"Cənab Prezident İlham Əliyevin Şuşa səfəri və bu şəhərdə ard-arda ölkənin mədəni həyatında mühüm əhəmiyyətə malik tədbirlərin həyata keçirilməsi hər şeydən öncə tarixi ədalətin bərpasıdır. Azərbaycan Şuşanın azad edildiyi 9 ayda bu doğma şəhərin hər bir daşına həssaslıqla yanaşıb, əsarətə, vəhşiliyə, vandalizmə məruz qalmış bir sıra mədəni tarixi nümunələrin bərpası başa çatıb, abidələrin əhəmiyyətli hissəsində isə işlər sürətlə davam edir. Həmçinin, mədəniyyət paytaxtına çevrilmiş bu qədim şəhərimizdə məskunlaşmaya start verilməsə də artıq mədəni həyat canlanıb, Xarıbülbül festivalı, Vahid poeziya günləri yüksək səviyyədə baş tutdu, Bülbülün evi təmir edildi, Üzeyir Hacıbəyovun ev muzeyinin bərpasına başlanıldı. Bütün bunlar o deməkdir ki, Şuşa, Şuşayla bağlı hər maddi, mədəni nümunə Azərbaycan milli mədəni irsinin ayrılmaz tərkib hissəsidir və Prezident İlham Əliyev dövlətin rəhbəri olaraq də bütün bu addımlarla mədəni irsə, milli təfəkkürə sahib çıxır". Bu sözləri Dİaspor info-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, əgər bu şəhərdə ermənilərin o oğurluq saxta "mədəniyyətinə" aid bircə daş da olsaydı təbii ki, 30 ildə haylar bu şəhərə sahib çıxar, qurub yaradardılar: "Baxın, azad edildiyi günə qədər tikilən 3-5 villanı çıxmaq şərti ilə Şuşa viranə şəhərə dönmüşdü. Azərbaycan isə 9 ayda konkret addımlarla iradə nümayiş etdirərək Şuşanın əbədi, əzəli sahibi olduğunu, bundan sonra da bu şəhərin hər daşına sahib çıxacağını əməli olaraq bəyan etdi. Dövlət başçısının siyasi rəhbərliyi altında, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarətində Şuşada mədəni həyatın canlanması həm də Azərbaycan və Ermənistanın dövlət olaraq siyasi mahiyyətlərindəki fərqi ortaya qoydu. Erməninin qadağan olunmuş silah-sursat başda olmaqla, cəbhəxanaya, narkotika ticarəti yuvasına çevirdiyi Şuşanın əsl simasını, mədəniyyət, incəsənət paytaxtı adını Azərbaycan bu şəhərə qaytardı. Şuşa qısa müddətdə yenidən sülh və mədəniyyət şəhərinə çevrildi. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər aydın məntiqli mövqeyi Ermənistan özü, eləcə də terrorçulara Şuşaya atəş açmağa cəsarət verənlər, göz yumanlar, habelə, terrorçular üçün gizlicə yük daşıyıb həmrəylik nümayiş etdirənlər üçün bir xəbərdarlıq olmalıdır. Bu güclər əmin olmalıdır ki, nə Şuşa, nə Qarabağ, nə Şərqi Zəngəzurla bağlı murdar niyyət və planlarını həyata keçirə bilməyəcəklər. Azərbaycan nə onların 90-cı illərdən xatirində qalan, nə də arzu etdikləri Azərbaycan deyil. Şübhəsiz ki, cənab Prezident İlham Əliyevin Şuşadakı mədəniyyət dərsi bu qüvvələrə reallığı anlamaqda kömək edəcək".
Arzu Qurbanzadə