər, əsasən, kənd təsərrüfatı təyinatlıdır. Böyük qayıdışımız həyata keçiriləndən sonra bu ərazilərdə istehsal olunacaq məhsullar ölkə tələbatını ödəməklə yanaşı, ixrac potensialının artmasına da töhfə verəcəkdir"
Ayşən Vəli