Müstəqil dövlətə sahib olmaq naminə əzmkarlıqla mübarizə aparan və azadlıq uğrunda mücadilə edən Azərbaycan, tarix boyu keşməkeşli yol keçib, sınaqlardan üzü ağ çıxıb və məhz bu səbəbdən də dirçəliş yoluna qovuşub. Ötən əsrin sonlarında, daha dəqiq desək, 1988-ci il 17 noyabr tarixində xalqımız anti-Azərbaycan siyasəti yürüdən Sovet imperiyasına qarşı uzunmüddətli mitinqlərə başlayıb və birlik nümayiş etdirib, yüz minlərlə azərbaycanlı Bakının əsas meydanı sayılan "Azadlıq" meydanına toplaşaraq Azərbaycan xalqının iradəsini bəyan edib. Məhz 17 noyabr tarixi xalqımızın istiqlal mücadiləsinin əsas mərhələlərindən biri, Milli Dirçəliş Günü olaraq qeyd edilir və hər il qürur hissi ilə qeyd etdiyimiz bu gün, Azərbaycan xalqının istəklərindən, dirçəliş məqsədlərindən qaynaqlanan Milli Dirçəliş Günü tariximizə qızıl hərflərlə yazılıb.
Azadlıq meydanına 1988-ci il noyabrın 17-dən başlayaraq toplaşan insanlar rəsmi Moskvanın Azərbaycana yönəlik ikili standartlara söykənən siyasətinə etiraz edib və ən yeni tariximizdə “Meydan hərəkatı” adlanan prosesin əsas qoyulub, hansıki, milyonlarla insanın qatıldığı bu aksiyalar həm də keçmiş SSRİ-də ən irimiqyaslı etiraz aksiyası olub. Təsadüfi deyil ki, SSRİ-nin süqutu prosesini araşdıran yerli və xarici tədqiqatçıların böyük əksəriyyəti bu prosesdə Azərbaycanda başlayan “Meydan hərəkatı”nın mühüm rol oynadığını xüsusi olaraq vurğulayırlar. Doğrudur, bir neçə gün sonra, dekabrın 4-dən 5-nə keçən gecə həmin o ümumxalq mitinqi sovet qoşunları tərəfindən dağıdılsa da, bu, milli azadlıq hərəkatının qarşısını ala bilməyib və 17 gün davam edən “Meydan hərəkatı” Azərbaycanın müstəqilliyinin bərpasında mühüm mərhələ kimi tarixə həkk olunub.
17 noyabr 1988-ci il tarixi və bu gün başlayan “Meydan hərəkatı” milli-azadlıq hərəkatının başlanğıcı idi. Sovet İttifaqı rəhbərliyinin ermənilərin Dağlıq Qarabağa iddiasına loyal münasibəti və qərəzli mövqeyi, Azərbaycan xalqını ayağa qaldırmışdı. Azərbaycana qarşı Sovet imperiyasının ikili yanaşması, ədalətsiz mövqeyi göz önündə idi və xalqımız bunun qəbuledilməz olduğunu, məhz həmin o mitinqlər zamanı ifadə edirdi. Bu baxımdan da milyonlarla insanın Azadlıq meydanına axışması, öz hüquqların, müstəqillik istəklərini bəyan etməsi ən yeni tarixin təməlini qoydu.
Mitinqin hətta ilk günlərindən belə hiss olunurdu ki, SSRİ-nin heç bir yerində rast gəlinməyən mübarizə ruhu Azərbaycanda var və bu, xalq hərəkatı, milli azadlıq hərəkatı idi ki, yaddaşlardan silinən deyil. Doğrudur, bütün bunların fərqində olan, hadisələri müşahidə edən rəsmi Moskva İttifaq dönəmində Azərbaycanda ilk dəfə fövqəladə vəziyyət elan etsə də, SSRİ-nin müxtəlif ərazilərində dislokasiya edilmiş daxili qoşun qüvvələrini Bakıya gətirilərək meydanda yerləşdirsə də, dekabrın ilk ongünlüyündə mitinq iştirakçıları oradan zorla çıxarılsa da, onların bir qismi həbs edilsə də, milli ruhu, xalqın dirçəliş, müstəqillik əzmini qıra bilmədilər. Bəli, bu xalqın əzmini qıra bilmədilər və məhz bu proseslərin məntiqi nəticəsi olaraq xalq öz arzusuna çatdı və bu baxımdan cəsarətlə deyə bilərik ki, 1988-ci il noyabrın 17-dən başlayan meydan hərəkatı ilə azad Azərbaycanın təməli qoyuldu. Bu hadisələrin milli azadlıq hərəkatı kimi qiymətləndirilməsi də əbəs yerə deyil, çünki, ölkəmizin istiqlaliyyət qazanmasında əsas, vacib hesab edilir və bu tarix, 17 noyabr tarixi 1992-ci ildən 17 noyabr Milli Dirçəliş Günü kimi qeyd olunur.
Nəzərə çatdırmaq yerinə düşərdi ki, həmin dövrün dünyaca məşhur, nüfuzlu nəşrləri məhz həmin o “Meydan hərəkatı” barədə yazır, bu hərəkatı, xalqımızın milli ruhunu, azadlıq, müstəqillik, dirçəliş mücadiləsini yüksək qiymətləndirirdi. Təsadüfi deyildi ki, “Newsweek” jurnalı 1988-ci ildən Azərbaycanı bürümüş anti-sovet xalq hərəkatına işarə vuraraq qeyr-rəsmi şəkildə xalqımızı “İlin Xalqı” elan edirdi. Yəni, bu onu göstərirdi ki, Azərbaycan xalqının milli ruhda olması, öz hüquq və azadlıqlarını, müstəqilliyini, suverenliyini tələb etməsi və bunun uğrunda mücadilə aparması bütün dünyada nəinki izlənilirdi, hətta yüksək qiymətləndilirdi də. Təbii ki, bu mücadilənin məntiqi nəticəsi göz önündədir və məhz bu səbəbdən də həmin günlər unudulan, yaddan çıxan deyil.
Xatırladığımız kimi, Ümummilli Lider Heydər Əliyev Azərbaycan SSR Ali Sovetinin iclasında gələcək mübarizə və inkişaf yolunu müdrikliklə bəyan etmişdi. Ulu Öndər, Azərbaycan xalqının birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qorumalı, Azərbaycan Respublikasının iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə aparmalı olduğunu hələ o zaman qeyd edirdi. Bunun ardınca biz şahidi olduq ki, Ümummilli Lider Heydər Əliyev hətta bütün ömrü boyu bu müqəddəs amala sadiq qaldı və öz xalqının, vətəninin istiqlalı uğrunda fədakarlıqla mübarizə apararaq buna nail oldu.
Ulu Öndərin hakimiyyəti dövründə respublikamız ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqi istiqamətində misilsiz nailiyyətlər qazana bildi və Azərbaycana, öz xalqına bağlı olan dahi şəxsiyyət Heydər Əliyevin bir müdrik siyasi xadim və dövlət xadimi kimi uzun illər boyu Azərbaycan xalqına yol göstərəcək, fayda verəcək qiymətli irs miras qoydu. Məhz xalqın tələbi ilə bu dahi şəxsiyyətin yenidən hakimiyyətə qayıdışından sonra ölkədə əmin-amanlıq yarandı, Azərbaycan davamlı inkişaf yoluna qədəm qoydu, xalq hərəkatının başlanğıcı olan 17 noyabr hadisələri həm də 1991-ci ilin 18 oktyabr, Azərbaycan müstəqilliyinə təkan verdi. Ümummilli Lider Heydər Əliyevin özü qədər inandığı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın gündən-günə qüdrətləndiyi, gücləndiyi və dünya miqyasında nüfuzunu daha da yüksəltdiyi günün reallığıdır.
Təbii ki, ölkəmizə qarşı 30 ilə yaxın müddət ərzində işğalçılıq siyasəti yürüdənlərin torpaqlarımızdan qovulması, torpaqlarımızın işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi də öz növbəsində müstəqilliyimizin, süverenliyimizin sütunlarının möhkəm olmasını təsdiq edir. Təsdiq edir ki, Azərbaycan güclü bir dövlət, müstəqil, suveren dövlətdir və bu müstəqilliyin, suverenliyin təməli məhz dirçəliş günü qoyulub. Ermənistanın təxribatlarına, yeni torpaqlarımızı işğal etmək cəhdlərinə cavab olaraq başladılan və 44 gün davam edən Vətən müharibəsi, bu müharibədə ən tez zamanda əldə edilən qələbəmiz müstəqilliyimizin sağlam dayaqlar üzərində olduğunun göstəricisidir. Həm də onun göstəricisidir ki, bu müstəqilliyimizin təməli dirçəliş günü məhz xalqın birliyi ilə çox möhkəm qoyulub, hansı ki, biz bu birliyin, həmrəyliyin təntənəsinin, zəfərinin 44 günlük vətən müharibəsində, düşmən üzərində əldə etdiyimiz qələbələrdə əyani şahidi olduq.
Azərbaycan xalqını müstəmləkə boyunduruğu altında saxlamağın mümkünsüz olduğunu 17 noyabr hadsələri əyani şəkildə təsdiq etdi. Məhz bu hünün, bu tarixin yaddaşlarda yaşamasının, tariximizə qızıl hərflərlə yazılmasının, hər il qeyd olunmasının fəlsəfəsi də bundan ibarətdir. Bütün dünya fərqindədir ki, Azərbaycan xalqı müstəqilliyini öz mücadiləsi ilə, öz mübarizəsi sayəsində əldə edən bir xalqdır. Bu xalqın müstəqilliyinin əlindən alınmasının, suverenliyinin təhdid altında qoyulmasının mümkünsüzlüyünə şübhə edən yoxdur və 17 noyabr həm də bu inamın, bu etibarın təntənəsi, ildönümüdür. Artıq xalqımız hər il Milli Dirçəliş Gününü bayram kimi qeyd edir və göründüyü kimi, bu günün qeyd olunması bütün Azərbaycan xalqının mənəvi haqqıdır.
Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, zəfərlərə imza atan Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına və milli-mənəvi dəyərlərin qorunub-saxlanmasına, təhlükəsizliyin qorunub saxlanılmasına, sülhün, əmin-amanlığın təmin olunmasına xüsusi diqqət yetirdiyi günün reallığıdır. Bu da səbəbsiz deyil və məhz bunun məntiqi nəticəsi olaraq Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi cəhətdən dünyanın nüfuzlu dövlətlərindən birinə çevrilib. Özü də dövlətimiz, məhz Ali Baş Komandanın qətiyyəti, iradəsi, liderlik keyfiyyətləri, ordumuzun rəşadəti və əsası məhz dirçəliş tarixinə təsadüf edən xalqımızın birliyi sayəsində qazanılan qələbə ilə artıq dünyanın qalib dövlətlərindən biri kimi dünyada tanınır və bu ölkənin gücünə, qüdrətinə şübhə edən yoxdur. Müasir dünyamızda inkişaf etmiş çox güclü dövlətlər Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Elə bu səbəbdən də bu gün Azərbaycan gələcəyə ümidlə, inamla baxır və Azərbaycan, sözün əsl mənasında, müstəqil, dünyəvi və inkişaf edən bir ölkədir.
Müəllif: İnam Hacıyev