ŞƏHİD SAYAD HACIYEV ÖLÜMÜN GÖZÜNƏ DİK BAXAN QƏHRƏMANLARDANDIR.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlayan kimi Sayad Hacıyev də, digər qeyrətli Azərbaycan oğulları kimi vətənin müdafiəsinə hazır olduğunu sübut etdi. 44 günlük müharibə zamanı Sayad kimi qəhrəman oğullarımız tarix yazdılar, həm də, Şanlı tarixi yazdılar. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan və Zəfərlə başa çatan “Vətən müharibəsində” “Müzəffər Azərbaycan Ordusu” onun qəhrəman əsgəri canı-qanı bahasına qələbəni təmin etdi.
Hacıyev Sayad Azad oğlu 2001-ci il Zaqatala rayonu Bazar kəndində anadan olub. Azadın ailəsində iki oğlan uşağı olub. Araz hazırda Türkiyədə Sivas Cumhuriyyət Universitetinin kompyuter mühəndisi ixtisası üzrə birinci kursunda oxuyur.
Ailəsi Bakı şəhərinə köçdüyünə görə, Sayad 90 saylı tam orta məktəbdə təhsil almağa başlayıb. Ancaq sonra 316 saylı tam orta məktəbində oxumağa davam edən Sayad Hacıyev, 9-cu sinifi bitirdikdən sonra 2015-ci ildə “Bakı Dövlət Dəmir Yol“ liseyinin “Maşinist elektravoz” köməkçisi ixtisasına qəbul olunub. 2019-cu ildə liseyi yaxşı qiymətlərlə bitirdikdən sonra, iyulun 8-də, müddətli həqiqi-hərbi xidmətə yola düşüb.
2020-ci il oktyabrın 14-də şəhidlik zirvəsinə ucalıb.
Atası Azad Hacıyev deyir ki, sentyabrın 26-da, gecə saat 23-45-də, telefonla danışmışdıq:”Dedi ki, ata haqqınızı halal edin, döyüşə gedirəm, daha sonra oktyabrın 1-də, danışdıq. Döyüş yerini demirdi, deyirdi ki, özün bilirsən də, belə şeyləri demək olmaz. Əsas odur ki, döyüşür və qələbə çalırıq.12 oktyabr Talış kəndi istiqamətində olublar və kilsədə istirahət etmək üçün daldalanıblar. Həmin günü bizim oğlumuzla sonuncu telefon danışığımız oldu. Sonra onlar Suqovuşan uğrunda döyüşlərə qatılıblar. Döyüş yoldaşları deyir ki, ermənilər geri çəkilmişdilər, birdən yerimizi təyin edib, artilleriya atəşinə tutdular. Və bir çox döyüşçülər, o cümlədən Sayad da, həmin artilleriya zərbəsi nəticəsində şəhidlik zirvəsinə ucaldı.
Komandiri deyir ki, Sayad Suqovuşanı aldığımız günü bizlərə deyirdi ki, tezliklə buralara qatar yolu açılacaq və mən də, maşinist olacağam. Sizlərin hər birini də, sərnişin kimi gətirəcəyəm.
Balakən rayonundan bizə bir gizir gəlmişdi, Elmar Tütünçüyev. O, Sayadla bir cəbhədə döyüşüb. Elmar deyir ki, Sayad bütün döyüşlərdə eynək taxardı, ancaq nədənsə aktiv döyüşlərin birində onu eynəksiz gördüm. Soruşdum ki, sən niyə eynəksizsən?, dedi ki, düşməni görmək üçün, mənə eynək lazım deyil, mən onları eynəksiz də, görə bilərəm.
Sayadın şəkili tərbiyəsinə və nümunəvi olduğuna görə hərbi hissənin şərəf lövhəsindən asılmışdı.
Onu bütün hərbiçilər çox istəyib, komandiri Zahid Süleymanov deyir ki, döyüşə girən zaman Sayad mənim bronjiletimi geyindirdi. Onu hamımız çox istəyirdik.”
Sayad Hacıyevin anası Simuzər müəllimə də oğlu haqqında ağızdolusu danışdı:”oğlum Bakı Dövlət Dəmir yolu liseyini bitirmişdi, hərbi xidməti başa vurduqdan sonra Ukraynaya ali təhsil almağa gedəcəkdi. İş elə gətirdi ki, onun adına oxuduğu 316 saylı orta məktəbdə və Bazar kənd tam orta məktəbində sinif otağı verildi. Oğlum ən uca zirvə olan Şəhidlik zirvəsinə ucaldıqdan sonra Bakı Dövlət Dəmir yolu liseyində adına lövhə də, asıldı. Zaqatala rayonu Bazar kəndinin girişində iri portreti asılıb. Kənddə şəhidlərin adını daşıyan bulaq da, var.
Mənim oğlum iri, canlı-cüssəli olmayıb, ancaq komandirləri deyir ki, böyük və qorxmaz ürəyə sahib olub. Onun cəsarətli olmasından, ölümün üzünə dik baxmasından və son döyüşü zamanı 3 saat dayanmadan aktiv döyüşdən qalib çıxmasından mənə danışarkən, oğlumla bir daha qürur duydum.
Ancaq oğlumun Şəhid olacağını bilirdim, çünki yuxuma gəlmişdi. Yuxuda gördüm ki, hər yan yanır, od-alov içindədir, deim ki, ay oğlum gəl gedək sənin buralarda nə işin var? Dedi ki, yox ay ana, mən gedə bilmərəm, and içmişəm. Dedim ki, gör nə qədər əsgər var, heç biri də, irəli getmir, gəl sənin əlindən tutum bir yerdə gedək buralardan.
Dedi ki, ana onlar da, paltarlarını dəyişdikdən sonra, döyüşə gedəcəklər. Sən mənə halallıq ver, haqqını halal et ana. Və bu anda yuxudan ayıldım, gözüm-qulağım telefonda oldu, ancaq daha Sayadımdan zəng gəlmədi. Bəli mən yuxumu görüb, oğlumun halallığını da, vermişdim.”
Sayad Hacıyev haqqında məlumatları olduğu kimi oxucularımıza da, çatdırmaq istəyirik:
Sayad Hacıyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Yevlax rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Sayad Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Sayad Hacıyev oktyabrın 17-də Suqovuşan döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Bazar kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sayad Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 29-12-2020-ci il tarixli sərəncamına əsasən “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi.
24-06-2021 -ci il tarixli sərəncamına əsasən isə “Cəsur Döyüşçü” medalı ilə təltif edilib.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
659