"Prezident İlham Əliyev Gəncəyə səfəri çərçivəsində regionda siyasi gedişata əhəmiyyətli təsir edə biləcək bəyanatlar verdi. Dövlət başçısı qeyd etdi ki, “biz təkcə öz torpağımızı azad etmədik, biz regionu, Cənubi Qafqazı bu vəhşi xislətli qüvvələrdən təmizlədik". Bu sözləri Diaspor info-ya açıqlamasında deputat Bəhruz Məhərrəmov deyib.
Onun sözlərinə görə, üstəlik bu bəyanat 44 günlük müharibə dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumu nəticəsində dağıdılmış və çox saylı dinc insan tələfatının yaşandığı ərazidə bəyan olundu: "Bəyanata qulaq asan həm də vəhşiliyi əyani olaraq bir daha gördü. Hesab edirəm ki, böyük zəfərimizdən sonra Qafqazda söz sahibi kimi hər kəliməsi önəmlə izlənən bir lider olaraq Prezident İlham Əliyevin bu məqamı qabartması informasiya savaşı və hücum diplomatiyasında mühüm həmlə oldu".
Deputat fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Gəncə səfərində diqqət çəkən ən vacib məqamlardan biri də Sarkisyan-Koçaryan cinayətkar cütlüyünün yeni reallıqda ifşası və İrəvanda baş qaldıran faşizm meyllərinə Azərbaycan liderinin qətiyyətli reaksiyası oldu: "Prezident ilham Əliyev bir daha bütün maraqlı dairələrdə əminlik yaratdı ki, Bakı müharibədən sonrakı ötən bir il ərzində daha da güclənib, siyasi, iqtisadi suverenliyi və hərbi gücü istənilən təhdidi aradan qaldırmağa imkan verir. Yəni, necə ki, düşmən diz çökdürülərək işğala son qoyuldu, eləcə də bölgədə erməni faşizminin baş qaldırılmasına da imkan verilməyəcək. Üstəlik, Azərbaycan rəhbəri ata biləcəyi addımı da aşkar ifadə etdi, "Ermənistanın yenə də Azərbaycan üçün potensial təhdidə çevrildiyini görsək, onu yerindəcə məhv edəcəyik. Bunu hər kəs bilməlidir". Sonuncu cümlə isə özlüyündə ayrıca təhlil istəyir, çünki, "hər kəs" ifadəsi özlüyündə kifayət qədər cəsarət tələb edən ünvandır və yalnız ciddi hərbi-siyasi güc sahibi dövlətlər və siyasətçilər bu qəbildən xəbərdarlıqla çıxış edə bilir".
Arzu Qurbanzadə
108