ŞƏHİD VİDADİ MƏMMƏDOV CƏSUR DÖYÜŞÇÜ KİMİ ADINI TARİXƏ YAZDIRIB.
İkinci Qarabağ, “Vətən Müharibəsi” başlanan kimi Vidadi Məmmədov da, silaha sarılaraq, vətənin müdafiəsinə qalxmaq üçün səfərbər oldu. Sentyabırın 21- də, işlədiyi tütün zavodundan səfərbərlik idarəsinə gedən Vidadi Məmmədov, hətta, qardaşı Elməddin Məmmədovla belə vidalaşmayıb.
Anası Züleyxa Cəbrayıl qızı Məmmədova kamera arxasında danışa bilmirdi, qəhər basdığı üçün fikrini çatdıra bilmirdi. Odur ki, çay süfrəsi arxasında xeyli söhbətləşdik. Züleyxa ana deyir ki, oğlum ailəni daha çox düşünən bir oğul idi.
O, deyirdi ki, mən öz işimi, şəxsi biznesimi qurub, təxminən 27 yaşında ailə quracağam. Aşpazlığa çox maraq göstərirdi. Döyüşdə, dostlarına kabab da, çəkib. Biznes deyərkən, çox güman ki, restoran biznesini düşünürmüş. Çox ağıllı uşaq idi, hələ 9-cu sinifdə oxuyarkən, tezliklə işləməyə gedərək ailəsinə dəstək olacağını deyirdi. Və belə də, etdi, 9-cu sinifi bitirən kimi əmək fəaliyyətinə başladı.
Vidadi aprel döyüşləri başlayan zaman həqiqi-hərbi xidmətdə idi, odur ki, həmin məşhur döyüşlərin də, iştirakçısı olub.
Züleyxa ana deyir ki, oğlumun sevdiyi qız da, var idi, ancaq ona qismət olmadı.
Qardaşı Elməddin Məmmədov da, Vidadi haqqında kövrələrək danışdı: Biz təkcə dogma qardaş deyildik, biz həm də, dost idik. Bir yerdə dolanardıq, küçəyə, çayxanaya da, birgə gedərdik. O, məndən böyük idi, həmişə məni düşünürdü. Mənimlə bağlı planlarından danışardı, özündən çox mənim yaxşı olmağımı istəyərdi. Hərdən ikilikdə söhbət edən zaman deyərdi ki, bu dünyadan iz qoyub gedəcəyəm, bu həyatdan elə-belə getmək olmaz. Qardaşım dostluğa çox möhkəm adam idi. Döyüş yoldaşı Əliabad qəsəbə sakini, Rəvan Cəfərov da, onun haqqında video-müsahibəsində ətraflı danışıb.
Rəvanın çıxışına baxdıq, o, Vidadi haqqında həqiqətən də, ətraflı danışıb: Vidadi çox tərbiyəli, mehriban bir dost idi, baxmayaraq ki, döyüş yoldaşlarının heç biri köhnə tanışı deyildilər, ancaq o, hamının sevimlisinə çevrilmişdir. Kimin qanı qara idi, Vidadi ona yaxınlaşar, fikirini dağıtmaq üçün özündən nəyisə quraşdıraraq, üzündə təbəssüm yaradardı. Döyüş yoldaşlarına qarşı çox etibarlı idi. Onlar 12 nəfərlik qrupdan ibarət bir dəstə idilər. Minamyot zərbəsi onun yanına düşdü, o yaralı olmasına baxmayaraq, yerindən qalxdı, yenidən hərəkət etmək istəyəndə ikinci artilleriya zərbəsi də, onun yanına düşdü və bu zaman Vidadi artıq şəhid oldu. Onu döyüş meydanından mən çıxardım, çox təəssüf ki, artıq Şəhid olmuşdu.
Aprel döyüşlərində böyük təcrübə qazanan və Vətən müharibəsində Cəsur döyüşçü kimi ad qazanan Vidadi Məmmədovun avtobioqrafiyasını oxucularımıza da, təqdim edirik: Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Vidadi Etibar oğlu Məmmədov 1996-ci il mayın 6-da Zaqatala rayonunun Muxax kəndində anadan olub.
2002-2011-ci illərdə Şəhid A.Bubuşov adına 1 saylı Muxax kənd tam orta məktəbində təhsil alıb. Vidadi Məmmədov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vidadi Məmmədov 2020-ci il sentyabrın 21-dən Vətənin müdafiəsində dayanmışdı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərlə başlanan döyüş yolu sonralar Kəlbəcərə kimi uzandı.
Vidadi Məmmədov oktyabrın 13-də Kəlbəcər uğrunda gedən ağır döyüşlər zamanı şəhid olub . Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb, subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Vidadi Məmmədov, həmçinin, ölümündən sonra " Vətən Müharibəsi iştirakçısı" medalı və 24.06. 2021 "Cəsur döyüşcü" medalı ilə də, təltif edilib.
Bu gün Zaqatala rayon Muxax kəndində böyük küçələrdən birinə Şəhidin adı verilib.
Zaqatala rayon Muxax kəndi Birinci Qarabağ müharibəsində də, ən çox Şəhid verən kəndlərdəndir. Bu kənddə vətənpərvərlik ruhu gənclər arasında yüksək səviyyədədir.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü
754