VƏTƏN MÜHARİBƏSİ ŞƏHİDİ SAYAD HACIYEVİN 21 –YAŞI TAMAM OLDU.
İkinci Qarabağ Savaşı “Vətən Müharibəsi” başlanan gündən Zaqatalanın da, qeyrətli oğulları vətənimizin müdafiəsinə qalxdılar. Sayad Azad oğlu Hacıyev də, həmin qəhrəmanlardan biridir. Doğum günü ilə bağlı Yaşat fondu, Asan xidmət, yerli icra strukturları, bələdiyyə, təhsil işçiləri və s. –nin də, qatıldığı tədbirdə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsi şəhidlərinin ruhuna dualar oxundu, yad edildilər. Şəhid Sayad Hacıyevin ailəsi oğlanlarının cənnətdəki doğum gününü qeyd etmək üçün evlərində də, el qaydasıyla süfrə açmışdılar.
Şəhidimizi oxucularımıza yaxından tanış etmək məqsədilə onun haqqında bildiklərimizi qıssa da, olsa oxucularımıza təqdim edirik:
Sayad Hacıyev 2001-ci il martın 14-də Zaqatala rayonunun Bazar kəndində anadan olub. 2007-ci ildə Bakıda 90 saylı tam orta məktəbin 1-ci sinifinə daxil olub. 2008-ci ildə təhsilini 316 saylı tam orta məktəbdə davam etdirib. 2015-ci ildə Bakı Şəhər Dövlət Dəmir yolu liseyinə qəbul olunub. Musiqiyə həvəsinə görə piano kursunda oxuyub.
Sayad Hacıyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sayad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Sayad Hacıyev oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sayad Hacıyev ölümündən sonra "Vətən uğrunda" və "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi. Daha sonra 26 iyun2021-ci ildə “Cəsur Döyüşçü” medalı ilə də, təltif edilib.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü
540