"Azərbaycan Respublikasının Ali Baş Komandanı, cənab Prezident İlham Əliyev müasir Azərbaycanın qurucusudur. Ümummilli Lider Heydər Əliyevdən sonra prezident seçilən cənab İlham Əliyev Azərbaycan bayrağını daha da ucalara yüksəldib". Bu sözləri Diaspor info-ya açıqlamasında Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç deyib.
Onun sözlərinə görə, cənab Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyev kimi Türkiyə ilə münasibətlərə çox böyük önəm verir: "Bu baxımdan da Ulu Öndərin hakimiyyətdə olduğu bir dövrdə fəaliyyətə başlayan Bakı-Tbilisi-Ceyhan boru xəttinin açılışı 2006-cı ildə gerçəkləşdirilib. Daha sonra Prezident İlham Əliyev Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsini gerçəkləşdirib. Bundan əlavə cənab Prezident İlham Əliyev Türkiyə ilə hərbi əlaqələrə çox önəm verir. Türkiyənin hərbi sahədə öyrəndiyi təcrübələrin Azərbaycan Ordusuna aşılamasına səbəb olub. Türkiyə Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişaf etdirməsi üçün əlindən gələni edir.
Bu gün Türkiyə-Azərbaycan münasibətləri zirvədədir. Bu prosesdə cənab Prezidentin rolu çox böyükdür. Cənab Prezidentin öncəliklə ölkədə iqtisadi inkişafa, gücə böyük önəm verir. Bildiyimiz kimi neftdən gələn gəlirin bir qismi orduya, bir qismi isə bir milyondan çox qaçqın və məcburi köçkünlərin rifahına, digər bir qismi yol-infrastruktur layihələrinə xərclənir. Cənab İlham Əliyevin prezident seçilən zaman beynəlxalq imici çox artıb. Bu gün Azərbaycan millətlərarası beynəlxalq toplantı mərkəzinə çevrilib".
Hulusi Kılıç fikirlərinə davam edərək həmçinin qeyd edib ki, 2010-cu ildə Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasına müvəqqəti üzv seçilib: "Azərbaycan eyni ildə Qoşulmama Hərakatına üzv olmuş və 9 ildən sonra bu Hərəkatın sədri seçilmişdir. Bu çox böyük bir uğurdur. Bütün bunlarla yanaşı cənab Prezidentin hərbi sahədə də böyük uğurları var. Bildiyimiz kimi Ali Baş Komandanın rəhbərliyi altında 27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsi dövründəki Ali Rəhbərliyini bütün dünyaya nümayiş etdirdi. Həm müharibədəki taktika, həm qonşu dövlətlərlə etdiyi əməkdaşlıq, həm də beynəlxalq mətbuata verdiyi açıqlamalarla cənab Prezident həm siyasi, həm beynəlxalq gücünü ortaya qoydu. 44 günlük Vətən müharibəsində Zəfər çaldıqdan sonra 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyannamədə cənab Prezident bütün hədəflərinə nail oldu. Düşünürəm ki, cənab Prezidentin bundan sonra da həm bölgənin, həm də türk dünyasının inkişafına böyük dəstəyi olacaq. Bu münasibət ilə də cənab Prezident İlham Əliyevin qarşıdan gələn ad gününü təbrik edirəm".
Arzu Qurbanzadə