"Pakistan Azərbaycana ən yaxın dost ölkələrdən biridir. Heç də təsadüfi deyildir ki, Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri Pakistan dövləti olmuşdur. Pakistan Azərbaycan münasibətləri Ümummilli lider Heydər Əliyevin səyləri və müdrik siyasəti nəticəsində başlamış və uğurla davam etməkdədir". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Musa Quliyev deyib.
Onun sözlərinə görə, Azərbaycanda səfirliyini açan ilk dövlətlərdən biri də Pakistan olub. Pakistan Azərbaycan əlaqələri cənab Prezidentin dövründə daima artan şəkildə inkişaf etmişdir. Cənab Prezidentin Pakistana səfər etməsi, Milli Məclis sədrinin Pakistana səfəri, deputat dostluq səviyyəsində keçirilən səfərlər bu münasibətləri daha da yüksək hüquqi müstəviyə çatdırmışdır.
Əlaqələrin belə inkişafı ilə bağlı Musa Quliyev fikrini belə izah edib: "Heydər Əliyev Fondunun, xüsusilə də Fondun rəhbəri Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Pakistana, dəfələrlə, hümanitar yardımlar göstərilmişdir. Məktəblər tikilmişdir, bağçalar açılmışdır, səhiyyə obyektləri tikilmiş, təmir olunmuşdur. Eyni zamanda Pakistanda, dəfələrlə baş vermiş təbii fəlakətlər zamanı Azərbaycan dövləti həm hümanitar, həm də maddi dəstək göstərmişdir. 44 günlük Vətən müharibəsində Türkiyə ilə yanaşı Pakistan Azərbaycana ən yaxın siyasi, diplomatik və mənəvi dəstək verən dövlət kimi bizim xalqımızın yaddaşında qalacaq. Eyni zamanda Pakistan Azərbaycan münasibətləri iqtisadi, humanitar, mədəni müstəvidə də davam edir. Yüksələn xətlə də davam edəcək.
Pakistan Azərbaycan münasibətlərinin inkişaf etməsində parlamentin və parlamentlərarası dostluq qrupunun da mühüm əhəmiyyəti var. Elə bu ilin yazında parlamentin spikeri Sahibə Qafarovanın rəhbərliyi altında bizim nümayəndə heyətinin səfərinin olması, Pakistan parlament spikerinin rəhbərliyi altında nümayəndə heyətinin Azərbaycana gəlməsi, Şuşada olması və üçtərəfli Bakı bəyannaməsinin imzalanması, Pakistan, Azərbaycan, Türkiyə dostluğunu daha yüksək müstəviyə çatdırmışdır. Pakistan nüvə dövləti olan yeganə islam dövlətidir, müsəlman ölkəsidir, həm də güclü ordusu və ordu sənayesi olan bir dövlətdir. İqtisadiyyatı sürətlə inkişaf etməkdə olan bir dövlətdir. Şübhəsiz ki, Azərbaycan Pakistan münasibətlərinin inkişafı bütövlükdə İslam aləminə xoş bir nümunədir. Bu münasibətlərin inkişafında Pakistanın Kəşmir probleminin və Azərbaycanın vaxtı ilə mövcud olmuş Qarabağ probleminin eyniliyi bizi daha da yaxınlaşdırmışdı. Azərbaycan da Kəşmiri Pakistanın torpağı kimi tanıyır. İlk dövrlərdən də məhz Qarabağ probleminə görə, Ermənistanla diplomatik əlaqələri qurmayan ölkələr arasında olmuşdur. İndi şükürlər olsun ki, Qarabağ problemi öz həllini tapmışdır və şübhəsiz ki, buradakı yenidənqurma işlərində Pakistan şirkətlərini də biz məmnuniyyətlə dəvət edə bilərik".
Müəllif: Turqay Musayev