Prezident İlham Əliyev: “Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu”
2020-ci il 25 noyabr - Kəlbəcərin Azərbaycana qovuşduğu tarixi gündən bir il ötür. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları birgə bəyanatla Müzəffər Ali Baş Komandan İlham Əliyev hərbi sahədəki möhtəşəm uğurlarımızı məharətlə siyasi-diplomatik müstəviyə keçirməyə nail oldu. Və bu tarixi sənəd Azərbaycanın Qələbəsinin təsdiqi olmaqla yanaşı, işğal altında olan digər torpaqlarımızın müharibəsiz, qansız, şəhidsiz geri qaytarılmasını təmin etdi.
Hər gün, hər an Azərbaycan Prezidenti, Ali Baş komandan İlham Əliyev xalqımıza qələbə sorağını verdikcə, Liderimizlə, Güclü Ordumuzla, qəhrəman, igid əsgər və zabitlərimizlə, şəhidlərimizlə, xalqımızla qürur duyurduq və həmişə də qürur duyacağıq. Növbəti qələbə müjdəsi noyabrın 25-də Kəlbəcərimizin işğaldan azad olunması ilə bağlı oldu.
“Bu gün Kəlbəcər rayonu işğaldan azad olundu. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Əziz kəlbəcərlilər, gözünüz aydın olsun! Doğma rayonunuz işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də işğal edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə qovulmuşdur. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur”. Bunu Prezident İlham Əliyev noyabrın 25-də xalqa müraciəti zamanı bildirib. Onu da qeyd edib ki, Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi: “Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”.
“KƏLBƏCƏRİN İŞĞALI O VAXT HAKİMİYYƏTDƏ OLMUŞ XALQ CƏBHƏSİNİN BİRBAŞA MƏSULİYYƏTİDİR”
Prezident İlham Əliyev bütövlükdə torpaqlarımızın işğal altına düşməsində əsas günahkarın Azərbaycan Xalq Cəbhəsi olduğunu deyib: “Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi. Hər bir rayonun işğal altına düşməsi böyük faciə idi. 1992-ci ilin may ayında Şuşa və Laçın rayonlarının işğal altına düşməsindən sonra Kəlbəcərin də işğal altına düşməsi Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi əlaqə yaratdı. Hər kəs yaxşı bilir ki, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistan Respublikası ilə sərhədi yox idi. Ermənistanı Dağlıq Qarabağdan Laçın rayonu ayırırdı, Laçın dəhlizi ayırırdı. Laçın, Şuşa və ondan sonra Kəlbəcər rayonlarının işğal altına düşməsi böyük ərazidə Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratdı və düşmənin məqsədi məhz bundan ibarət idi. Kəlbəcərin işğal altına düşməsindən sonra demək olar ki, Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar vasitəsilə əlaqə yaradıldı və ilk növbədə, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir. Eyni zamanda, Ermənistanın sonrakı işğalçılıq siyasətinə də bu, böyük üstünlüklər təmin etmişdir”.
“İNDİ GƏNC NƏSİL XATIRLAMIR, ANCAQ BİLMƏLİDİRLƏR Kİ, O VAXT AZƏRBAYCANA KİMLƏR RƏHBƏRLİK EDİRDİ, HANSI BİLİK SAHİBLƏRİ, HANSI SƏRİŞTƏ SAHİBLƏRİ”
“Başqa cür ola da bilməzdi. İndi gənc nəsil xatırlamır, ancaq bilməlidirlər ki, o vaxt Azərbaycana kimlər rəhbərlik edirdi, hansı bilik sahibləri, hansı səriştə sahibləri”,- deyən dövlət başçısı bildirib ki, o adamların heç bir təcrübəsi yox idi: “O adamlar - o vaxt rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamlar bir gün belə heç bir idarəyə, heç bir kiçik bir müəssisəyə rəhbərlik etməmişdilər. Onlar ölkəni, xüsusilə böhranlı vəziyyətdə olan ölkəni necə idarə edə bilərdilər? Amma onların vəzifə hərisliyi, tamahı, iştahası, görməmişliyi Azərbaycanı bax, bu vəziyyətə gətirib çıxardı. Baxın, görün, Azərbaycanı o vaxt kimlər idarə edirdi?! Parlamentin sədri kiçik elmi işçi idi, özü də uğursuz bir elmi işçi idi. Dövlət katibi - komsomoldan çıxmış karyerist, özü də sonrakı mərhələdə öz liderinə xəyanət etmiş, onun kürsüsünə, kreslosuna göz dikmiş, onun ölümünə hamıdan çox sevinmiş və ondan sonrakı həyatını, sadəcə olaraq, xarici dairələrin idarəsi altında keçirən bir adam. Onlardan hansı idarəçilik gözləmək olardı? Onlardan hansı vətənpərvərlik gözləmək olardı? Hansı peşəkarlıq gözləmək olardı?»,-deyən Prezident İlham Əliyev bildirib.
“QƏLƏBƏ TƏKCƏ ERMƏNİSTAN ÜZƏRİNDƏ ƏLDƏ EDİLMİŞ QƏLƏBƏ DEYİL, BİZ ERMƏNİ FAŞİZMİNİ MƏHV ETDİK”
Kəlbəcər rayonu füsunkar təbiətə, zəngin mədəni irsə malik olduğunu deyən Prezident İlham Əliyev bildirib ki, qələbə təkcə Ermənistan üzərində əldə edilmiş qələbə deyil, biz erməni faşizmini də məhv etdik: “Bizim bir neçə böyük çayımızın mənbəyi Kəlbəcər rayonundadır. Onların arasında ən böyüyü Tərtər çayıdır, uzunluğu 200 kilometrdir. Bazarçay, Xaçınçay. Onların uzunluğu təqribən 200 kilometrə yaxındır. Bu çaylar böyük ərazini qidalandırır. Ancaq mənfur düşmən bizi bu imkanlardan məhrum etdi. Çünki Tərtər çayı 1970-ci illərdə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə inşa edilmiş Sərsəng su anbarına axıdılır. Sərsəng su anbarı o vaxt o məqsədlə tikilmişdi ki, Qarabağın Aran zonasında yerləşən 6-7 rayonda suvarma işləri təmin edilsin. O vaxt Sərsəng su anbarı inşa ediləndən sonra heç vaxt suvarılmayan 100 min hektar ərazi artıq suvarılmağa başlamışdır. Ağdam, Goranboy, Yevlax, Bərdə, Tərtər və digər rayonlar oradan qaynaqlanırdı. Mənfur düşmən suyumuzu kəsdi. Yayda suyu kəsirdi, qışda buraxırdı və su basırdı bütün torpaqları. Bax, bizə qarşı ekoloji terror təşkil edilirdi”.
Bəli, hər şeyin vaxta, zamana ehtiyacı var, deyirlər. Sentyabrın 27-dən başlayan Vətən müharibəsinin də vaxta, zamana ehtiyacı olduğunu çoxlarımız bilirdik. Müzəffər Ordumuz Ali Baş Komandanımızın bircə əmrinə bənd idi. Nəhayət, vaxt gəldi, əmr verildi, 44 gün ərzində 30 illik həsrətə Qələbəmizlə son qoyuldu! Mədəniyyətimizin, mənəviyyatımızın tacı olan Şuşada dalğalandı üçrəngli bayrağımız. Bu gün-sabah Şuşaya çəkilən yeni yolla şuşalılarımız doğma yurdlarına qovuşacaqlar, Murovdağdan ağlaya-ağlaya aşan kəlbəcərlilər, laçınlılar da dönəcəklər cənnət-məkanlarına...
“BİZ KƏLBƏCƏRİ BƏRPA EDƏCƏYİK, HEÇ KİMİN ŞÜBHƏSİ OLMASIN VƏ HƏYAT QAYIDACAQ”
Bu sözləri Prezident İlham Əliyev bir il öncə xalqa müraciətində bildirmişdi. Bəli, həmin tarixi Qələbə günündən bir il ötüb. Xalqımız sözü imzası qədər qüvvətli olan qalib lider, Prezident İlham Əliyevin bu günə qədər verdiyi bütün vədlərin, o cümlədən Qarabağla bağlı vədlərinin də yerinə yetirməsinin şahidi olmaqdadır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva cari ilin avqustun 16-da «Dəmir yumruq» əməliyatı ilə Güclü Ordumuzun qəhrəman əsgər və zabitlərimizin rəşadəti ilə azad etdiyi Kəlbəcər və Laçına səfəri zamanı həm sözü, həm jesti, həm də amiranəliyi ilə gerçəyi çılpaqlığı ilə çatdırdı.
Azərbaycan Prezidenti səfər zamanı bildirdi: «Yolumuz Kəlbəcərədir, işğaldan azad edilmiş Kəlbəcərə. Ömər aşırımından keçərək Kəlbəcərə gedirik. Bu yol son bir neçə ay ərzində genişləndirildi. Çünki bu yol demək olar ki, keçilməz idi. İndi yol boyunca tunellər tikilir. Tunellər tikiləndən sonra gediş-gəliş çox rahat olacaq”.
Həmin günü dövlət başçısı və birinci xanım Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində - Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qeyd edək ki, Göygöl və Kəlbəcər rayonlarını 81 kilometr, 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilən yeni yol birləşdirəcək.
Dövlət başçısı, həmçinin Kəlbəcər Kiçik Su Elektrik Stansiyasında görülən işlərlə də tanış olub. Bildirilib ki, hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Suyu hidroaqreqata ötürən dağıdılmış plastik su borusu 1,3 kilometr məsafədə diametri 1,8 metr olan metal borularla əvəz edilir. Stansiyanın maşın zalı və 110/6 kilovoltluq yarımstansiyasında isə işlər tamamlanıb. Beləliklə, ermənilər tərəfindən dağıdılaraq yandırılan “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tam yenidən tikilir və işlərin qarşıdan gələn aylarda başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 110/35/10 kV-luq “Kəlbəcər” yarımstansiyasının açılışında iştirak ediblər. Kəlbəcər rayonunun Qamışlı kəndi ərazisində müasir avadanlıqlarla təchiz olunaraq inşa edilən yeni yarımstansiyada 80 MVA gücündə yeni transformatorlar quraşdırılıb. Yarımstansiyada 110 kilovoltluq açıq, 35 və 10 kilovoltluq qapalı paylayıcı qurğular yaradılıb. “Kəlbəcər” yarımstansiyası məsafədən idarəolunan SCADA Dispetçer İdarəetmə sisteminə qoşulub və bunun üçün yeni idarəetmə binası tikilib. Burada ən yeni rəqəmsal texnologiyalardan istifadə edilib. Beləliklə, bu yarımstansiya Kəlbəcər rayonunu elektrik enerjisi ilə təchiz edəcək.
Həmçinin, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonun Qorçu kəndinin ərazisində inşa ediləcək Beynəlxalq Laçın Hava Limanının təməl qoyma mərasimində iştirak edib. Laçın Hava Limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportu olacaq. Uçuş-enmə zolağının uzunluğu 3 kilometrə barəbər hava limanında 6 təyyarə dayanacağının inşası nəzərdə tutulur. Bu hava limanı Kəlbəcər rayonu ərazisinə hava nəqliyyatı ilə gediş-gəlişi asanlaşdıracaq.
Bir sözlə, Azərbaycan Prezidenti necə söz vermişdi, elə də gerçəkləşdirdi: “Demişdim ki, azad edilmiş torpaqlarda üç beynəlxalq hava limanı tikiləcək. Artıq Füzulidə və Zəngilanda bu işlərə start verildi. Füzuli Beynəlxalq Hava Limanı bu ilin sonuna, ya da gələn ilin əvvəlinə istismara tam hazır olacaq. Dünya tarixində belə relyefdə bəlkə də ilk dəfə hava limanı tikilir. Çünki bütün hava limanları adətən düzən ərazidə inşa edilmişdir. Burada belə yer olmadığı üçün yeganə yer bura - Laçın rayonunun Ovçu kəndi seçilib. Bu yerin üstünlüyü, eyni zamanda, ondadır ki, Laçın şəhərinə məsafə 30 kilometrdən bir qədər çox, Kəlbəcər şəhərinə məsafə isə 60 kilometrdən bir qədər çoxdur. Eyni zamanda, Şuşa şəhərinə məsafə də 70 kilometrə yaxındır. Yəni, gələcəkdə Şuşaya təyyarə ilə getmək üçün həm Füzuli, həm də Laçın hava limanlarından istifadə etmək mümkün olacaq”.
Şərqi Zəngəzur, Qarabağ bərpa olunur. Laçın Beynəlxalq Hava Limanı tikintisinin çoxları üçün gözlənilməz olduğunu söyləyən dövlət başçısı bəzilərinin bunu möcüzə hesab etdiklərini vurğulayıb. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Bu hava limanını inşa edən Azərbaycan şirkəti olacaq. Bu da çox sevindiricidir.
Prezident onu da bildirib ki, Zəngilan, Laçın, Füzuli hava limanlarının inşa edilməsi və istismara verilməsi bölgənin canlanmasına gətirib çıxaracaq: “Bu hava limanlarından həm yüklər, həm sərnişinlər, daşınacaq, eyni zamanda, hərbi təyinatı da, təbii ki, göz önündədir. Biz daim hazır olmalıyıq, daim öz hərbi gücümüzü artırmalıyıq, hərbi infrastruktur yaratmalıyıq və yaradırıq, o cümlədən hava limanları bizim hərbi məqsədlərimizə də xidmət edəcək”.
Bəli, Prezident İlham Əliyevin bu günə qədər verdiyi bütün vədlər artıq reallığa çevrilib. Ulu Öndər Heydər Əliyev: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm»,-vəsiyyətini reallaşdıran Prezident İlham Əliyev: «Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası, ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm»,-deyərək son 18 illik Prezidentlik fəaliyyətinin nəticəsidir ki, son 30 il ərzində həsrətində olduğumuz Qarabağ Azərbaycandır!ımıza, haqq və şərəf işimiz olan, Azərbaycan Respublikamızın suverenliyi və ərazi bütövlüyümüzə və nəhayət Qələbə Zəfərimizə nail olduq!
Bəli, 44 gün davam edən Vətən Müharibəsi bir daha Ermənistanın məğlub ölkə olduğunu göstərdi. Bu, həmişə belə olub və bugünkü müharibə bir daha dünyaya nümayiş etdirdi. Dövlət başçımızın dediyi kimi: «Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!»
Diaspor.info
Miraslan Miriyev