ŞƏKİ ŞƏHƏRİ RESPUBLİKANIN İNKİŞAFINDAN NİYƏ XƏBƏRSİZDİR?
Şəki şəhəri Azərbaycanın ən qədim şəhərlərindəndir, desək yanılmarıq. Bu şəhər təkcə Xan Sarayı ilə hamımızın tanıdığı və sevdiyi bir məkandır. Şəki ipəyi də, həmişə dillər əzbəri olub. Dədə Qorqudda deyildiyi kimi “Torpağı əkə bilmirsənsə qorumağa, Qoruya bilmirsənsə əkməyə dəyməz”. Bu şəhərin qədimiliyinə, yerli və xarici turistləri özünə cəlb etməsinə söz yoxdur. Hamı yaxşı bilir ki, Şimal-Qərb bölgəsinə ən çox səfər edən turistlərin əksəriyyəti də, məhz Şəkiyə təşrif buyurur. Deməli Avropa, Qərb mədəniyyəti görmüş insanlar Şəkiyə daha çox gəlir və bu şəhərdəki qədimiliklə yanaşı müasir inkişafı da, görürlər. Bu gün Şəkidə çəkdiyim və gözlə gördüklərimi nəzərə alaraq, sual edirəm. Sizə kim icazə verir ki, Azərbaycanın inkişafına səriştəsiz fəaliyyətinizlə kölgə salırsınız?
Mən digər həmkarlarım kimi Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubovun mal-mülkündən, varidatı necə əldə etməsindən yazmayacağam. Mən Dövlət başçısının apardığı daxili və xarici siyasətə, öz yarıtmaz fəaliyyətləri ilə kölgə salanlardan yazacağam. Bəli, fikrimcə Şəki şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov təyin olunduğu gündən şəhər günbəgün daha da, natəmiz olmağa başlayıb. Şəhər yollarında traktorun güclə getdiyini görən, şəhərin əksər küçələrində, o cümlədən Şəhidlərin adını daşıyan küçələrdə belə təmizlik qutularının olmadığını görən, bir çox yaşayış məskənlərinə gün ərzində iki saat içməli suyun verildiyinin şahidi olan Avropalı, Azərbaycan haqqında nə düşünməlidir? Çox güman ki, avropalı vəyaxudda, qərbdən olan turist gedib öz ölkəsində deyəcək ki, Azərbaycanın siyasəti yalan üzərində qurulub. Hə, indi gəl avropalı turistə başa sal ki, vallah-billah bu belə deyil, Azərbaycanın heç bir şəhərində içməli su gün ərzində iki saat verilmir, ay balam məgər indi 1990-cı ildir? Amerikalı turistə başa salmaq olarmı ki, sənin kirayədə yaşadığın evin zibilini həftədə bir gün, yalnız cümə axşamı günlərində aparırlar?
Deyəsən zibil atanlar, vəyaxudda bu qərarı verənlər həddən artıq dindardırlar, əks təqdirdə təmizlik işlərini cümə axşamlarına salmazdılar.
Əgər bölgədə yaşamasaydım və mənə kimsə desəydi ki, beş ildən çoxdur ki, Şəki şəhərinin yolları gah sökülür, gah qazılırki, təmir olunsun, daha sonra isə hər şeyi unudurlar, hətta qazılan çalaları da, doldurulmurlar bax buna heç inanmazdım. Ancaq mən bəlkə də, yanılıram, haradasa 6-7 ildir ki, Şəki şəhərinin daxili yolları bərbaddır. Əziz Şəki şəhər rəhbərliyi turistlərə bu kimi biabırçılıqları göstərməklə Dövlət başçısının apardığı siyasətə qarşı çıxmırsınızmı? Bəlkə doğrudan da, bu şəhərin rəhbərliyi necə fəaliyyət göstərdiyinin fərqində deyildir, vəyaxudda fərqindədir, ancaq arxası daha möhkəmdir?!
Şəhərin “Qışlaq” deyilən yaşayış massivində olduq, deyəsən R. Ocaqverdiyev küçəsi idi. Keçmiş Sarabski küçəsi olmalıdır. Əslində hər şeyi fərziyyələrlə yazmaqda oxucuların ürəyinə heç bir şübhə düşməsini heç istəməzdim, səbəb budur ki, şəhər küçələrinin əksəriyyətində tanıtım nişanları yoxdur.
Belə çıxır ki, biz turistlərə göstəririk ki, vətəndaşımızın harada yaşamasını hüquqi ünvanla deyil, loru dildə izahla bilirik. Məsələn: daş məhləsində, dəllək həsəngilin qonşusu. Gülməlidir, deyilmi? 21 –ci əsrdə Şəki şəhər sakinlərinə cəmi iki saat içməli su verilir, yollardakı çalalar dağ kəndini xatırladır, küçələrin çox az faizində nə adı nədə ki, təmizlik qutuları vardır.
Qəribə burasındadır ki, Şəhidin adını daşıyan küçələrdən bəzisinə asfalt çəkilib, ancaq təmizlik qutusu yoxdur və içməli su da, cəmi iki saat verilir. Şəhid Məzahir Abbasov küçəsində bir anayla söhbət etdik. Ana çox razılıq etdi, deyir hər şey əladır, hər şeydən razıyıq, həftədə bir dəfə, dördüncü günü zibilimizi atırlar, buna görə də, çox razıyıq.(yəni atmaya da, bilərlər?!)
Əsas problem odur ki, vətəndaşlar evlərindən çıxan zibili atmaq üçün təmizlik qutusu yoxdur. Sakinlər zibili salafan torbalara doldurur və həyətlərinin qarşısına yığırlar, əlbəttə ki, bu da, bir neçə gündən sonra antisanitariya mənbəyinə çevrilir. Yay aylarında 40 dərəcə istidə həyətin önünə yığılan zibilin hansı şəraitdə olacağını bilmək üçün ayrıca universitet oxumağa ehtiyyac da, yoxdur.
Sadə vətəndaşlarla və təmizlik işçiləri ilə etdiyimiz söhbət zamanı belə bir sual verdim, sizcə niyə şəkinin küçələrinə təmizlik qutusu qoyulmur?
Cavab belə oldu ki, onu Dövlət bilər.
Deməli sadə vətəndaş xırda bir problemi də, düşünür ki, Dövlət həll edir. Bəs sual olunur rayon rəhbərləri nəyə lazımdır?
Belə çıxır ki, Şəki rəhbərliyi dolayısı ilə Dövlətin apardığı daxili və xarici siyasətinə zidd gedir?
Növbəti saylarımızda şəkinin digər problemlərilə bağlı da, araşdırmalarımızın nəticələrini oxuya biləcəksiniz.
Ps: Çəkdiyimiz faktlarla bağlı qarşı tərəfin mövqeyini də, yazmağa hazırıq.
Çəkdiyimiz video-faktları sizə təqdim edirik.
ƏLMANİZ ƏLƏKBƏRLİ
Azərbaycan Yazıçılar Və Jurnalistlər
Birliyinin Üzvü.
974