ŞƏHİD VÜSAL RAMAZANOV ŞANLI AZƏRBAYCAN TARİXİ YAZAN ZAQATALALILARDANDIR.
Müharibə Yer üzünün ən böyük fəlakətidir. Elə bir fəlakət ki, hər dünyadan köçən can bir çırağı söndürür. Amma bir xalq ki hər şeyə rəğmən sonda "Təki Vətən sağ olsun!" deyirsə, deməli, həmin xalq qalibiyyətə layiq xalqdır. Şəhid valideynləri bayrağa sığınaraq, bayrağı bağrına basaraq hönkürsələr də, onların gözlərində bir məğrurluq, bir fəxarət hiss olunurdu. Çünki onlar canını Vətənə fəda edən övlad böyütmüşdülər. Belə igid, qorxmaz qəhrəmanlarımızdan biri də İkinci Qarabağ savaşında şəhid olan Vüsal Ramazanovdur.
Vüsal Ramazanov Ali baş komandan İlham Əliyevin rəhbərliyi və Müzəffər Azərbaycan ordusunun, Azərbaycan əsgərinin qanı-canı bahasına başa gələn Zəfər yürüşündə şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdandır.
Ramazanov Vüsal Vahid oğlu, 1994-cü ildə Zaqatala rayonu Yuxarı Çardaxlar kəndində anadan olub. 2012-ci ildə müddətli həqiqi-hərbi xidmətə yola düşüb. Murov dağı kimi çətin bir relyefi olan yerdə xidmət edərək, 2014-cü ilin yanvarında evə dönüb. Həqiqi-hərbi xidmətə yeni getdiyi vaxtlarda atası Vahid Ramazanov dünyasını dəyişib.
İki qardaşın çiyinlərində bütün ailənin yükü dayanıb. Anası Fatma Ramazanova ilə həmsöhbət olduğumuz zaman , göz yaşlarına hakim ola bilməyərək, oğlunun toyuna hazırlaşdığını dedi:” Artıq iki il idi ki, nişanlı idi, toyuna hazırlaşırdıq, hətta gün də, təyin etmişdik.
Müharibə başladığına görə oğlum öncə vətəni seçdi. Pandemiya olmasaydı nişanlı qalmayacaqdılar. Vüsal uşaqlıqdan həm sakit və tərbiyəli idi, həm də, çox diribaş olub. Dərslərindən qalmazdı, texnikaya, cihazlara daha çox meyl edərdi. Texnikaya marağı Vüsalı rayondakı iri bir elektronika mağazasına gətirib çıxarmışdı.
Oğlum həm də, mənim sirdaşım idi. Çox vətənpərvər, tərbiyəli, qohumcanlı bir uşaq idi. İşgüzarlığına isə söz ola bilməzdi. Səhər tezdən işə getməzdən əvvəl həyətdəki təsərrüfat işlərində mənə kömək edərdi, sonra öz işinin arxasınca gedərdi.
Oktyabrın 9-da, səfərbərliklə Qarabağın azad olunması üçün döyüşə getdi.
Oktyabrın 27-də, səhər 8-30 da, sonuncu telefon danışığımız oldu. Bizə deyirdi ki, özünüzə yaxşı baxın, biz döyüşə gedirik. Oktyabrın sonunda daha ağır döyüşlərə qatılıb.
Və noyabrın birində Vüsal şəhid olub. Onun gəlişi, bizə çox acı dərd verdi. Elə bilirdik ki, itgin düşüb, bəlkə əsir düşüb, vəyaxud düşünürdük ki, niyə vermirlər. Ağlımıza min bir fikir gəlirdi. Hərbi hissələrlə əlaqə saxlaya bilmirdik. Noyabrın 1-də şəhid olan zaman onu döyüş meydanından çıxara bilməyiblər. Uzun müddət neytral zonada qlıb.
Nəhayət yanvarın 8-də şəhidimizin nəşi gətirilərək, torpağa tapşırılıb.
Sonradan bizə məlum oldu ki, axtarışlarımızın nəticəsiz qalmasının böyük bir səbəbi var idi. Belə ki, həmin günü Vüsalla birlikdə bütün döyüş yoldaşları şəhid olublar.”
Vüsal nakam məhəbbət yaşayaraq, adı dastanlara düşən bir şəhidimizdir. Toy gününü belə təyin etməsinə baxmayaraq, vətəni darda qoymadı, getdi və şəxsi həyatına, sevgisinə son qoydu.
Qonşusu Afaq xanım deyir ki, Vüsal orta məktəbdə pis oxumurdu. Çox tərbiyəli, qohumcanlı, təsibkeş biri idi. Afaq xanım deyir ki, bacısı Çimnaz müəllimə Vüsalın sinif rəhbəri olub. O, da, Vüsalla bağlı ancaq xoş sözlər deyirdi. Vüsalın adına hazırda oxuduğu məktəbdə sinif otağı da, verilib.
[medium]http://diaspor.info/uploads/posts/2022-
03/1647517332_275959611_638069117281043_439954467364022918_n.jpg[/medium]
Vüsalın qardaşı Valid Ramazanov hazırda Zaqatalada, FHN-nin yanğınsöndürmə idarəsində işləyir.
Şəhidimizi oxucularımıza yaxından tanış etmək məqsədilə onun haqqında qıssa məlumatı olduğu kimi yazırıq: Vüsal Vahid oğlu Ramazanov 1994-cü il iyulun 10-da Zaqatala rayonunun Yuxarı Çardaxlar kəndində anadan olub. 2000-2011-ci illərdə Yuxarı Çardaxlar kənd tam orta məktəbində təhsil alıb. Nişanlı idi. Vüsal Ramazanov 2012-ci ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vüsal Ramazanov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzuli, Cəbrayıl, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Vüsal Ramazanov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 24-06-2021 ci ildə Xocavəndin azad olmasına görə, Cəbrayılın azad olunmasına görə və Vətən uğrunda medalları ilə təltif edilib.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü