ŞƏHİD MÜTƏLLİB ARİF OĞLU SEROV İGİDLİK NÜMUNƏSİ KİMİ ADINI TARİXƏ QIZIL HƏRFLƏRLƏ YAZDIRIB.
Zaqatala rayonu Zilban kəndi ərazi baxımından şəhər ərazisinə ən yaxın kəndlərdən sayılır.
Mütəllib Arif oğlu Serovun qəhrəmanlığı haqqında çox eşitmişdik. Onun valideynləri ilə görüşmək üçün şəhidimizin doğulub boya-başa çatdığı evə getdik. Mərziyyə ana bizi qapıda qarşılayıb, içəri dəvət etdi. Evə daxil olana kimi sadə kəndli ailəsi gözlərimiz önündə canlandı. Mərziyyə xanım da, həyat yoldaşı Arif Serov da, övladlarını əllərinin qabarı ilə, alın təri ilə, necə deyərlər halal zəhmətlə qazanıb saxlayıblar.
Evdə tək idi, dedi ki, Arif kişi də, işdədir, oğlu Rəsul da, işə gedib. Mərziyyə anayla söhbət edərkən onların bütün həyatı gözüm önündən bir film kimi keçdi. Kasıb komasında belə bir qeyrətli, qorxmaz, cəsur oğul böyütmək hər ananya qismət olmur. Mərziyyə ana çox səmimi idi, yəni necə vardırsa, elə də, görsənirdi. Çalışırdı ki, gözlərindəki kədəri bizdən gizlətsin, ancaq üzü nə qədər gülürdüsə, ürəyinin ağladığını görürdük. Mütəllib kimi qəhrəman oğul itirən ananın beli bükülsə də, çalışırdı başını dik saxlasın. Ana oğlu haqqında bizə də, ağızdolusu danışdı:” oğlumun döyüş yoldaşları bizə gəlmişdilər, onlar dedilər ki, Mütəllib minamyotçu idi.
XTQ-ə marağı olduğu üçün oraya daha çox can atırdı. Və sonunda ona da, nail oldu. Sonuncu döyüşləri isə Füzulidə olub, snayperlə ürəyindən vurulduğu üçün, danışa, son sözünü deyə bilməyib. Sonuncu dəfə mənimlə oktyabırın birində danışdıq, qardaşı ilə isə oktyabırın yeddisində danışmışdı. Məni həmişə telefonla danışanda aldadırdı, deyirdi ki, hər şey əladı, məndən nigaran olma. Qardaşına demişdi ki, bir neçə rayonu işğaldan azad etmişik, sadəcə ətraflı deyə bilmərəm.
Əvvəllər mənimlə danışanda tez-tez deyərdi ki, ana mən əsgər gedəndə şəhid olaramsa sən neyniyəcəksən? Deyirdim ay oğul elə danışma, sanki ürəyinə dammışdı ki, əsgər gedəndən sonra müharibə başlayacaq.
Həmişə məni düşünürdü, sonuncu danışığında da, qardaşına deyib ki, anam-atama yaxşı baxarsan. Ümumiyyətlə çox istiqanlı, ailəcanlı idi. Çalışırdı ki, ana-atası daha yaxşı yaşasın. Subay idi, evlənmək fikiri də, yox idi. Hələlik işləmək istəyirdi. Qismət olmadı, ancaq mən onunla qürur duyuram, onun aldığı medallara baxanda fəxr edirəm. Fəxr edirəm ki, belə qəhrəman oğul böyütmüşəm”
Serov Mütəllib Arif oğlu haqqında qıssa məlumat vermək istəyirik ki, oxucularımız da, qəhrəmanımızı yaxından tanısın: Mütəllib Arif oğlu Serov 2000-ci il iyunun 9-da Zaqatala rayonunun Zilban kəndində anadan olub.
2007-2018-ci illərdə 5 saylı Zaqatala şəhər natamam orta məktəbində təhsil alıb. Daha sonra Zaqatala peşə məktəbində təhsilini davam etdirib.
44 günlük “Vətən” müharibəsində misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Mütəllib Serovdur.
2019-cu il oktyabırın birində müddətli həqiqi hərbi xidmətə çağırılan Mütəllib Serov Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət göstərib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mütəllib Serov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
Mütəllib Serov oktyabrın 09-da Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən snayperdən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub. Zaqatala rayonunun Car kəndində torpağa tapşırılıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mütəllib Serov ölümündən sonra bir sıra medallarla təltif edilib.
1.“Cəsur döyüşçü” medalı;
2."Füzulinin azad edilməsinə görə"
3. “Şücaətə görə” medalı.
4.Vətən Uğrunda medalı
5. 3-cü dərəcəli “Rəşadət “ ordeni ilə təltif edilib.
Bəli, Mütəllibin aldığı orden medallara da, baxıram, dönüb onun böyüdüyü kasıb komasına da, baxıram. Həqiqətən də, Azərbaycanın qəhrəman oğulları məhz belə sadə ailələrin övladları olurlar. Mütəllib Rəşadət göstərib, Cəsurluq nümayiş etdirib, Şücaət göstərib, Füzulini azad edib və Vətən uğrunda canından keçib. Bu şəhidimiz sözün bütün mənalarında qanıyla yeni Azərbaycan tarixi yazıb. Bu şanlı tarixi yazan Mütəllib kimi qəhrəman oğullarımız müstəqil Azərbaycan dövləti durduqca, Xalqımız yaşadıqca ürəklərdə yaşayacaqdır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
972