“Tarix boyu təkcə Azərbaycanda yaşayan azərbaycanlılar deyil, bütün dünyada yaşayan azərbaycanlılar heç vaxt bu günki gədər həmrəy olmayıb. Bu cür həmrəy olmağın təməli ötən əsrdə məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur”. Bu sözləri SİA-ya açıqlamasında deputat Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, 1991-ci il dekabrın 16-da Heydər Əliyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin iclasında dekabrın 31-nin dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunması barədə qərar qəbul edildi; “Naxçıvan Muxtar Respublikasının Ali Məclisi bununla əlaqədar qanunvericilik aktının qəbul edilməsi ilə bağlı Azərbaycan Respublikası Ali Sovetinə müraciət etmiş və dekabrın 25-də Ali Sovetin Milli Şurası bu müraciəti müsbət qarşılayaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının həmrəyliyi günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Ulu Öndər Heydər Əliyev dünyada yaşayan azərbaycanlıların həmrəy olması və təşkilatlanması məsələsini daim öz diqqətində saxlayırdı. Ümummilli liderimiz xarici dövlətlərə rəsmi səfəri zamanı hər zaman bu ölkədə yaşayan azərbaycanlılarla görüşər, onların qayğıları və problemləri ilə maraqlanar, diaspor təşkilatlarının yaradılmasında öz dəyərli məsləhətlərini verərdi”.
Deputat sözlərinə belə davam edib: “Bu gün dünyanın 70-dən çox ölkəsində 50 milyondan çox azərbaycanlı yaşayır. Dünya azərbaycanlılarının həmrəyliyi gününün bayram edilməsi dünyada yaşayan azərbaycanlılarla, əvvələr Azərbaycanda yaşamış digər millətlərin nümayəndələrini də bir araya gəlməsinə səbəb olmuşdur. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya azərbaycanlılarının birinci Qurultayının keçirilməsi dünyada fəaliyyət göstərən azərbaycanlı icmaların daha mütəşəkkil şəkildə fəaliyyət göstərmələrinə, fəallığın artırılmasına böyük təsir göstərdi. Ulu öndər Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə xaricdə yaşayan azərbaycanlılarımızla əlaqələrin inkişaf etdirilməsi və gücləndirilməsi məqsədilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi ( hazırda Diasporla İş üzrə Dövlət Komitəsi) yaradılmışdır.
Dünya azərbaycanlıları yaşadığı ölkələrin ictimai-siyasi və mədəni həyatında fəal rol oynayır, ölkəmizlə ikitərəfli əlaqələrin genişləndirilməsinə böyük töhfə verirlər. Azərbaycan haqqında əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında və xaricdəki erməni lobbisinin təxribatlarının qarşısının alınmasında xaricdəki soydaşlarımızın böyük əməyi var. Soydaşlarımız yaşadıqları ölkələrdə bizə dost və qardaş dövlətlərin diaspor və lobbi təşkilatları ilə sıx əməkdaşlıq edirlər. Ölkə prezidenti cənab İlham Əliyevin yeritdiyi müdrik xarici siyasət nəticəsində Azərbaycana dost və qardaş dövlətlərin sayı artmaqdadır. Bu dövlətlərin diaspor təşkilatları da Azərbaycanın haqlı mövqeyini hər zaman təbliğ edirlər. Prezident cənab İlham Əliyevin "Dünya Azərbaycanlılarının ikinci Qurultayının keçirilməsi haqqında" 2006-cı il 8 fevral tarixində Sərəncamı imzalandı və həmin ilin mart ayının 16-da keçirilən mötəbər tədbirdə diaspor fəaliyyətinin lobbiçiliyə çevrilməsi barədə qərar qəbul edildi. Prezident cənab İlham Əliyevin 2018-ci il 6 iyul tarixli Fərmanı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu yaradıldı”.
“Son illər, xüsusən Vətən Müharibəsi dövründə xaricdəki Azərbaycan diaspor təşkilatları ölkəmizin haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında çox böyük işlər gördü. Bu işdə azərbaycanıılarla yanaşı xaricdəki Türk diaspor təşkilatları da çox önəmli işlər gördülər. Bütün bu qarşılıqlı fəaliyyət Ulu Öndər Heydər Əliyevin söylədiyi " Bir millət iki dövlət" fikrinin məntiqi davamı idi. Dünya Azərbaycanlılarının birliyi və həmrəyliyi ideyasının əsas istiqamətini Azərbaycan dövlətinə xidmət, onun dilinin, dininin, mədəniyyətinin qorunması təşkil edir”.
Ayşən Vəli
251