“Soçi görüşündə Soçi bəyanatı imzalanıb. Orada Azərbaycanın qalib tərəf kimi diktə etdiyi şərtlər sərhədlərin delimitasiya və demarkasiya prosesi, eyni zamanda Zəngəzur dəhlizi ilə bağlı konkret müddəalar öz əksini tapıb”. Bu sözləri Diaspor info-ya açılamasında politoloq Tural İsmayılov bildirib.
Onun sözlərinə görə, bizim tələb etdiyimiz sərhədlərin delimitasiya və demarkasiya prosesi və dəhlizin açılması məsələsində Rusiya prezidenti Vladimir Putin də öz mövqeyini ortaya qoyub: “Soçi görüşü bu yaxınlarda keçirildiyi və bəyanat imzalandığına görə Brüssel görüşündə hansısa yeni bir bəyanat imzalanacağını düşünmürəm ola bilsin ki, müəyyən humanitar məsələrlə bağlı hansısa razılıqlar olsun. Brüssel görüşü o zaman effektiv olar ki, Ermənistan minalanmış ərazilərin xəritələrini təqdim etsin. Lakin Haaqa şəhərində Beynəlxalq Ədalət Məhkəməsinin keçirilməsindən iki gün əvvəl Ermənistan öz üzərindən tənqidləri və diqqəti yayındırmaq üçün mina xəritələrini Azərbaycana verdi. Amma hal-hazırda da həmin mina xəritələrinin böyük bir hissəsinin saxta olması məsələsi ortaya çıxdı. Ona görə də Brüssel görüşünün mahiyyəti Ermənistana təzyiq üzərində qurulmalıdır. Bu konteksdə minalanmış ərazilərin xəritələrinin saxta olması məsələsində Avropa İttifaqı və Qərb qurumları öz kəskin mövqeyini ortaya qoymalıdır”.
Politoloq sözlərinə davam edərək bildirib ki, eyni zamanda düşünürəm ki, gələcəkdə Cənubi Qafqaz regionunda sülhün bərqərar olması iki ölkə arsında münasibətlərin normallaşması ilə bağlı Avropa İttifaqı Şurasının nələr edə biləcəyi məsələsi Brüssel görüşünün əsas müzakirə məsələlərindən biri olacaq: “Bütövlükdə isə Brüssel görüşünün effektiv olmağı işğalçı tərəfə Avropa İttifaqı Şurasının konkret mövqeyini çatdırmaqla xarakterizə oluna bilər ki, əgər Avropa İttifaqı Şurası Ermənistana qarşı sərt təzyiq ritorikasından istifadə etməsə bütövlükdə Brüssel görüşü çox effektsiz qalacaq. Bu ümumilikdə Şərq Tərəfdaşlığı sammiti nəznində keçirilən bütün görüşlərin mənzərəsinə neqativ aura qatacaq”.
Səbinə Hüseynli