"Ermənistanın dövlət və siyasi elitasından son günlər üzərində düşünüb nəticə çıxarılmalı olan diqqətçəkici bəyanatlar eşidilir". Diaspor info-nun verdiyi məlumata görə, bunu "Bakı-Xəbər" Media Qrupunun rəhbəri, politoloq Aydın Quliyev öz Facebook səhifəsində yazıb.
A.Quliyev daha sonra yazır: "Təbii ki, dedikləri mütləq deyil və nə vaxtsa yenidən bunların əksi deyilə bilər. Faktlara baxaq.
Birinci, Paşinyan deyir ki, Azərbaycanın rayonları əslində 2016-cı il müharibəsindən sonra qaytarılmışdı, ATƏT mesaj vermişdi ki, rayonlar şərtsiz qaytarılandan sonra Qarabağın statusu ilə BMT məşğul olmalıdır. Paşinyan əlavə edir ki, BMT isə Azərbaycanın ərazi bütövlüyündə israr edir. Baş nazir nəticə çıxarır ki, "Qarabağ Azərbaycanın tərkibində ola bilməz" artıq real deyil. Baş nazir burada tək Qarabağın status məsələsindən yox, həm də MQ çərçivəsində müzakirə variantından da geri çəkilən kimi görünür. Bu hakimiyyətin mövqeyidir.
Keçmiş prezident Köçəryanın, yəni müxalifətin də mövqeyinə baxaq. Deyib ki, 10 noyabr sənədini pozmayacağıq, Hadrut və Şuşanı qaytarmaqla keçmiş DQMV sərhədlərini bərpa edəcəyik. Göründüyü kimi, status söhbəti edilmir. Ümumi nəticə çıxarmaq olar ki, hakimiyyət status məsələsini BMT-nin qabağına atmaq kimi perspektivsiz variantı qabardır, müxalifət isə ümumən onu kənara qoyur.
Demək, hesab etmək olar ki, əvvəla, Prezident Əliyevin "heç bir status olmayacaq" bəyanatının reallaşma şansları möhkəmlənir. İkinci, Əliyev sərrast taktika seçərək Şuşa və Hadrutu keçmiş DQMV hüdudlarından çıxardı, Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdı, bununla da keçmiş DQMV hüdudlarında hər hansı ərazi statusu məsələsinin perspektivini qapatdı. Bax buna görə, Köçəryan qəzəblənir və başa düşür ki, keçmiş DQMV sərhədləri bərpa olunmasa hər hansı status mümkünsüzdür, bu sərhədlərin bərpası üçünsə Şuşa və Hadrut geri qaytarılmalıdır ki, bu da mümkün deyil.
Ermənistan elitası təkcə Qarabağa status məsələsindən yorulmayıb. Türkiyəyə qarşı iddialardan da beziblər. Köçəryan deyir - Qarabağ əlimizdən çıxıb, Azərbaycanın ərazi bütövlüyünü tanımağa doğru gedirik, Türkiyə ilə şərtsiz normallaşmaya gedirik, yəni "genosid" iddiasını kənara qoyuruq.
Bölgəmizin yeni böyük reallıqlarını belə də ifadə etmək olar..."