ZAQATALA ŞƏHİDİ ƏHMƏD PUTİYEVİN YARIMÇIQ QALAN ARZULARI.
44-gün davam edən İkinci Qarabağ müharibəsi, Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatdı. Nəhayət ki, 30 ildən sonra münaqişə öz həllini tapdı. Qarabağı azadlığa qovuşduran isə müqəddəs şəhidlik məqamına yüksələn neçə-neçə cəsur, mərd, qəhrəman oğullar oldu.
Zaqatalanın Şəhid qəhrəmanı Əhməd Putiyev də, sözügedən qəhrəman oğullardandır, o bizim qürur yerimizdir.
Şəhid Əhməd Şamil oğlu Putiyev Zaqatala rayonu Mazıx kəndində böyüyüb, boya-başa çatıb.
Mazıx kəndinə daxil olarkən kəndin girişində şəhidimizin portreti asılıb. Şamil Putiyev evinin qarşısında Şəhid oğlunun adına layiq bulaq kompleksi tikdirib. Bulağın önündəcə Şamil Putiyevlə görüşdük. Saçları uca dağların başındakı qar kimi ağarmış, beli bükülmüş bir ata gördük. Şamil Putiyev sadə kəndlidir, yəni fəhləlik etməklə ailəsinə çörəkpulu qazanır, qısa desək alın təri ilə, halal pul qazanan atalardandır. İki oğul atası olan Şamil kişi övladlarına uzun müddət tək baxmalı olub: “oğlanlarım daha çox atasına bağlı olublar. Əhməd böyük oğlum idi, əvvəlcə anasıyla qalırdı, bir müddət sonra mənim yanıma gətirdilər. Mən onunla həm ata-bala , həm də, dost kimi danışdım. O, çox tərbiyəli uşaq idi, deyirdi ki, mən özümə peşə seçib pul qazanmaq istəyirəm. Mən də, onu doqquzuncu sinifi bitirəndən sonra arzusuna çatdırdım.
Bərbər peşəsinə yiyələnən Əhməd, qısa müddət keçən kimi özünə müştəri yığmağa başladı və müştərilərinin hörmətini qazanmağa başladı. Zaqatala şəhər bazarında bərbər işləyirdi. Əsgər yaşı çatan kimi həqiqi-hərbi xidmətə yollandı. Sumqayıt və Abşeron rayon ərazilərində “N” saylı hərbi hissələrdə xidmət etmişdi. İkinci Qarabağ “Vətən Müharibəsi” başlanan kimi bizə zəng edib dedi ki, mən Gəncəyə gedirəm. Oradan cəbhə bölgəsinə ərzaq və silah-sursat göndərəcəyəm. Sonradan döyüş yoldaşlarından aldığımız məlumatdan bildik ki, bizə yalan deyirmiş, narahat olmayaq deyə cəbhədə döyüşdüyünü gizlədib. Cəbhə yoldaşları bizə gələn vaxtı dedilər ki, əslində Əhməd Putiyev Cəbrayıl və Füzulidə ağır döyüşlərdə vuruşurmuş. Hamı kimi mənim də, oğlumla bağlı arzularım var idi. Əhməd deyirdi ki, ata əsgərliyimi başa vurandan sonra Rusiyaya gedərək, bizneslə məşğul olacağam. Mən ona inanırdım, çünki çox əməksevər idi, işləməkdən yorulmazdı.
Bərbər işlədiyi dövrlərdə də, heç vaxt işini-gücünü atıb avaralanmadı. Həmişə işinin üstündə oldu, bir yerdə qərar tutmağı bacardı. Buna görə də, günü-gündən daha çox qazanmağa başlamışdı.
Əhmədin rayonumuzdan olan döyüş yoldaşları da, var idi. Faldar kəndindən olan döyüş yoldaşı onun haqqında xeyli söhbət edib. Zaqatala rayonu Aşağı Tala kəndindən Rizvan adlı döyüş yoldaşı mənimlə danışana kimi oğlumun kəşviyyatçı olduğunu da, bilməmişəm. O, hərbin sirrlərini göz bəbəyi kimi qoruyurdu.
Müharibə bitdikdən sonra Rizvan, Əhmədin necə qəhrəmanlıqla döyüşməsi barəsində bizə də, xeyli məlumat verdi. Sonuncu döyüşündə iki-üç dəfə təkrar-təkrar şəhid olan dostlarını mərmi yağışının altından xilas edib. Sonuncu dəfə raketlə atılan zərbə nəticəsində özü də, Şəhid olub”.
Şamil Putiyev ikinci dəfə ailə qurduğu üçün onun həyat yoldaşı ilə də, həmsöhbət olduq. Mehriban xanım Əhməd haqqında ağızdolusu danışdı. Onunla heç vaxt problem yaşamadığını, əksinə ondan gözləmədiyi mehribanlığı gördüyünü dedi.
Ümumiyyətlə isə Əhməd çox istiqanlı, vətənpərvər bir övlad olub. Hazırda sərhədçi olan kiçik qardaşı İslam da, mehribanlığı, tərbiyəsi ilə seçilir.
Söhbət zamanı dəfələrlə Şamil kişiyə dayı, vəyaxud, ağsaqqal deyə müraciət edirdik. Nəhayət məlum oldu ki, Şamil Putiyevin 48 yaşı var, yəni məndən də, iki yaş balacaymış. Bəli, Şəhid atası olmaq hər adama nəsib olmur, oğul itirmək və buna dözmək də, asan deyildir. Buna baxmayaraq, Şamil Putiyev Allaha şükr edir, deyir ki, məndən ağır vəziyyətdə olanlar da, vardır.
Əhməd Putiyev kənd qəbirstanlığında dəfn edilib. Doğulduğu evdən bir həyət sağ tərəfə kənd qəbirstanlığıdır. Mehriban xanım və Şamil Putiyevlər demək olar ki, hər gün Əhmədin qəbrini ziyarət edir, orada təmizlik, səliqə-səhman yaradırlar.
Qəhrəman Şəhidimiz Əhməd Putiyevi oxucularımıza yaxından tanıtmaq istəyirik:
Putiyev Əhməd Şamil oğlu 2001-ci il avqustun 12-də Zaqatala rayonunun Mazıx kəndində anadan olub. 2008-2017-ci illərdə Mazıx kənd tam orta məktəbində təhsil alıb.
Əhməd Putiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər, sonuncu xidmət etdiyi yer, Azərbaycan Silahlı Qüvvələrinin Abşeron rayonunda yerləşən “N” saylı hərbi hissəsi olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Əhməd Putiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Əhməd Putiyev oktyabrın 23-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Mazıx kəndində torpağa tapşırılıb, subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Putiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əhməd Putiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Oğlunun yarımçıq qalmış arzularını ürəyində yaşadan, şəhid atası olduğuna görə bu tituldan heç vaxt sui- istifadə etməyən, əlləri qabarlı Şəhid atası ilə tanış olduğumuz üçün böyük fəxarət hissi keçirdik, qürur duyduq. Bax belə, bütün çətinliklərə baxmayaraq, başını dik tut- Şamil ata!, çünki sən Şəhid atasısan.
Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
[/center]
747