“Türkiyə, Pakistan və Azərbaycan xüsusi təyinatlarının “Üç qardaş - 2021” beynəlxalq hərbi təlimləri ilk öncə bu üç ölkənin xüsusi təyinatları arasında təcrübə mübadiləsi aparmaq və terrorizmə qarşı mübarizədə yeni nailiyyətlər və bu sahədə yeni bilgilər qazanmaq məsələsinə xidmət edir. Bununla yanaşı təlimin keçirilməsi üç ölkənin ordu birləşmələri, hərbi qrupları arasında inteqrasiyanı, əməkdaşlığı daha da gücləndirmiş olur ki, bu da hər üç ölkənin maraqlarına xidmət edir”. Bunu Diaspor info-ya açıqlamasında Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Türkiyə və Pakistan hərbi ittifaqı regionda və dünyada yeni bir vəziyyətin yetişməsinə xidmət edir: “Bunların ilk dəfə sıx əməkdaşlığı 44 günlük müharibə dövründə olub. 44 günlük Vətən müharibəsinin nəticəsi olaraq regionda ədalətsizliyin aradan qaldırılması, işğalda olan azad edilməsi ilə nəticələnib. Beləliklə bu ittifaqın başlıca hədəfi regionda ədalətsizliyin aradan qaldırılmasına və dünyada sülhün bərqərar olunmasına xidmət etmiş olur. Sevindirici haldır ki, yeni güc mərkəzi kimi ortalığa çıxan bu ittifaqın tərkibində Azərbaycanda var və bu uzun müddətli hazırlanmış siyasətin nəticəsidir. Biz sevinirik ki, Azərbaycan dövləti və hökuməti belə bir ittifaqın dünyaya sülh və ədalət bəxş edən bir ittifaqın tərkibindədir. Arzu edirik ki, bu ittifaq zaman-zaman möhkəmlənsin və öz missiyasını yerinə yetirə bilsin”.
Müəllif: Gülyana