“Ukrayna–Azərbaycan münasibətləri daima yüksələn xətlə inkişaf edir. Son 30 ilin, yəni hər iki ölkənin müstəqillik tarixinin bütün mərhələlərinə nəzər salsaq görəcəyik ki, bu münasibətlər həm də universal və çoxşaxəli hesab edilə bilər. Yəni sosial-iqtisadi, hərbi sahədən tutmuş mədəni humanitar sahələrə qədər bütün sferaları əhatə edib”. Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, təsadüfi deyildi ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukraynanı dost ölkə adlandıraraq Taras Şevçenkonun da adını çəkdi, Bakıda Ukrayna Meydanı olduğunu dilə gətirdi: “Hazırda isə iki ölkə arasında münasibətlərin daha da dərinləşməsi və inkişaf etdirilməsi şərtləri formalaşıb və bu hər iki ölkənin maraqları çərçivəsindədir. Əgər bu perspektivlər bir tərəfdən Azərbaycanın yaratdığı yeni reallıqlar və onun böyüyüən iqtiadiyyatı, idxal-ixrac imkanları ilə bağlıdırsa başqa bir tərəfdən dünyada baş verən yeni qlobal çağırışlarla bağlıdır ki, buraya da çoxsaylı iqtisadi-siyasi faktorlar daxildir. Elə iki ölkə arasında imzalanan sənədlərə baxdıqda da bunları aydın görmək olur. Rəsmi səsləndirilən rəqəmlərə baxdıqda iki ölkə arasında ticari dövriyyənin təqribən bir milyard dollar ətrafında olduğu dilə gətirildi. Ancaq potensial bu rəqəmdən dəfələrlə çoxdur. Xüsusilə aqrar və aqrar- sənaye sektorunda, neft və digər enerji daşıyıcıları istiqamətində, ağır sənaye, maşınqayırma və nəqliyyat-tranzit sahəsində belə imkanlar olduqca böyük potensiala malikdir. Buna görə də 2024-cü ilə qədər ticari dövriyyənin daha da artırılması məqsəd kimi müəyyənləşdirilib.
İmzalanan sənədlər qida təhlükəsizliyi, ikitərəfli ticarətdə təcili əməkdaşlıq, aqrar və energetika sahələrini nəzərdə tutur ki, hazırki mərhələdə bu sahələrin hər biri özlüyündə olduqca aktraldır. Post-pandemiya iqtisadiyyatı yeni keyfiyyət və yeni yanaşmalar tələb edir. Bu mənada qida təhlükəsizliyi və aqrar sektorun inkişafı təhlükəsiz ərzaq təminatı baxımından olduqca əhəmiyyətlidir. Ona görə də səfər real iqtisadi münasibətlərdə öz nəticələrinin qısa müddətdə verməklə gələcək üçün daha yaxşı perspektivlər yaradacaq”.
Müəllif: Arzu Qurbanzadə
167