XÜSUSİ TƏYİNATLI SƏRXAN BAYRAMOV QƏHRƏMANLIQ NÜMUNƏSİDİR.
Aprel döyüşləri Müasir Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan mənfur qonşuları və onların havadarları sayəsində, tarix boyu öz torpaqlarının müəyyən bir hissəsini itirmişdir. 2016-cı il aprel ayında nəhayət ki, rəşadətli Azərbaycan ordusu itirilmiş torpaqlardan bir parçasını geri qaytara bildi. İki əsrə yaxın bir vaxtda belə bir tarix yazılmamışdır. Bu tarix Sərxan Bayramov kimi Azərbaycanın qəhrəman oğullarının canı-qanı ilə yazıldı. Sərxan və silahdaşları bu dəfə itirilmiş torpaqların müdafiəsinə qalxan zaman ölmək üçün deyil, öldürmək üçün getmişdilər. Odur ki, XTQ giziri Sərxan Bayramov və silahdaşları aprel döyüşlərində böyük şücaət göstərərək, müasir şanlı tariximizin ilk səhifələrini yazmağa başladılar.
Müasir Azərbaycanın Şanlı Tarixini yazan Şəhid qardaşımızın ailəsini ziyarət etdik. Atası Oqtay və anası Həlimət Bayramova və nəvələri ilə görüşdük. Ailənin iki oğlu
olub, Harun və Sərxan. Hər ikisi hərb sahəsini seçiblər. Qardaşı Harun SQ-nin baş leytenantı olub, qardaşı Sərxan şəhid olduqdan sonra səhhətində yaranan ciddi problemlərə görə ehtiyyata buraxılıb.
Şəhidimiz Sərxan Bayramov haqqında valideynlərindən öyrənə bildiklərimizi oxucularımıza da, təqdim edirik:”Bayramov Sərxan Oqtay oğlu 12.06.1993-cü ildə Zaqatala şəhərində anadan olub. 2000- 2012-ci illərdə Şəhid Nizami Hüseynov adına iki saylı tam orta məktəbdə təhsil alıb. 08-10-2012-ci ildə həqiqi-hərbi xidmətə yola düşüb. “
Həlimət ana dedi ki, Sərxan elə uşaqlıqdan hərbiyə meyilli idi:”Bir il əsgər kimi xidmət etdikdən sonra əsgərlər arasında xüsusi istedadlı uşaqları seçən zaman, ona da, XTQ olmaq imkanı verilib. Sərxan heç düşünmədən XTQ olmaq üçün razılıq verib. 2014-cü ildən XTQ kurslarına qatılmış və həmin kursları uğurla keçmişdir. Ümumiyyətlə Sərxan çox zəhmətkeş uşaq idi. Onun üçün aşa bilməyəcəyi elə bir çətinlik yox idi. Atasının yanında dəmirçi işləyərək, sənət sahibi də, olmuşdur. Ancaq hərbiyə olan sevgisi onu əsgər olduğu zaman hərb sənətini seçməyə doğru yönəltdi.
Sərxan 2016-cı ildə, “Məşhur Aprel Döyüşlərində”, aprelin 3-də, şəhid olub. Zaqatala şəhər qəbirstanlığında dəfn olunub. Ağır döyüşlər zamanı onların qrupunda yeddi nəfər eyni vaxtda şəhid olublar.”
2016-cı il
aprelin 19-da, “Hərbi Xidmətdə Fərqlənməyə Görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Bu gün Bayramovlar ailəsində iki oğlan usağı böyüyür. Qardaşı Harunun övladlarından biri Sərxanın adını daşıyır. Zaqatala şəhərində Sərxan Bayramovun adını daşıyan küçə də var. Onun haqqında kitablarda “Vətən Mücahidləri”, “Qalibiyyət” 1-2-ci cild, xeyli qəzet və jurnallarda da, məqalələr yazılıb.
Həlimət ananın vaxtsız ağaran saçları, həmişə qara paltar geyinməsinə baxmayaraq, gözlərində fəxarət, qürur hiss etdik.
Bəli, sözün hər mənasında Sərxan kimi oğulla fəxr etməyinə dəyər. Həlimət və Oqtay Bayramovlar yalnız bir sözlə təsəlli tapa bilərlər ki, onların övladları Müasir Azərbaycan Tarixinə öz adını Qızıl hərflərlə yazıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.