“Tarixin bütün mərhələlərində Azərbaycan torpaqları yadelli işğalçıların təzyiqlərinə məruz qalıb, parçalanıb və qanunsuz olaraq digər dövlətlər arasında bölünüb. Məhz XX əsrin 20-ci illərində də xalqımıza iki böyük zərbə vurulub. Birincisi, 1920-ci ildə. O vaxt sovet hakimiyyəti bizim tarixi torpağımız olan Zəngəzuru Azərbaycandan qoparıb Ermənistana birləşdirdi. Ondan sonra o bölgədə azərbaycanlılar deportasiyaya məruz qaldılar. İkinci isə 1923-cü ildə bizim ərazimizdə süni bir qurum yaradıldı - Dağlıq Qarabağ Muxtar Vilayəti, hansı ki, bunun yaradılmasının heç bir əsası yox idi. Nə tarixi, nə coğrafi, nə də iqtisadi əsası var idi. Sadəcə olaraq, bizim canımıza bu süni bir cisim yeridildi ki, bir canlı bomba kimi orada dursun və vaxtında partlasın. Belə də oldu. 1923-cü il iyulun 7-də Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Onun da mərkəzi şəhəri bizim Xankəndi qəsəbəmiz olub. Ona da cəllad Stepan Şaumyanın adını verdilər və Stepanakert adlandırdılar”. Bu fikirləri Diaspor info-ya açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.
Deputatın sözlərinə görə, bir həqiqət də vardır ki, tarix uzun fasilələlərdən sonra hər ölkəyə bir dahi şəxsiyyət bəxş edir: “Məhz Ulu öndər Heydər Əliyev də həmin dahi şəxsiyyətlərdən biri kimi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb. Ulu Öndərin 1969-1982-ci illərdə Azərbaycanın rəhbəri kimi gördüyü işlər xalqın yaddaşında daim qalacaqdır. Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişi keçmiş SSRİ-nin geridə qalmış respublikalarından biri sayılan Azərbaycanda həyat ritmini büsbütün dəyişdi, ölkədə görünməmiş canlanma və yüksəliş, tikinti-quruculuq işləri başlandı. Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində iqtisadiyyat, sənaye və kənd təsərrüfatında, mədəniyyət və təhsil sahəsində böyük uğurlar əldə edildi, çoxsaylı sənaye müəssisələri, mədəniyyət və təhsil ocaqları, tibb müəssisələri inşa edildi, yeni yaşayış massivləri salındı, yollar tikildi, ucqar rayonlara qaz xətləri çəkildi. Respublikamızın siyasi və mədəni həyatında böyük əhəmiyyəti olan saraylar, özünün görkəmi ilə şəhərə gözəllik verən neçə-neçə yaraşıqlı binalar, xalqımızın tarixində mühüm rol oynamış şəxslərə, ədəbiyyat və incəsənət xadimlərinə əzəmətli heykəllər ucaldıldı. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı, kadr korpusunun milliləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı, hər il yüzlərlə gənc müxtəlif mühüm, o cümlədən hərbi ixtisaslara yiyələnmək üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərildi, azərbaycanlılar mühüm dövlət vəzifələrinə irəli çəkildilər”.
İ.Məmmədov vurğulayıb ki, özünün təkmil dövlətçilik konsepsiyasında ədalət, qanunçuluq və hüquq qaydalarının təminatına hər zaman üstünlük verən ümummilli lider Heydər Əliyev «ədaləti ədalətsizliklə bərpa etmək olmaz» - deyərək dövlət idarəçiliyində qanunun aliliyini, ədaləti əsas meyar kimi müəyyənləşdirdi, vəzifə səlahiyyətləri ilə bağlı cinayətlərə, rüşvətxorluğa qarşı barışmaz münasibət nümayiş etdirirdi: “Ulu Öndər Heydər Əliyevin siyasi və layiqli varisi, Ali Baş Komandan, Prezident İlham Heydər oğlu Əliyev cənablarının qətiyyəti, dönməz iradəsi, Liderliyi və Sərkərdəliyi sayəsində. Bəli, Azərbaycan xalqının Dahi Oğlu Heydər Əliyev məktəbinin, irsinin müdavimi olan cənab Ali Baş Komandanımız İlham Əliyevin “Qarabağ Azərbaycandır!” kəlamı və Onun “Dəmir Yumruğ”-u hesabına yağı düşmənin başı əzildi. Azərbaycan Ordusu bütün dünyaya nümayiş etdirdiyi Qarabağ zəfəri ilə yeni hərb tarixini də yazmış oldu. Yeni hərb tarixinin yazılması isə çox çətin, hətta deyərdim ağır işlərin, zəhmətlərin sayəsində əldə edilib. 44 gün ərzində qazanılan qalibiyyət Azərbaycan tarixinin səhifələrinə qızıl hərflərlə həkk olundu. Ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasəti və Ordumuzun şücaəti sayəsində Azərbaycan uzun illər hökm sürən ədalətsizliyə son verərək, haqq savaşındakı Böyük Qələbəsi ilə ədaləti bərqərar etdi”.
Müəllif: Aysel Məmmədova