“12 noyabrda İstanbulda Türkdilli Dövlətlərin Əməkdaçlıq Şurasının VIII Zirvə Görüşü keçirildi. Zirvə Görüşü “Rəqəmsal dövrdə yaşıl texnologiyalar və ağıllı şəhərlər” mövzusuna həsr olunmuşdu.” Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin sədri Anar Xəlilov deyib.
Birliyin sədri vurğulayıb ki, ümumiyyətlə götürsək, bütün sahələr üzrə bu Zirvə Görüşünün Türkdilli Dövlətlərin əməkdaşlıq əlaqələrinin möhkəmlənməsində böyük əhəmiyyəti vardır.
“Görüşdə çıxış edən Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vurğuladığı kimi Türkdilli Dövlətlər arasındakı ticarət dövriyyəsi artıq 21 milyard dollar təşkil edir. Bu dövriyyənin gələcəkdə daha yüksək məbləğdə olması üçün maneələrin aradan qaldırılması baxımından da Zirvə Görüşünün böyük əhəmiyyəti vardır. Həmçinin Türkdilli ölkələr arasında nəqliyyat və logistika sahələrində əməkdaşlığın gücləndirilməsi istiqamətində də görüləsi böyük işlər vardır.
Eyni zamanda işğalçı Ermənistanın 10 noyabr anlaşmasının tələblərinə əməl etməyərək Zəngəzur dəhlizini açmaması da Türkdilli ölkələrin nəqliyyat əlaqələrinə böyük ziyan vurduğu da nəzərə alınmalıdır. Məhz bu baxımdan digər Türkdilli Ölkələr də öz siyasətlərində Ermənistana qarşı siyasi təzyiq metodlarından istifadə etməlidirlər. Bu həm də onların iqtisadi maraqları baxınından vacibdir. Türkiyə dövlətinin bu məsələdə prinsipial mövqeyi hesab edirəm ki, digərlərinə nümunə olmalıdır.
Bir çox Türkdilli Ölkələr KTMT daxilində Ermənistanla bir blokda birləşirlər. Məhz bu blok daxilində Ermənistana təzyiq etmək mümkündür. Ermənistan 16 noyabrda sərhəddə törərdiyi təxribatın adekvat cavabını Azərbaycan ordusundan aldığı zaman məhz KTMT yə müraciət edərək həyasızcasına kömək istəmişdir. Burada təmsil olunan Türkdilli Dövlətlər buna seyrçi və sakit durmaqla yox elə öz maraqları naminə olsa da tutarlı cavab verməlidirlər. Yalnız KTMT üzvü olmayan Türkiyə açıq şəkildə siyasi və mənəvi olaraq Azərbaycanın haqlı mövqeyini dəstəkləyir.
Nəzərə alınmalıdır ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsi son bir neçə əsrdə təkcə Azərbaycan üçün yox bütün Türk dünyasının qazandığı möhtəşəm qələbədir. Bu qələbə Türk dünyasının yenidən yüksəlişi və doğuluş rəmzidir. Prezident Ərdoğan da bu fikri öz çıxışı zamanı vurğulayaraq bəyan etmişdir ki, “Azərbaycanın ərazi bütövlüyünün yenidən təmin etməsi türk dünyasının birliyini və bərabərliyini genişləndirmişdir.” O, Xarıbülbülü türk dünyasının Zəfər müjdəçisi adlandırmışdır. Hesab edirəm ki, bu şanlı qələbənim memarı olan Azərbaycanın Prezidenti cənab İlham Əliyev məhz bu Zəfərə görə Ərdoğan tərəfindən Müzəffər Ali Baş Komandan kimi Türk Dünyasının Ali Ordeninə layiq görüldü. Zirvə Görüşündə cənab Prezident Türkiyə və Özbəkistan prezidentlərinə Qarabağda gedən bərpa quruculuq işlərində dəstəyə görə minnətdarlıq edərək bütün Türkdilli Ölkələri əməkdaşlığa dəvət etdi. Ümid edirəm ki, digər Türkdilli dövlətlər də bu Zirvə Görüşündən sonra Qarabağda aparılan quruculuq işlərində yaxından qardaş kimi iştirak edəcəklər. Bu Zirvə Görüşünün bir əhəmiyyəti də elə bu olacaqdlr”, deyə Anar Xəlilov bildirib.
Müəllif: İnam Hacıyev