Ölkəmizdə sağlamlıq imkanları məhdud şəxslərə dövlət qayğısı 2006-cı ilin 1 yanvar tarixindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda xüsusi ifadə olunub. Əhalinin pensiya təminatında yeni sistemin tətbiqini nəzərdə tutan bu qanunda əlilliyə görə əmək pensiyası növü xüsusilə fərqləndirilib, sağlamlıq imkanları məhdud şəxslərin sosial müdafiəsi ilə bağlı mühüm müddəalar əks olunubdur. Bu müddəalar, ilk növbədə əlilliyə görə əmək pensiyasının təyin edilməsi şərtləri ilə bağlıdır. Əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur.
Sağlamlıq imkanları məhdudluğuna görə əmək pensiyalarının iki növü vardır. Bunlar ümumi əsaslarla əlilliyə görə və hərbi qulluqçular üçün əlilliyə görə əmək pensiyalarıdır. Hərbi qulluqçular (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) sırasından olan əlillər müharibə əlilləri və hərbi qulluqçular sırasından digər əlillər kateqoriyalarına bölünürlər. Müharibə əlilləri əlillik hərbi xidmət vəzifələrini yerinə yetirərkən alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı xəstəlik nəticəsində yaranır. Hərbi qulluqçular sırasından digər əlillər isə əlillik hərbi xidmət vəzifələrini yerinə yetirməklə bağlı olmayan bədbəxt hadisə nəticəsində alınmış xəsarət (yaralanma, travma, kontuziya), yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı olmayan xəstəlik nəticəsində üz verdikdə yaranır. Qeyd edək ki, müddətli həqiqi hərbi xidmətdə olan şəxslərin əlilliyi həqiqi hərbi və ya alternativ xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya, zədələnmə nəticəsində, yaxud cəbhədə olmaqla və ya döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunun yerinə yetirilməsi ilə bağlı xəstəlik nəticəsində üz verərsə, onlar müharibə ilə əlaqədar əlilliyi olan şəxs hesab edilirlər.
Əlilliyə görə əmək pensiyası I qrup sağlamlıq imkanları məhdud şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. II və III qrup sağlamlıq imkanları məhdud şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, qeyd onunan sığorta stajı olduqda təyin edilir.
Hərbi qulluqçulara, o cümlədən müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından I qrup müharibə əlili olan şəxslərə (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular və digər müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) əlilliyə görə əmək pensiyaları xidmət müddətindən asılı olmayaraq, əlillik hərbi qulluqçuların xidmət etdiyi dövrdə və ya xidmətdən buraxıldıqdan sonra, lakin xidmət dövründə alınmış xəstəlik və yaxud xəsarət (yaralanma, travma, kontuziya) nəticəsində üz verdikdə təyin edilir.
Qeyd edək ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 42-ci maddəsinin 3-cü hissəsinə əsasən on beş yaşına çatmış hər bir şəxs işçi kimi əmək müqaviləsinin tərəfi ola bilər. Qanunvericiliklə müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmiş şəxslə əmək müqaviləsi bağlana bilməz. Buna görə də əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı şəxsin 15 yaşından hesablanır.
Muxtar respublikada əlil pensiyaçılara hər zaman xüsusi diqqət və qayğı göstərilir. Əlillərin pensiyalarının vaxtlı-vaxtında ödənilməsi ilə yanaşı, pensiyalarını rahat əldə etməsinə də hər cür şərait yaradılıb.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun mətbuat xidməti