“Milli Dirçəliş Günü 17 noyabr 1992-ci ildə rəsmən elan olunub. Bunun əsas kökü 1988-ci ilin qışında Bakı şəhərində baş verən məlum hadisələrlə bağlıdır. Vaxtilə SSRİ rəhbərliyi Dağlıq Qarabağ məsələsi ətrafında çox yanlış antiazərbaycan siyasəti yeridirdi. Artıq Azərbaycanda bununla bağlı xalq hərəkatına başlanmışdı”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Vüqar İsgəndərov deyib.
Onun sözlərinə görə, 17 noyabr 1988-ci ildə Bakının Azadlıq meydanında xalq uzunmüddətli mitinqlərə start verdi: “Bu hadisələr ümumilikdə Azərbaycanda milli azadlıq hərəkatının vüsət almasına, insanların artıq Sovet imperiyasına müqavimət göstərməsinə təkan verməsi kimi qiymətləndirilir. Ona görə də Milli Dirçəliş Günü bizim üçün çox əziz bayramlardan biri kimi sayılmalıdır. 17 noyabr mitinqi milyonları ətrafına toplamışdı. Artıq insanlar SSRİ rəhbərliyinə inanmır və müstəqil ordu qurmağın vacib olduğunu anlayırdılar. Moskvadan Azərbaycana qarşı antiazərbaycan siyasəti və ermənilərə xüsusi simpatiya açıq-aşkar hiss olunurdu. Ona görə də milyonlarla insan Azadlıq meydanında Azərbaycanın azadlığını və bu cür ikili standartlara son qoyulmasını tələb edirdi. Artıq insanlar anlayırdılar ki, bu tələblərin heç biri icra olunmur və xüsusi olaraq Moskvadan Ermənistana qarşı xüsusi simpatiya var. Torpaqlarımızın işğal olunması siqnalı artıq o vaxtdan hiss olunurdu. Ona görə də milyonlarla insan bu tələblərlə mitinq keçirirdi”.
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Azərbaycandakı bu hadisələr dünya mətbuatı tərəfindən də izlənilirdi: “1989-cu il 25 dekabrda “Newsweek” jurnalı üz qabığında Bakının şəklini verərək Azərbaycan xalqını dünyada ilin xalqı kimi adlandırdı. Ümumiyyətlə Milli Dirçəliş Günü Azərbaycandakı bir çox məsələləri özündə ehtiva edirdi. Hakimiyyətin içərisində digər qüvvələrə işləyənlərin olması, Ümummilli Liderin hakimiyyətdən kənarlaşdırılması nəticəsində Azərbaycanın üzərini qara buludlar örtdü. Bilirik ki, 1980-ci illərdə ermənilər bir neçə dəfə bu kimi yollara əl atmağa çalışırdılar. Lakin SSRİ siyasi rəhbərliyində SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olan Ümummilli Lider Heydər Əliyev bu kimi təxribatçı əməllərin qarşısını alırdı. Bunu görən rəhbərlik Ulu Öndər Heydər Əliyevi hakimiyyətdən uzaqlaşdırdıqdan sonra erməni və onun havadarlarının bütün siyasi, iqtisadi sahədə aktivliyini hiss edirdik.
Ümumiyyətlə Milli Dirçəliş Günü Azərbaycan xalqının oyanış günü kimi də qiymətləndirilə bilər. Biz bütün dünyaya göstərdik ki, bizim müqavimətimizi qırmaq olmaz. Həmin dövrdə hər bir azərbaycanlı ayaq üstə idi və öz xalqının, dövlətinin mənafeyini qorumaq üçün, həqiqəti, ədaləti bütün SSRİ respublikalarına və dünyaya çatdırmaq üçün meydanlarda gecəliyirdilər. Daha sonra xalqın təkidi ilə Ümummilli Lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi bu bəlalardan qısa vaxt ərzində Azərbaycanı qurtarması üçün əməli işə keçməsi, ölkədə sabitliyin yaranması, neft kontraktlarının imzalanması və ordu quruculuğu bugünkü müstəqil, firavan, dünyada özü və sözü olan Azərbaycanın yaradılmasına təkan verdi. Həmin uğurlu siyasəti cənab Prezident İlham Əliyevin xüsusi məharət və ustalıqla keyfiyyətcə yeni mərhələdə aparır. Azərbaycan xalqının birliyi, cənab Prezidentin ətrafında birləşməsi çox böyük uğurlara aparacaq”.
Arzu Qurbanzadə