Prezident İlham Əliyev: “Yaxın vaxtlarda biz hamımız dirçəldilmiş şəhərləri görəcəyik”
Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərləri zamanı vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması işğaldan azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməllərinin qoyulması ilə yanaşı, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. Prezident İlham Əliyev həmişə çıxışlarında “mənim sözüm imzam qədər qüvvətlidir”-deyir. İşğaldan azad olunmuş torpaqlara səfərləri və qısa bir zaman kəsiyində görülən uğurlu işlər və həyata keçirilən layihələr məhz Qalib Liderin sözünün və əməlinin vəhdətinin nümayişidir. Prezident İlham Əliyev bu günə qədər verdiyi bütün vədləri yerinə yetirib. Çünki sözü imzası qədər qüvvətli olan liderdir! Artıq tariximizin qürur doğuran səhifələri yazılır. İndi Şuşa da azaddır, Laçın, Kəlbəcər də, Ağdam da və digər işğal olunmuş rayonlar da. Hazırda işğaldan azad olunmuş torpaqlarımız bərpa olunur, yenidən qurulur, artıq Xarı bülbül boynunu bükməyib. Qarabağın Azərbaycana məxsusluğunu mədəniyyət müstəvisində bəyan edən “Xarıbülbül” festivalı bərpa olunub.
"Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Bütün müharibələrdə olduğu kimi, İkinci Qarabağ müharibəsinin taleyini də strateji bir hədəf həll edirdi ki, bu da Şuşa idi. Məhz buna görə 44 günlük müharibədə çox böyük uzaqgörənlik nümayiş etdirən müzəffər Ali Baş Komandan İlham Əliyev döyüşən ordunun böyük hissəsini Şuşa istiqamətində səfərbər etdi. Şuşa qələbəsindən sonra azğın düşmən ağ bayraq qaldıraraq təslim oldu, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı, hələ azad olunmamış üç rayonla yanaşı, bir neçə kəndimizi boşaltmaq öhdəliyini üzərinə götürdü və Zəngəzur dəhlizinin açılmasına razılıq verməyə məcbur edildi.
Bu yerdə 11 il öncə dövlət başçımızın dediyi sözü - 2010-cu noyabrın 1-də Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılışında çıxışı zamanı Prezidenti İlham Əliyev demişdi ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaq. 2021-ci ilin yanvarın 14-ü həmin vəd yerinə yetirildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli bayrağımızı qaldırdı. Bu gün Azərbaycan ancaq öz gücü hesabına öz torpaqlarını azad etməli idi və bunu etdi. Bunu dövlət başçımızın dediyi kimi: «Biz bu müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik. Düşmən qabağımızda diz çökməyə, kapitulyasiya aktına imza atmağa məcbur olmuşdur... Alçaldıcı kapitulyasiya aktı tarixdə əbədi qalacaq».
Bu gün dəmir yumruğun gücü ilə Qarabağ Azərbaycandır - dirçəliş yolundadır. İlk öncə bu gün işğaldan azad olunan ərazilərin minalardan təmizlənməsi əsas məsələlər sırasındadır. Doğrudur, Ermənistan Ağdam, Füzuli və Zəngilan rayonlarında basdırdığı tank və piyada əleyhinə minaya dair xəritələrini Azərbaycana təhvil verib. Bu, Azərbaycan Prezidentinin həyata keçirdiyi uzaqgörən siyasətinin məntiqi nəticəsi idi. Bu, həm on minlərlə vətəndaşın, o cümlədən, minatəmizləyənlərin həyatının təhlükədən xilası deməkdir.
Bir sözlə, Prezident İlham Əliyev əməli ilə bir daha göstərir ki, bu sözləri heç də söz xatirinə söyləməyib. Prezident kimi Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən Azərbaycan Prezidenti bu gün başladığı işlərlə Qarabağın əvvəlki şöhrətini özünə qaytaracağını dünyaya nümayiş etdirir. Həyata keçirilən bütün proseslər təsdiq edir ki, biz 44 gün ərzində möhtəşəm qələbə qazandığımız kimi, Zəfərin davamı olan quruculuq işlərini də uğurla başa çatdıracağıq.
Hazırda ən böyük rəqibimiz zamandır
Bu gün 44 günlük müharibədə Ali Baş Komandanın rəhbərliyi altında necə uğurlu taktika seçilmişdisə, müharibədən sonra da cənab Prezidentin rəhbərliyi altında bir o qədər uğurlu qayıdış taktikası seçilib. Yeni qurulacaq Qarabağda artıq ağıllı kənd, ağıllı şəhər layihələri gündəmdədir. Cənab Prezident birinci olaraq, infrastrukturların qurulmasından başladı. Yəni, bir növ Qarabağı bütün dünyaya təqdim etmək məsələsi gündəmə gəldi. Artıq qısa müddət ərzində Azərbaycanın böyük bir uğuru olan Füzuli hava limanı istifadəyə verildi. Qarabağın mərkəzində belə bir hava limanının tikilməsi Azərbaycanın hərbi-iqtisadi qüvvəsini göstərir. Artıq Zəngilanda hava limanı tikintisinə başlanıb. Laçın ərazisində də belə bir addım atılacaq. Amma əsas burada infrastrukturun yaradılması idi. Cənab Prezident bu işləri mərhələli şəkildə həyata keçirdi.
“Qarabağ məsələsini həll edəcəyik. Zaman lazımdır, vaxt lazımdır. Azərbaycan torpaqları heç vaxt onun əlindən gedə bilməz. Bizim işğal olunmuş torpaqlarımız mütləq qaytarılacaqdır”, - deyən Ulu Öndər bir gün yurdumuzun düşmən əsarətindən azad olunacağına əmin idi. O, həm də inanırdı ki, memarı olduğu Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi dövründə daha da güclənəcək, beynəlxalq aləmdə mövqeyini möhkəmləndirəcək və qüdrətli ordusu ilə tarixi ədaləti bərpa edəcək.
Bəli, bu gün artıq Prezident İlham Əliyevin rəhbərliyi və qətiyyəti ilə işğaldan azad olunmuş ərazilərin bərpası istiqamətində həyata keçirilən işlər və tədbirlər, atılan addımlar Qarabağın cənnətə çevirilməsinə hədəflənmişdir. Ancaq mənfur düşmən unutmamalıdır ki, necə ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev illərlə işğal siyasətinə son qoymaq üçün qətiyyət, iradə və prinsipiallıq nümayiş etdirdisə, indi də atdığı düşünülmüş və sistematik addımlar Qarabağın qısa zaman kəsiyində dirçəldilməsinə istiqamətlənib. Dövlət başçımızın rəhbərliyi altında bu missiyanın da öhdəsindən gələcəyik, ərazilər minalardan təmizlənəcək və insanlar öz el-obalarına geri dönəcəklər.
Dövlət başçımızın dediyi kimi: «Biz işğaldan azad edilmiş yerlərdə şəhərlər quracağıq, həyatı qaytaracağıq, bütün dağılmış yerləri bərpa edəcəyik». Çünki Qarabağ Azərbaycanındır! Qarabağ Azərbaycandır!
RƏFİQƏ KAMALQIZI