BMT baş katibi Antonio Quterreş sülh və qlobal təhlükəsizlik mövzusunda yeni bir gündəm hazırlamaq üçün yüksək səviyyəli "gələcəyin sammiti" keçirmək çağırışı edib. Diaspor info xəbər verir ki, Quterreş bu çağırışını BMT Baş Assambleyasının iclasında səsləndirib.
Onun sözlərinə görə, dünya pandemiya və sürətli iqlim dəyişikliyinin yaratdığı təhlükəni gözardı edə bilməz. Baş katib "bütün istiqamətlərdə cəsarətli transformativ siyasətlərin yeni dövrünə başlamağa" çağırıb. Quterres, "başımızı qumdan çıxarmağa" və gələcəkdə sağlamlıq, maliyyə və iqlim böhranları ilə üzləşməyə hazır olmağa çağırış edib.
"Ortaq gündəmlə bağlı hesabatımdakı əsas tövsiyələrdən biri, dünyanın bütün bu və digər problemləri Yüksək Səviyyəli Gələcək Sammitdə həll etmək üçün bir araya gəlməsidir ki, bilinsin gələcək necə olmalıdır və onu necə qoruyub saxlaya bilərik", deyib baş katib.
Onun sözlərinə görə, sammitdə "sülh üçün, qlobal təhlükəsizliyə daha əhatəli və vahid bir baxışla" yeni bir gündəm daxil edilməlidir.
Müəllif: İnam Hacıyev