Nekroloq
Əhməd Məmməd oğlu İsayev
Azərbaycan Respublikasının Əməkdar jurnalisti, tanınmış yazıçı-publisist Əhməd İsayev dekabrın 26-da dünyasını dəyişib.
Əhməd Məmməd oğlu İsayev 30 avqust 1940-cı ildə Zaqatala rayonunun Suvagil kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra əmək fəaliyyətinə başlayıb, kənd klubunda müdir işləyib. 1959–1965-ci illərdə Azərbaycan Dövlət Universitetində ali təhsil alıb. 1963-cü ildən “Kommunist” (indiki Xalq qəzeti”) qəzeti redaksiyasında işə başlayıb, ədəbi işçi, şöbə müdiri vəzifələrində çalışıb. 1970–1990-cı illərdə bu qəzetin Gəncə–Qazax bölgəsi üzrə xüsusi müxbiri işləyib. 1990–1991-ci illərdə “Respublika” qəzetinin təşkilatçısı və ilk baş redaktoru olub. Sonrakı illərdə “Həyat” və “Səhər” qəzetlərində fəaliyyət göstərib. 1995-ci ildən son dövrədək “Azərbaycan” qəzetini Gəncəbasarda bölgə müxbiri kimi təmsil edib.
Yaradıcı həyatını bütünlüklə jurnalistikaya və ədəbi fəaliyyətə həsr etmiş Əhməd İsayev 1957-ci ildən mətbuatda ilk yazıları ilə çıxış etdib, qələmi püxtələşdikcə bədi-sənədli publisistikaya, tarixi mövzularda tədqiqata üstünlük verib. 2 minədək qəzet və jurnal məqaləsinin, 30-dan artıq kitabın müəllifidir. “Yeniliyin sorağında” adlı ilk kitabı 1967-ci ildə işıq üzü görüb. “Biz yanmasaq”, “Sevgi saxladı bizi”, “Üsyan”, “Gəncədən ucalan yol”, “Səni kim unudar?”, “İlisu Sultanı Daniyal bəy” kimi kitabları Əhməd İsayevi yetkin publisist və tədqiqatçı kimi tanıdıb. “Gəncə və gəncəlilər” tarixi-sənədli əsəri isə müəllifə geniş populyarlıq qazandırıb, müxtəlif illərdə 4 dəfə nəşr olunub.
İstedadlı və məhsuldar qələm sahibi olan Əhməd İsayev 1964-cü ildən Azərbaycan Jurnalistlər İttifaqının, 1992-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Onun ssenarisi ilə 1985-ci ildə Sankt-Peterburqda “Cəbhədən məktublar” sənədli filmi çəkilib. Yazıçının “Boş barılar” pyesi 1988-ci ildə Gəncə Dövlət Dram Teatrında tamaşaya qoyulub.
Əhməd İsayev dəfələrlə yaradıcılıq müsabiqələrinin qalibi olub. 1986-cı ildə keşmiş SSRİ-nin Jurnalistlər İttifaqı onu “İlin ən yaxşı jurnalisti” elan edib. Moskvada çıxan “Jurnalist” jurnalının 3 dəfə xüsusi diplomunu alıb. Nufuzlu “Qızıl qələm”, “Həsən bəy Zərdabi”, Ustad jurnalist”, “Araz” mükafatlarına layiq görülüb. Tanınmış tədqiqatçı jurnalistə Azərbaycan Kənd Təsərrüftı Akademiyasının fəxri doktoru adı verilib.
Ölkənin media həyatında daim fəal iştirak etmiş Əhməd İsayev rəsmi nümayəndə heyəti və jurnalist qrupları ilə Türkiyədə, Yunanıstanda, Fransada, Bolqarıstanda, İngiltərədə səfərlərdə olmuşdu. İtaliyada “Unita” qəzetinin festivalında və Misirdə beynəlxalq media təlimində Azərbaycanı təmsil etmişdi. Nüfuzlu ziyalı Əhməd İsayev uzun illərdən bəri “Gəncə və gəncəlilər” Xeyriyyə Cəmiyyətinə rəhbərlik etmişdi.
Respublikamızda “Əməkdar jurnalist” adına layiq görülmüş ilk qələm sahiblərindən biri Əhməd İsayev idi. O, “Rəşadətli əməyə görə” və “Tərəqqi” medalı ilə də təltif edilmişdi. 2006-cı ildən Prezidentin fərdi təqaüdçüsi idi.
Azərbaycan jurnalistikasının adlı-sanlı yetirmələrindən bir və zəngin yaradıcılıq irsi olan Əhməd İsyevin nurlu xatirəsi daim onu tanıyan çoxsaylı insanların qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin!
Azərbaycan Mətbuat Şurası