“20 yanvar hadisəsi Azərbaycan xalqının taleyində və tarixində böyük ibrətli tarixə malik olan bir hadisədir”. Bu sözləri Diaspor info-ya verdiyi açıqlamasında millət vəkili, tarix elmləri doktoru, professor Anar İsgəndərov deyib.
“20 yanvara qədər hər bir azərbaycanlının düşüncəsində aşağıdakı fikirlər var idi: "Sovet ordusu mənim ordumdur, SSRİ mənim vətənimdir, Moskva mənim paytaxtımdır".
20 yanvar hadisəsi ilə hər bir azərbaycanlı dərk etdi ki, onun vətəni SSRİ deyil, Sovet ordusu onun ordusu deyil, paytaxtı da Moskva deyil. Onu vətəni Azərbaycandır, onun xalqı Azərbaycan xalqıdır, onun paytaxtı da Bakı şəhəridir. 20 Yanvar, həm də onu başa saldı ki, nə zaman xalq və iqtidar bir ola bilməyəcək, o xalqa azadlıq, müstəqillik yoxdur. Nə zaman xalq və iqtidar birliyi yaranacaq, o zaman xalq öz taleyini özü həll edəcək. 20 Yanvar, Azərbaycan xalqına anlatdı ki, 70 il mövcud olan Sovet dövləti, onun dövləti olmayıb. Sovet imperiyası deyilən bir imperiya olub, o imperiya Azərbaycanın sərvətlərini talan edib. Azərbaycan xalqını dost xalq bilməyib. Onun üçün önəmli olan bu torpağın sərvətidir, nefti, qazı, pambığı, üzümü, meyvəsi, tərəvəzi və yaşıl çayıdır. Bu mənada bu imperiya bu ərazini qoruyur. 20 yanvar həm də Azərbaycan xalqına anlatdı ki, o, yağı düşməni və qonşusu olan Ermənistanla müharibədə və mübarizədə Sovet dövlətinə heç vaxt etibar edə bilməz. Üstəlik dünyada toplaşan erməni lobbisi, erməni miqrantları və bu mənada Azərbaycan xalqı tarixi taleyində müəyyən məsələlərdə uğur qazanmaq istəyirsə, ən azı öz ərazi bütövlüyünü qoruyub saxlamaq istəyirsə o ümidlərini Sovet imperiyasına yox, əvvəlcə özünə, tarixin sonrakı məqamlarında da bu məsələləri türk müsəlman dünyasına etibar etməklə əldə edə bilər.
Doğrudan da 20 Yanvarın ibrətli tarixindən bir xalq olaraq nəticə çıxara bildik və 20 Yanvardan sonra işğal altında olan torpaqlarımızı azad etmək üçün xalq və dövlət birliyinə nail ola bildik, iqtisadiyyatımızı güclü bir iqtisadiyyata çevirə bildik, məsələnin tarixini və hüquqiliyini dünyaya bəyan edə bildik. Ən nəhayət Ali Baş Komandanın dediyi kimi güclü bir orduya nail ola bildik və 44 günlük müharibədə Azərbaycan xalqı, dövləti, əsgəri Qarabağ uğrunda, vətən uğrunda şəhid olan insanların intiqamını aldı. Onların qanı yerdə qalmadı, həm də birmənalı olaraq bir daha anlatdı ki, 20 Yanvardan gələn yol ibrətli, tarixi bir yol idi və bu yoldan da biz bir xalq olaraq nəticə çıxardıq və Azərbaycan hazırda öz ərazi bütövlüyünə nail oldu”.
Müəllif: Rüqəyya Orucova
171