ŞƏHİD ŞAHİN İSKƏNDƏRLİ XÜSUSİ TƏYİNATLI KİMİ TARİX YAZANLARDANDIR.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başladıqdan sonra Azərbaycan əsgəri öz qüdrətini dünyaya göstərmək üçün döyüş meydanına atıldı. Azərbaycan Xüsusi Təyinatlıları dünyada qiptə ediləcək qədər güclü olduğunu 44 gün ərzində hamıya nümayiş etdirdi. Şahin Ziyad oğlu İskəndərov da, müasir Azərbaycan tarixini, həm də, şanlı tarixini yazanlardan oldu. Vətən müharibəsi şəhidi Şahin İskəndərovun ailəsi ilə həmsöhbət olmaq üçün Zaqatala rayonu Qandax kəndində olduq.
Şəhidimizin ata-anası və qardaşı ilə görüşüb, həmsöhbət olduq. Atası Ziyad İskəndərov oğlu haqqında ürəkdolusu danışdı:”oğlum orta məktəbi bitirdikdən sonra mənim yanımda işləməyə başladı. Mən ustayam, ev təmir edirəm. Bir müddət sonra Şahin rayondakı şadlıq saraylarının birində müvəqqəti işləməyə başladı və yaşı tamam olan kimi müddətli həqiqi-hərbi xidmətə getdi.
Əvvəlcə Ağcabədi rayonu ərazisində xidmət etməyə başladı. Üç aydan sonra hərbi hissədə seçim olan vaxtı, Şahin də, Xüsusi təyinatlı olmaq istəyini deyib. Bir ildən bir neçə gün artıq hərbi xidmətdə oldu. Müharibə başlayan kimi xüsusi təyinatlı olduğuna görə ön cəbhəyə yollanıb. Oktyabrın 8-də snayper silahından, ürək nahiyyəsindən vurulub. Iki gün sonra, paytaxt Bakıda hərbi hospitalda Şəhidlik zirvəsinə ucalıb. Döyüş yolu böyük olub, Ağdərə, Xocavənd, Qubadlı, Cəbrayıl, Kəlbəcər,
Füzuli və Şuşa uğrunda gedən döyüşlər zamanı xidmətləri olub. Oktyabrın 6-7-də sonuncu dəfə telefonla əlaqə saxlamışdıq. Hər dəfəsində deyirdi ki, özünüzdən muğayat olun, mənim vəziyyətim yaxşıdır. O, uşaqlıqdan silahla davranmağı yaxşı bilir və sərrast atəşi var idi. Odur ki, hərbi xidməti zamanı əl pulemyotunu ona həvalə etmişdilər. Şəhid olduqdan sonra bizə gələn döyüş yoldaşları deyirdilər ki, Şahinin gözündə qorxu deyilən bir şey yox idi. Və həmişə öndə, birinci getməyi xoşlayırmış.
Döyüş yoldaşları deyirlər ki, son döyüşündə 38 ermənini təkbaşına məhv edərək, 170 nəfər Azərbaycan əsgərinin həyatını xilas edib.
Ümumiyyətlə biz ata-bala kimi yaxşı münasibətdə olmuşuq. O, ağır təbiətli uşaq idi. Sonuncu telefon danışığımızda dedi ki, biz Beyləqandayıq, istirahətə gəlmişik. Oktyabrın 8-də snayper silahından vurulanda başa düşdük ki, biz narahat olmayaq deyə, bizə çox şeyi düz demirmiş.
Əlbəttə ki, mən bütün şəhidlərimizlə, o cümlədən Şahinlə qürur duyur, fəxr edirəm.”
Daha sonra Şahin İskəndərovun anası Amalya xanım da, söhbətə qoşuldu:” Mənimlə daha yaxın idi, mənə hər şeyi deyirdi. Bir iş görmək istəyən zaman mənə deyirdi ki, ana sən ataya de görək nə deyir. Çox ailəcanlı uşaq idi, hərbi xidmətdə olduğu zaman dəfələrlə deyirdim ki, oğlum sənə pul göndərəkmi, deyirdi yox, mənim pula ehtiyacım yoxdur. Çalışırdı ki, bizi çox əziyyətə salmasın. Ancaq özü işləyən vaxtı hamını düşünürdü. Özünə telefon alan vaxtı, balaca qardaşı Kənana da, alırdı ki, onun da, telefonu olsun. Orta məktəbdə oxuduğu vaxtlarda Məscidə Qurani-kərimi öyrənmək üçün gedirdi. Orada Hoca Şəhidliklə bağlı xeyli təbliğat aparıb, o da, evə gələn kimi deyirdi ki, mən də, Şəhid olacağam.
Oğlumun andiçməsinə getdiyimiz vaxtı onun sevdiyi qızın da, olduğunu öyrəndim. O qədər arzularımız var idi ki, çox istəyirdi xidmətini başa vurub Bakı şəhərinə işləməyə getsin. Bütün arzularımız yarımçıq qaldı”
Bəli, cənnət mələyi sayılan Şəhidlərimizin adlarını hər şəhərdə, kənddə əbədiləşdirməliyik ki, unudulmasınlar. Qandax kəndində Şahin İskəndərovun adına özünün oxuduğu sinif otağı da, vardır.
Yol kənarlarında Böyük portretləri asılıb.
Xüsusi Təyinatlı Şəhidimizi Yaxından Tanımaq Üçün Onun Haqqında Bildiklərimizi Olduğu Kimi Təqdim Edirik: Şahin İskəndərov 2001-ci il avqustun 21-də Zaqatala rayonunun Qandax kəndində anadan olub.
2008-2019-cu illərdə V. Saatov adına Qandax kənd tam orta məktəbində təhsil alıb. Subay idi.
Şahin İskəndərov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Xüsusi Təyinatlı Qüvvələrin Cəlilabad rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Şahin İskəndərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Xocavənd və Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Şahin İskəndərov oktyabrın 10-da Cəbrayıl döyüşləri zamanı snayperlə vurularaq şəhid olub. Oktyabrın 11-də Zaqatala rayonunun Qandax kəndində torpağa tapşırılıb.
[center]
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin İskəndərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahin İskəndərov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Şahin İskəndərov ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Şahin İskəndərov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Şahin İskəndərov 5-11-2021-ci ildə isə, Azərbaycan Bayrağı ordeni ilə təltif edilib.
Bundan əlavə 28-12-2020-ci ildə “ Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.
Allah Şəhidlərimizə Rəhmət Eləsin
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
[center]
689