“Erməni daşnak qüvvələri üzərində əldə etdiyimiz qələbədən bir il ötür. Bu bir ilə qədər xalqımız nələr çəkib məlumdur. Bir milyon insanımız qaçqın və köçkün həyatı yaşamağa məcbur edildi. Tarixi Azərbaycan torpaqları olan Qarabağ torpaqları, o cümlədən Şərqi Zəngəzur torpaqları düşmən tərəfindən işğal edildi. İnsanların məhv edildiyi kimi insanların min illər boyu yaratdıqları yandırıldı, məhv edildi. Əmlakları müsadirə olundu, evləri dağıdıldı, çayların məcraları dəyişildi, meşələr məhv edildi. Dünyanın heç bir dini dəyərinə qarşı heç bir xalqın etmədiyini, edə bilmədiyini ermənilər islam dininə qarşı, müsəlman əhalisinə qarşı törətdilər. Az qalsın ki, bizi dünyada köçəri, vəhşi heç bir mədəniyyəti olmayan xalq kimi barbar düşüncəli əhali kimi təqdim etməyə çalışdılar”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Anar İsgəndərov deyib.
Onun sözlərinə görə, ermənilərə havadarlıq edən bir çox dövlətlər də bilə-bilə ermənilərin bu böhtanlarını qəbul etdilər: “Amma Ümummilli Lider Heydər Əliyev tərəfindən torpaqların azad edilməsi üçün mücadilənin bünövrəsi qoyuldu. Bu istiqamətdə uğurlu işlər davam etdirildi. Düşməni bu torpaqlardan azad etmək üçün güclü silaha və iqtisadiyyata ehtiyac var idi. Əsrin müqaviləsi imzalanmaqla dövlət başçısı əslində bir çox məsələləri həll etdi. Qonşu dövlətlərlə balanslaşdırılmış siyasət həyata keçirdi, eyni zamanda nüfuzlu təşkilatların gücündən istifadə edərək Azərbaycan həqiqətlərini yaydı, Ermənistanın işğalçı bir dövlət olduğunu dünya dövlətlərinin nəzərinə çatdırdı. Haqqı müdafiə etmək üçün təbii ki, nə mümkündürsə, onu da etdi. Azərbaycan ilə Türkiyə arasında bir millət iki dövlət formulu legitimləşdirildi və Azərbaycan ilə türk dünyası arasındakı münasibətlər səmimiləşdirildi. Daha sonra cənab Prezident İlham Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanda güclü ordu yaradıldı, Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırdı. Azərbaycan bir daha dünyaya bəyan etdi ki, əgər, BMT-nin Təhlükəsizlik Şurası öz 4 qətnaməsini həyata keçirmək fikrində deyilsə, o zaman bunu Azərbaycan xalqı edəcək. Nəticə etibarilə Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad etdi və hal-hazırda da işğaldan azad olunmuş torpaqlarımızda Azərbaycan Respublikasının üçrəngli bayrağı dalğalanmaqdadır”.
Deputat sözlərinə davam edərək həmçinin qeyd edib ki, bu müharibənin qəhrəmanı Azərbaycan xalqıdır, Azərbaycan əsgəridir və təbii ki, Ali Baş Komandandır: “Bu gün Azərbaycan dövləti öz xalqını, əsgər və zabitini mümkün olan dövlət imtiyazları ilə təmin etmişdir. Əminəm ki, bu qələbə Zəfəri bütün xalqımızın Zəfəridir. Azərbaycanın haqqını müdafiə edən dövlətlər bilirdilər ki, Azərbaycanın apardığı müharibə ədalətli müharibədir. Bu mənada da keçən ilin bu günü Zəfər paradımız oldu. Zəfər paradında təbii ki, yenə də yanımızda qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan var idi. Hər iki dövlət başçısı bu paradda öz tarixi çıxışlarını etdilər. Onlar bir daha dünyaya bəyan etdilər ki, haqq üçün, ədalət üçün bu iki dövlət həmişə mübarizə etməyə hazırdır. Bu baxımdan bir il bundan əvvəl baş tutmuş Zəfər paradı və bu paradın nəticələri bu gün uğurla davam etdirilir”.
Arzu Qurbanzadə