ŞƏHİD NATİQ MAHMUDOVUN APREL DÖYÜŞLƏRİNDƏN BAŞLANAN DÖYÜŞ YOLU VƏTƏN MÜHARİBƏSİNDƏ ZƏFƏRLƏ BAŞA ÇATDI.
Müharibələr hər zaman insanlara bədbəxtlik gətirib, ancaq bəzən bu müharibələr, insanlar istəmədən, xəbərsiz gəldiyinə görə ikiqat dəhşətli olur. Birinci Qarabağ savaşı da, xalqımız üçün gözlənilməz oldu, Azərbaycan məcburən bu müharibəyə sürükləndi. Birinci Qarabağ müharibəsi baş verən zaman Şəhid Natiq Mahmudov dünyaya gəlməmişdi. Natiq Ramazan oğlu Mahmudov 1998-ci il fevralın ikisində Zaqatala rayonu Muxax kəndində dünyaya göz açıb. Muxax kənd bir saylı tam orta məktəbin on birinci sinifini bitirib.
Uşaqlıqdan idmanın sərbəst güləş növü ilə məşğul olub. Onun bu idman növündə Respublika səviyyəsində qazandığı titulları saymaqla bitmir. Olimpiya çempionu Rəsul Çunayevlə daimi əlaqə saxlayıb, müxtəlif məsləhətlər alıb. Dağıstana tez-tez getdiyi üçün, dünya şöhrətli idmançı Həbib Nurməhəmmədovla da, görüşmüşdü.
Natiq futbola da, çox maraq göstərirdi. Şəhidimiz Birinci Qarabağ savaşını görməsə də, onun haqqında, itirilmiş torpaqlarımız, əsirlər, Xocalı soyqırımı haqqında çox eşitmişdi. Şəhid Natiq Mahmudovu oxucularımıza daha yaxşı tanıtmaq məqsədi ilə Zaqatala rayon Muxax kəndinə getdik. Yol kənarında şəhidimizin portretinə rast gəldik.
Bəli, gəlib çıxdıq Ramazan kişinin evinə, anası və bacısı da, evdə idi. Anası kövrəlsə də, özündə güc taparaq, danışdı:” Natiq mənim sonbeşiyim idi, çox istiqanlı bir uşaq idi. 2016-cı il aprelin ikisində həqiqi- hərbi xidmətə yola saldıq. Oğlum kişi kimi, alnıaçıq əsgərliyini edib sağsalamat geri döndü. Aprel döyüşlərində də, iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra Dağıstana böyük qardaşının yanına getmişdi. İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlayan kimi Zaqatala rayon səfəbərlik idarəsinə gedərək, könüllü cəbhəyə getmək istədiyini bildirdi. Bir ay gözlədi, elə hər dəfə deyirdilər ki, yer yoxdur, olan kimi səni də, göndərəcəyik. Nəhayət ki, həmin gün də, gəlib çatdı.
Oktyabrın 30-da, xəbər gətirdi ki, artıq cəbhəyə gedirəm. Çox sevincli idi, erməniləri torpaqlarımızdan qovub çıxarılmasında iştirak edəcəyinə çox sevinirdi. Noyabırın 5-7-si arasında Şuşa ətrafında gedən ağır döyüşlərdə yaralanıb. Natiqi əvvəlcə Hadruta, sonra Ağcabədiyə daha sonra isə, Bakı şəhərinə nevrocərrahiyyə deyilən xəstəxanaya aparıblar. Oğlum hardasa əlli iki gün komada qaldı və sonunda Şəhid oldu. “
Atası Ramazan kişi də, oğlu ilə fəxr etdiyini, qürur duyduğunu söyləyərək, onun heyvanlara qarşı xüsusi diqqəti olduğunu dedi:”Dağıstana gedən vaxtı oradan balaca bir it gətirmişdi, çox əzizləyirdi.
Onu böyütmüşdü, müharibədən dönmədiyi üçün, həmin itə özüm baxırdım. Günlərin birində o it, müəmmalı şəkildə yoxa çıxdı.
Natiq uşaq vaxtı böyük qardaşı ilə birgə güləşə gedirdi. Mən də, uşaqlıqda güləşlə məşğul olmuşdum. O, trenajor zallarında da, məşq edərdi. Onu, hətta, bakıya da, məşqçi kimi dəvət etmişdilər, ancaq Natiq razılaşmamışdı. Bizə bu gün onunla fəxr etmək, qürur duymaqdan başqa bir şey qalmır.”
Natiq Ramazan oğlu Mahmudov ölümündən sonra “Xocavəndin azad olunmasına” görə (24-06-2021), “Vətən Uğrunda”” (24-06-2021) və “Cəbrayılın azad olunmasına “ görə medalları ilə təltif olunub.
Bəli, Aprel döyüşlərindən başlanan döyüş yolu, Zəfərlə başa çatan, “Vətən Müharibəsi” ilə yekunlaşdı. Düzdür vətən torpaqları erməni işğalçılarından azad olundu, ancaq Natiq Mahmudov və digər xalq qəhrəmanlarına həmin torpaqlarda gəzmək qismət olmadı.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
545