ZAQATALALI QƏHRƏMAN KOMANDİR-İSMAYIL SƏMƏDOV ŞANLI AZƏRBAYCAN TARİXİ YAZANLARDANDIR.
İSMAYIL SƏMƏDOV- XÜSUSİ TƏYİNATLI KOMANDİR-BİZİM AND YERİMİZ, QÜRUR DUYDUĞUMUZ
VƏ FƏXR ETDİYİMİZ ŞƏHİD QƏHRƏMANIMIZDIR.
Vətən müharibəsi qəhrəmanı Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Məhəmməd oğlu Səmədovun ailəsini ziyarət etdik ki, özündən sonra bizə əmanət qoyduğu iki övladını yaxından tanımaq istədik. Qapının zənginin üzərində şəhidimizin bizə əmanət etdiyi gül balalarının, Mehdi və Nurgülün adı yazılmışdı. Zəngin səsinə evin ağbirçəyi çölə çıxdı və bizi içəri dəvət elədi. Qəhrəman şəhidimizin həyat yoldaşı Bəsti xanım və iki gül balası da, bizi qarşıladılar. Suallara başlamazdan əvvəl heç bir yerdə görmədiyim bir neçə məqamın təsirinə düşdüm. İçəri daxil olduğumdan bu evdə kimin qaynana vəyaxudda ana olduğunu ayırd etməyimə imkan vermədilər. O qədər mehribançılıq gördüm ki, bir anlıq fikirə daldım. Onlara bildirməsəm də, gəlin-qaynana münasibətlərinin ən pik həddini məhz bu ailədə gördüm. O saat ürəyimdə bir cümlə düzəltdim:”Bəli, əgər oğlunu sevirəmsə, deməli onun anasını da, sevirəm. Belə gözəl oğulu dünyaya gətirən ananı sevməmək günah olardı.”
Daha sonra əks tərəfdən baxaraq, düşündüm:”əgər oğlum səni özünə yar edib, canı qədər sevirdisə, mən niyə onun yadigarları olan ailəsini sevməyim?, İsmayılın balalarını sevən nənə onların anasını necə sevməsin?”
İlk baxışdan mənə təsir bağışlayan bu xoş səhnə sonrakı söhbətimiz zamanı daha da, öz təsdiqini tapdı. Həm gəlin, həm də, qaynana biri-birinə qarşı çox mehriban idilər, sanki İsmayılın ruhu şad olsun deyə, lazım olduğundan da, mehriban idilər. Biraz ümumi söhbət etdikdən sonra Həlimət anayla söhbətə başladıq:”Uşaqlıqdan hərbiçi olmaq arzusunda olub. Bibisinin oğlu böyük rütbəli zabit idi, İsmayılın da, hərbi forma çox xoşuna gəlirdi. Orta məktəbi yaxşı oxuyurdu, başqa sahələri də, seçə bilərdi, ancaq o, hərbiçi olmağa qərar verdi. İşlədiyi bütün dövrlərdə bir ana kimi mənə çox şeyi demirdi, düşünürdü ki, narahat olaram. Xüsusi təyinatlı olması barəsində də, mənə heç nə demirdi. Baş leytenant, kapitan rütbəsini də, almışdı.
Ailə qurmaq fikrində deyildi, buna görə çox danışırdıq, biraz da, danladıq. Bir müddət keçdikdən sonra Bəsti ilə ailə qurmaq istədiyini deyərək, bizi də, çox sevindirdi. Qız toyu oldu və gözləmədiyimiz halda Aprel döyüşləri başladı. Aprel döyüşlərində çox fəal iştirak etdi və may ayının yeddisində ona toy elədik. Oğlum doyunca ailə həyatı yaşaya bilmədi. Evliliyi beş il belə çəkmədi, onun da, çox vaxtını təlimlərdə olurdu. İsmayıl doğulanda ona babasının adını vermişdik, hansı ki, yüz yaş yaşamışdı. Oğluma isə belə uzun ömür qismət olmadı.
Ailədə iki qardaş, bir bacı olublar. İsmayıl böyük oğlum olub, həmişə balaca qardaşı Elvinin qayğısına qalıb. Uşaqlıqda çox diribaş idi, baxıb görürdü ki, maddi imkanımız çatmır, onu repetitor yanına göndərə bilmirik, o, özü dərslərinə hazırlaşardı. Bakıda Ali hərbi məktəbdə oxuduğu müddət ərzində də, bir dəfə belə biz ona pul göndərmədik. Əslində onun üçün yaxşı şərait yarada bilmədiyimiz üçün, bu gün çox əziyyət çəkirik.
İsmayıl o qədər ağıllı uşaq idi ki, bütün fikiri bizim yanımızda qalmışdı. Təssəvvür etməzsiniz, biz ona adi mobil telefon belə almamışdıq. O, hər şeyi özü edirdi. Hələ uşaq idi, adi belə gücü çatmırdı, ancaq mal-heyvana özü qulluq edirdi. 90-cı illər vəziyyət çox pis idi, insanlar ərzaq belə rahat tapa bilmirdi.
Yaxşı yadımdadır qonşuda velosipedi olan uşaq var idi, həmişə gəlib ağlayırdı ki, velosipedi sürməyə istədim mənə vermədi.
Bakıda oxuduğu müddətdə tez-tez evlə əlaqə saxlayardı. Bacısı da, artıq böyüyürdü, günlərin birində ona nişan gətirdilər. İsmayıl tətilə gəlmişdi, gördü ki, qanı qara oturmuşuq. Dedi ki, ay ana dur gedək bazara, bacıma nə lazımdırsa cehizlik alaq, gələk. Dedim ay oğul hansı pullarla?, bizim imkanımız yoxdur. Dedi ki, sən narahat olma mən təqaüdümü yığmışam, xeyli pul düzəltmişəm, gedək bazara, biz elə də, etdik. Bacısına adına sanına layiq cehiz aldıq. İsmayıl bizim hər şeyimiz idi.
Günlərin birində atasının ad gününə gəlmişdilər. Artıq ailəli idi, yoldaşı ilə gizlincə evdən çıxdılar. Bilirdilər ki, ataları təm-tərağı xoşlamır, odur ki, gedib tort sifariş edərək, üstünü də, yazdırıb geri döndülər. Çox yaxşı ad günü keçirdik, yaddaqalan oldu. İsmayıl deyirdi ki, belə günləri çox arzulayacaqsınız, mən də, özlüyümdə düşünürdüm ki, biz yaşlıyıq, yəqin bizə görə belə danışır. Sən demə işlədiyi, seçdiyi peşəyə görə belə danışırmış, bəli, bu gün həqiqətən də, o günləri arzulayırıq.
Bir dəfə atasıyla söhbət edən vaxtı, atası təqaüdə çıxma yaşının artırılmasından gileylənirdi. Deyirdi ay İsmayıl mən inanmıram ki, 65 yaş yaşayım, nə bilim mənə təqaüd qismət olacaqmı?
Bir neçə gün keçdikdən sonra, İsmayıl kiçik oğlumElvinə dedi ki, atamın adına bir bank kartı açdır, mən hər ay ora pul qoyacağam, özü kartından pul çıxarsın. Neçə ki, mən varam elə bilsin ki, təqaüd alır. İki ay belə davam etdi, sonra isə Şəhid xəbəri gəldi.
Hərdən düşünürəm ki, gərək İsmayılı evləndirməyəydim, özüm bu yükü tək çəkərdim. Gəlinin fikir etməsinə, ağlamasına, ürəyim dözmür. Sonra da, bu iki gül balaya baxıb təsəlli tapıram.”
Həlimət ananı qəhər basdığı üçün daha danışa bilmədi.
Odur ki, suallarımı Qəhrəman şəhidimizin həyat yoldaşı Bəsti xanıma ünvanladım:”Əslində mən nişanlı olduğum gündən İsmayılın hansı peşəni seçdiyini anlamışdım. Qız toyundan sonra aprel döyüşləri başladı və İsmayıl sağ-salamat geri döndü. Daha sonra ailə həyatı qurduq və təlimlər başladı. Mən onun necə bir qəhrəman olduğunu bilirdim. Heç vaxt inanmazdım ki, İsmayılı itirəcəyik. Elə bilirdim ki, aprel döyüşləri kimi bir neçə gün çəkəcək və işlər əvvəlki kimi olacaq. Bir də, axı İsmayıl bütün XTQ təlimlərində birinci olurdu. O, mənim idealım idi, ölümsüz qəhrəmanım idi.
Mən onsuzda doğulandan hərbiçilər ətrafında yaşamışam. Atam Əziz Abdurahmanov birinci Qarabağ savaşının veteranıdır. Qardaşım Dəniz Abdurahmanov isə Vətən müharibəsi qazisidir. Daxili qoşunların XTQ-da xidmət edib. Mən ən çox qardaşımdan narahat idim, çünki İsmayıl peşəkar zabit olduğuna görə onun ölümünə heç inanmırdım.
Vətən müharibəsi başlanan günü İsmayıl evdən çıxan vaxtı oğlumuz Mehdi stuldan yapışıb ayağa durdu. Mehdi çox balacaydı, onun belə dirəniş göstərməsi İsmayılın çox xoşuna gəldi. Dedi ki, kişi ev, ailə sənə əmanət. Biraz belə danışması məndə həyəcan yaratdı, ancaq yenə də, içimdəki inam, güvən mənə rahatlıq verdi. İsmayılın hərbiçi yoldaşı, hamımızın sevimlisi kapitan Kamil Şirinov şəhərciyə gətirilən ilk şəhid oldu. Mən dərhal İsmayıla zəng edərək, ağlamağa başladım, dedim ki, sənin dostun şəhid oldu. Onda başa düşdüm ki, şəhid xəbəri hamımız üçün ola bilər. Hərbi şəhərcikdə körpə uşağı olanları dəfnə aparmırdılar, mən də, onu eşidib, qorxmağa başladım. Və İsmayıla zəng edib dedim ki, rayona getmək istəyirəm. O, da, biraz düşünüb, sonra razılıq verdi. Gəldim rayona, hər gün telefonla danışırdıq. Oktyabırın doqquzunda atəşkəs elan olundu, mən də, sevindim. Rayona gəldiyim gündən anamgilə getməmişdim, getdim onları görməyə.
Oktyabırın 11-i tarixi bizim üçün önəmli idi, həmin günü nişanımız olmuşdu. Həmin tarixdə saat 13-17 arasında nişan tədbirimiz olmuşdu. Oktyabırın 11-də məhz saat 13-17 arasında Füzuli ətrafında, Hadrutun azad olunması üçün ağır döyüşlər gedib.
Döyüş yoldaşları deyir ki, üç zirehli maşın, içində erməni hərbiçiləri ilə dolu maşın gəlirmiş. İsmayıl baş kəşviyyatçı olduğu üçün koordinatları o verirdi. Maşının birini vurublar, digəri isə qaçmağa imkan tapıb. Odur ki, İsmayılın qeyri-bərabər döyüşə girməsi qaçılmaz olub. Həmin döyüşdə İsmayıldan əlavə üç zabit, iki gizir, şəhid olub. Altı şəhid verən qrupun iki şəhidinə “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. Döyüş yoldaşları deyirdi ki, İsmayıl şəhid olmazdan əvvəl öz qisasını aldı.
Lahıc kəndinin ilk zabit şəhidi də, İsmayıl oldu. Ümumiyyətlə o, ilk olmağı sevirdi və çox vaxt ona nail də, olurdu. İdmanda, hərbidə, dostluqda, ailədə və ən nəhayət şəhid olmaqda da, birinci oldu.”
Bu gün Zaqatala şəhər beş saylı tam orta məktəbi, “Vətən müharibəsi qəhrəmanı” İsmayıl Səmədovun adını daşıyır. Zaqatala rayonu Lahıc kəndində şəhid qəhrəmanımızın adına bulaq kompleksi də, vardır.
Vətən müharibəsi qəhrəmanı İsmayıl Məhəmməd oğlu Səmədovun ailəsində bir tətəfdə oğul dərdindən saçları tam ağarmış, beli bükülsə də, qəhrəman oğlunun yadigarlarına görə başını dik tutmaq məcburiyyətində olan Şəhid anası, digər tətəfində isə qəhrəman şəhidin sevgisi, eşqi ilə alışıb-yanan, aralarında olan sevginin dastanlar yazılacaq səviyyəsində olmasını gizlətməyən, şəhidin yadigarlarına isti qucaq açan və onun adına layiq bir həyat yoldaşı vardır.
Bəsti xanımın yazdığı xatirələr haqqında isə yazılacaq məqalə daha geniş olmamlıdır. Odur ki, bu haqda ayrı bir məqalə hazırlamağı düşünürəm.
Təkcə bir cümləsini qeyd edirəm:” İsmayılla dörd il bir yerdə ailə kimi yaşadıq, ancaq o, mənə bu dörd ildə qırx ilin qayğısını göstərdi.”
Vətən müharibəsi qəhrəmanı İsmayıl Səmədovu oxucularımıza daha yaxından tanış etmək üçün onun haqqında bəzi məlumatları olduğu kimi çatdırmaq istəyirik: İsmayıl Məhəmməd oğlu Səmədov 1990-cı il avqustun 9-da Zaqatala rayonunun Lahıc kəndində anadan olub.
1996-2005-ci illərdə Q. Qocayev adına Lahıc kənd tam orta məкtəbində, 2005-2007-ci illərdə isə Kimya-Biologiya Təmayüllü Liseydə oxuyub. 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. 2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən hərbi hissəsində xidmət edirdi. Lələtəpə yüksəkliyinin alınmasında göstərdiyi xidmətlərinə görə Prezident, Ali Baş Komandan İlham Əliyev onu cəbhə xəttində şəxsən mükafatlandırmışdı.
Vətən Müharibəsi zamanı İsmayıl Səmədovun dəstəsi Murov dağından sonra Cəbrayıl, Füzuli istiqamətlərində gedən döyüşlərdə igidlik göstərərək, yurd yerlərimizin azad olunmasında fəal iştirak edib. Kapitan təcrübəli zabit kimi döyüşlərdə tabeçiliyində olan hərbiçiləri irəliyə aparıb. “Bir canımız var, Allah nə yazıbsa, o da olacaq. Şərəfli və doğru yolu seçin, yalnız 3 məqsədimiz olsun. Ya qalib olaq, ya qazi olaq, ya da şəhid. Azərbaycan əsgərinin başqa seçimi ola bilməz!”,- deyən kapitan İsmayıl Səmədov bu sözləri ilə hərbçilərimizə əsl vətənpərvərlik ruhu aşılayırdı.
İsmayılın sağ əli olan gizir, əslən Quba rayonunun Alpan kəndindən olan Cavad Nasir oğlu Babayevin mətbuata verdiyi açıqlama: “O, ən ağır döyüşlərdə belə öndə gedib bizi qorudu, döyüşlər zamanı beynəlxalq taktikalardan yararlandı və uğurlu əməliyyatlar qurdu.
Oktyabr ayının 4-dən başlayaraq, Cəbrayıl, Füzuli, Hadrut istiqamətlərində şiddətli döyüşlər getdi. Cəsur komandirimizin bölüyü, yəni biz, oktyabr ayının 3-dən 4-nə keçən gecə Cəbrayıl istiqamətində düşmənin televiziya qülləsini qoruyan bir tankını və 8 nəfərlik canlı qüvvəsini məhv etdik. Oktyabr ayının 7-də komandirimiz İsmayıl Səmədovun əmrinə əsasən, gecə saatlarında Füzuli-Hadrut yolunu düşməndən təmizlədik. Bizim bölüyümüzün nəzarətçi qrupu ərazidə düşmən snayperlərin olduğunu müəyyənləşdirdi. Əvvəlcə bu snayperlərdən 3-nü, sonra isə arxadan bizə atəş açan düşmənləri məhv etdik.
Oktyabr ayının 10-da Füzuli rayonu Gorazıl kəndini və Horadiz-Füzuli-Hadrut yolunu tutmaq tapşırığını aldıq. Bu əməliyyat zamanı gərgin anlar keçirdik. Əvvəlcə düşmənin 10-a yaxın texnikasını zərərsizləşdirərək, yolu təmizlədik və həmin kəndə daxil olduq. Ertəsi gün, yəni oktyabr ayının 11-də Hadrut qəsəbəsinin azad olunması uğrunda düşmənlə bizim taborumuzun daha ağır, şiddətli döyüşləri oldu. Həmin döyüşdə xain ermənilər bizə qarşı böyük qüvvə ilə hücum etdilər. Düşmənin çoxlu sayda texnikasını, döyüşçülərini darmadağın etməyimizə baxmayaraq, xeyli itki verdik. Həmin döyüşdə təəssüflər olsun ki, fəxrimiz, Silahlı Qüvvələrimizin dəyərli, təcrübəli zabiti, bölük komandiri, Xüsusi Təyinatlıların öncülü, kapitan İsmayıl Səmədov da namərd düşmənin snayperlə açdığı atəş nəticəsində qəhrəmancasına həlak oldu".
İsmayıl Səmədovla birgə vuruşan digər XTQ döyüşçüsünün (hazırda xidmətdə olduğundan adının açıqlanmasını istəmədi - red) xatirəsi: “İsmayıl kordinator idi. Düşmən bölmələrinin yerlərini tapıb, topçu batareyalarına məlumat ötürürdü. Spayk manqasının idarəçiliyi ona tapşırılmışdı. Cəbrayıl döyüşlərində 9 tank vurdurmuşdu. Arazboyu hücumlar zamanı taborumuz birgə fəaliyyətə başladı. Cəbrayılda teleqüllənin ətrafındakı strateji yüksəkliyin azad edilməsi ilə bağlı komanda aldıq. Oktyabrın 4-ü gecə saatlarında İsmayıl 25-30 nəfərlik heyətlə hücum edib, yüksəkliyi azad etdi. Orada onun qrupundan 3 nəfər şəhid oldu, 4 nəfər isə yaralandı. Həmin təpəni götürmək asan şey deyildi. Biz 3 gün yüksəklikdə qaldıq. Ərazini milli ordunun bölməsinə təhvil verdikdən sonra Füzuli-Hadrut istiqamətində hərəkətə başladıq. Növbəti tapşırığımız Hadrutun aşağısında yerləşən Gorazıllı kəndini azad etmək idi.
Oktyabrın 7-si gecə kəndə yaxınlaşanda orada bizi düşmənin snayper və 15 nəfərdən artıq qüvvəsi gözləyirdi. İsmayıl öndə gedən qrupun rəhbəri idi. Onun və yoldaşlarının ayıq-sayıqlığı nəticəsində ermənilərin bizi pusquya salmasının qarşısı alındı. Düşmənin 3 snayperi məhv edildi, arxada yerləşən bölməsindən 5 nəfər zərərsizləşdirildi. Digər şəxsi heyəti isə qaçıb getdi. Orada bir zabitimiz qolundan yaralandı, bir nəfər də şəhid verdik. İsmayılgilin ayıqlığı olmasaydı, itkimiz çox ola bilərdi. Biz kəndə yaxınlaşdıq, ancaq giriş əmri verilmədiyi üçün oradan 1 km aralıda yerləşən meşəlik əraziyə getdik. Ayın 10-u günortaya qədər meşədə yerləşməli olduq. Yeməyimiz və suyumuz bitmişdi. Kəşfiyyat bölüyü olduğumuz üçün bizə təminat gəlmirdi. Çox qabaqda idik. Elə olurdu ki, bizim arxamızda düşmən bölmələri milli ordumuzla döyüşürdülər.
İsmayıl hazırlıqlı hərbçi idi. Onun çantasında həmişə yeyiləcək bir şey, su və corab olardı. Gecə yatmışdım, məni yuxudan oyadıb balaca bir şokolad verdi və dedi, "bunu ye ki, mədəndə nəsə olsun”. Öz yoldaşlarını o qədər fikirləşən, sədaqətli insan idi. Ayın 10-u səhər saatlarında biz düşmənin ətrafda qalan bir danasını kəsib alaçiy bişirib yedik ki, taqətimiz olsun. Həmin gün bir neçə saat sonra kəndə girəcəkdik.
Beləliklə, komanda veriləndən sonra axtarış qrupları yaradıldı və biz kəndə daxil olduq. Orada iki nəfər 50 yaşdan yuxarı erməni qalmışdı. Onlar kəndin girəcəyində evdə gizlənmişdilər və bizə atəş açmaq üçün uyğun şərait gözləyirdilər. Qumbaraları və avtomatları var idi. İsmayıl onları uzaqdan evləri müşahidə etdiyi zaman görmüşdü. Buna görə də ehtiyatla evə yaxınlaşıb, içinə qumbara ataraq hər iki ermənini məhv etdi. Hər qrup nəzarət etdiyi ərazinin təmizliyi barədə məlumat verdikdən sonra biz kənddə mövqeləndik. Oranı dairəvi olaraq hər tərəfdən müşahidə və mühafizə etdik.
Düşmən bölmələri Füzulidən Hadrut istiqamətində olan maşın yolunda hərəkət edirdi. Tabor komandirinin göstərişi ilə İsmayılın və Sənan adlı yoldaşımızın pusqu qrupları ermənilərin 10-dan çox avtomobil texnikasını və heyətini məhv etdi. Oradan bir nəfər sağ çıxa bilmədi.
Digər bölməmiz isə Füzuli döyüşlərində düşməni sıxışdırmışdı deyə ermənilər artıq Füzulidən Hadruta geri çəkilmək məcburiyyətində qalmışdılar. Onlar bilmirdilər ki, biz Hadrutun yaxınlığındakı kəndə yerləşmişik. Düşmənin gələcəyini bildiyimiz üçün yola minalardan maneələr qurduq. Ayın 11-i saat 2-nin yarısı ermənilər 3 "Kamaz"da 60-dan çox döyüş hazırlıqlı canlı qüvvə və xeyli silahla geri qayıtdılar. Onlara yolu minalamağımızla bağlı məlumat daxil olmuşdu. Ona görə də həmin istiqamətdə deyil, bizim istiqamətimizə, kəndin girəcəyinə dönməli oldular.
Düşmənin arxada gələn "Kamaz"ı vuruldu və yanan maşının ora- bura qaçışan şəxsi heyəti bizim tərəfimizdən məhv edildi. Digər iki "Kamaz" isə əvvəl yerləşdiyimiz meşə ərazisinə sıxılmağa məcbur qaldı. Fikirləşirdilər ki, oradan çıxış yolu tapacaqlar, ancaq kəndi blokadaya almışdıq, mühasirədən çıxmaq şansları yox idi. İsmayıla və qrup komandirinin müavini Bəxtiyar İslamova hərəkətə keçməyimizlə bağlı işarə verdim. Onlar sağdan, biz mərkəzdən, digər qrup isə meşənin girəcəyindən hücuma keçdi. Qrupumuz çox yaxına getdi. Düşməni sıxışdırdıq. Həmin vaxt mən və digər döyüş yoldaşım yaralandıq. İki sanitarımız şəhid oldu. İsmayılgil meşənin içində mövqelənmişdilər. Biz vurulduqdan sonra İsmayılın olduğu qrup düşmənə əks-hücum həmləsi etdilər. Atışma zamanı kor bir gülə gəlib onun alın nahiyəsinə dəyib. Köməkçi yoldaşı Əmrah da şəhid olub.
Ayağımdan snayper gülləsi ilə yaralanmışdım, yeriyə bilmirdim. Sanitar maşınımız bir az arxada idi, yaxınlaşan kimi vururdular.
Məni atın üstünə qoyub aparırdılar. Orada dedilər ki, İsmayıl yaralanıb və onu xərəkdə gətirirlər. Sevindim ki, yaralansa da sağdır. Ancaq o, yolun yarısına çatanda, vurulandan yarım saat sonra şəhid olub. Bu xəbəri eşidəndə elə bildim ki, qardaşımı itirdim. Öz ağrılarım yadımdan çıxdı, çox pis oldum. İsmayıl artilleriyanın gözü idi”.
Xüsusi Təyinatlı Qüvvələrin kapitanı İsmayıl Səmədov Cəbrayıl, Hadrut və Füzulinin azadlığı uğrunda şücaətlə vuruşaraq oktyabrın 11-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra "Cəsur döyüşçü", “Vətən uğrunda” və “Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bundan əlavə 2019-cu ildə Azərbaycan Respublikasının Yubiley medalı, 2018-ci ildə hərbi xidmətdə fərqlənməyə görə 3 –cü dərəcəli medalı ilə, 2018-ci ildə Azərbaycan ordusunun yaranmasının 100 illiyi medalı ilə, həmin ildə Qüsursuz xidmətə görə 3-cü dərəcəli medalı ilə, 2013-cü ildə isə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95-illik yubiley medalı ilə də, təltif edilib.
2020-ci il doqquz dekabrda isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adı verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin .
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliynin Üzvü.
1 304