ŞƏHİD MAHMUD XUDAVERDİYEV CƏSUR DÖYÜŞÇÜ KİMİ ADINI TARİXƏ YAZDI.
Zaqatala rayonunun gəncləri Birinci Qarabağ savaşında da, İkinci Qarabağ, “Vətən Müharibəsi” zamanında da, qəhrəmanlıq, şücaət göstərən gəncləri ilə seçilib. Belə gənclərdən biri də, İkinci Qarabağ, “Vətən Müharibəsinin” şəhidi Mahmud Əhməd oğlu Xudaverdiyevdir. Mahmud Xudaverdiyevin doğulub, boya-başa çatdığı Dardoqqaz kəndində olduq. Sadə bir kəndli ailəsi, daha çox təsərrüfatla məşğul olan bir ailə ilə yaxından tanış olmaq istədik. Şəhidimizin atası Əhməd kişi bizi həyətdə qarşıladı və içəri dəvət etdi. Həyat yoldaşı Nailə xanımla birgə çay süfrəsi arxasında söhbətə başladıq. Nailə xanım dörd oğlan, bir qız uşağına baxıb,
böyüdür. Mahmud haqqında danışan kimi onu qəhər basırdı. Deyir ki, mənim oğlum heç nədən qorxmurdu. Öləsi oğul deyildi, onu heç nəylə qorxutmaq olmazdı. Çox cəsur uşaq idi, bununla yanaşı həm də, çox tərbiyəli, sözə baxan biri idi:” bir dəfə də, görmədim ki, hər hansı bir işin arxasınca göndərən zaman, desin ki, mən getmirəm. Özünə çox böyük hörmət qazanmışdı, istər kənddə, istər də, xidmət etdiyi yerdə. Telefonla danışan zaman deyiri ki, doxsan günüm qalır, tezliklə görüşəcəyik. Müharibədən, döyüşdüyü yerlərdən heç nə demirdi, ümumiyyətlə o sirr saxlayan uşaq idi. Hələ uşaq vaxtlarında da, hər hansı bir hadisə haqqında soruşurdum, deyirdi ki, xəbərim yoxdur. Deyirdim mən bilirəm axı, həmin hadisə baş verəndə sən də, orada olmusan, onda üzümə baxıb gülürdü və yenə də, sirr vermirdi. Odur ki, onun döyüşdüyü məkanları sonradan cəbhə yoldaşlarından öyrəndik. Oktyabrın 14-dən onunla danışa bilmədik. Sonra bizə məlumat verdilər ki, Şəhid olub, 18 oktyabrda Dardoqqaz kənd qəbirstanlığında dəfn olundu.”
Atası Əhməd kişi oğlu ilə qürur duyduğunu, və igidlik göstərdiyi üçün onunla fəxr etdiyini dedi:”bütün şəhidlər bizim balalarımızdır. Mahmud uşaqlıqdan elə idi, heç nədən qorxmazdı. Təsərrüfata çox meyl edirdi. At həvəskarı idi, onun sevdiyi atı bu gün də, saxlayıram. Oğul dərdi böyükdür, ancaq ona dövlətimiz tərəfindən, Prezident İlham Əliyevin sərəncamı ilə bir neçə medalın verilməsi, xüsusən də, “Cəsur Döyüşçü” medalının verilməsi, hardasa bizə təsəlli verir. Mənim oğlum dünyasını dəyişmiyib, Şəhid olub.”
Bəli, gördüyümüz sadə kəndli ailəsindən belə qəhrəman oğullar çıxır. Vətən, ana-bacı qeyrəti, torpaq təsibi çəkən Mahmud kimi qəhrəman oğullarımız müasir Azərbaycan tarixini yazdılar. Bu şanlı tarix yazan igidlərimizin qanı sayəsində Azərbaycan itirilmiş torpaqlarını bərpa etdi. Belə qəhrəmanları oxucularımıza da, tanıtmaq istərdik: Mahmud Əhməd oğlu Xudaverdiyev 2001-ci il iyulun 19-da Zaqatala rayonunun Dardoqqaz kəndində anadan olub.
2007-2016-cı illərdə Sumaylı kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Mahmud Xudaverdiyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Mahmud Xudaverdiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Mahmud Xudaverdiyev oktyabrın 14-də 530 yüksəkliyində düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub. Zaqatala rayonunun Dardoqqaz kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mahmud Xudaverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
24-06-2021-ci ildə isə “Cəsur Döyüşçü “ medalı ilə təltif olunub.
Əlmaniz Ələkbərli.
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
598