ZAQATALA DÖVLƏT İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİ ŞƏHİD MƏZUNUN ADINI NİYƏ ÇƏKMİR?
ŞƏHİDİN AİLƏSİ ÖVLADLARININ OXUDUĞU ZAQATALA DÖVLƏT İDARƏETMƏ VƏ
TEXNOLOGİYA KOLLECİNİN RƏHBƏRİNİN DİQQƏTSİZLİYİNDƏN ŞİKAYƏT ETDİLƏR.
ZAQATALA DÖVLƏT İDARƏETMƏ VƏ TEXNOLOGİYA KOLLECİNİN BİNASI RAYONUN ÜMUMİ GÖZƏLLİYİNƏ XƏLƏL GƏTİRİR.
Zaqatala Şimal-qərb bölgəsinin ürəydir desək, yanılmarıq. Bu cənnət məkanında İqtisad Universitetinin müasir dövrün tələblərinə cavab verən şəraitli binası və pedaqoji kollektivi vardır. Mən Son illər Zaqatala Dövlət İdarəetmə və Texnologiya kollecini binasının tez-tez yanmasına görə yadda saxlamışam. Çox primitiv, nəinki gözəl Zaqatalaya ümumiyyətlə təhsilimizə ləkə olan bu binanın giriş qapısındakı yazılara fikir verəndə, düşünürsən ki, yəqin on illərdir bu ad dəyişilmir. Adam baxanda utanır, heç olmasa Azərbaycan bayrağına, Dövlət sözünə hörmət edib, kollecin adını düzgün yazmaq olardı. Bu yazını ona görə yazmıram ki, sözügedən biabırçılığı görüb, susa bilmədim. Mən də, uzun müddətdir görmüşəm və təhsil müəssisəsinin rəhbərinə də, demişəm. Görünür Dövlət və bayraq sahibləri bu müəssisənin rəhbərinə toxunulmazlıq elan ediblər.
Artıq bir aydır ki, Vətən müharibəsi şəhidlərinin ailələrində görüş keçirir, müsahibələr edir, şəhidlərin unudulmadığını və daimi yaşadıqlarını valideynlərinə xatırladaraq, onların yaralarına su səpməyə çalışıram. Yuxarı Çardaxlar kəndində olduğum zaman Şəhidimiz Laçınov Əhmədin ailəsi ilə də, görüşdük və xeyli söhbətləşdik. Məlum oldu ki, XTQ-nin əsgəri olmuş Əhməd Qurban oğlu Laçınov məhz Zaqatala Dövlət İdarəetmə və Texnologiya kollecini bitirib. Şəhidimizin əzizləri dedilər ki, sözügedən təhsil müəssisəsinin direktoru Həzrət Qocayevə deyilsə də, bu insan Şəhidlə bağlı heç bir guşə yaratmayıb. İş o yerə gəlib ki, Zəfər günü keçirilən tədbirdə çıxış edən direktor gənclərə deməyib ki, sizin kimi bir tələbənin, məhz bu müəssisənin məzununun canı-qanı bahasına biz bu gün rahat əyləşib, həyatımızı yaşayırıq. Şəhidin guşəsini yaratmağı bir yana, onun adını çəkmək istəməməsi çox təəcüblüdür. Şəxsən mən bir ziyalı kimi heç vaxt inana bilmərəm ki, qanı təmiz olan hər hansı bir insan, Şəhidlərimizə qarşı hörmətsizlik etsin. Azərbaycan şəhidinə yalnız bu dünyada ermənilər hörmətsizlik edirlər. Dünyanın bütün millətləri bizim şəhidlərimizə hörmətlə yanaşırlar.
Çünki onlar Vətən üçün şəhid olublar. Bizim Qeyrət, namus, abır-həyamız, Ana qədər sevdiyimiz vətəndən ötrü canlarını qurban veriblər. Onların özlərinə də, ailələrinə də hörmət etmək bizim vətəndaşlıq borcumuzdur. Bu gün Cənab Prezident heç nəyə baxmadan Şəhid anasının ayağına qalxaraq, bağrına basır və deyir ki, biz sizə borcluyuq, Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadə Şəhid ailələrinin qayğısına qalaraq, övladlarının, valideynlərinin işlə təmin olunmasını təmin edir, ancaq Zaqatala DİT kollecinin direktoru Həzrət Qocayev nəinki şəhid üçün guşə yaratmır, Zəfər günündə keçirilmiş tədbirdə belə onun adını çəkməyə dili əziyyət çəkir. Çox hörmətli Təhsil naziri Cənab Emin Əmrullayev, bir ziyalı kimi sizə səslənirəm. Sizin tabeçiliyinizdə olan kollecin rəhbərliyi kollecin adının üstündə olan üstündə qan tökdüyümüz bayrağa etdiyi hörmətsizliyə göz yumursunuz, bu başa düşüləndir. Adamın varsa bayrağa hörmətsizlik edənləri bağışlamaq olar?
Şəhidin bir neçə şəkilini çıxarmaq üçün on-on beş azn xərciniz çıxarsa dünya dağılmayacaq ki, yəni doğrudan da, Şəhidlərə qarşı hörmətsizlik edənləri vəzifədə saxlayırsınız. Şəhidin ailəsi deyir ki, məzunu olduğu təhsil müəssisəsinin rəhbərliyi, nə şəhidin doğum günündə, nə şəhid olduğu günü, vəyaxud hər hansı bir bayram günlərində bir dəfə də, olsun onlara zəng belə edib, danışmayıb.
Səbəb nədir?, ona görə Əhməd Laçınov xüsusi təyinatlı kimi ad qoyub, hörmət qazanıb? Ona görə ki, siz rəhbərlərin çoxlarının övladları gizlənən vaxtı Əhməd canı-qanı ilə Şanlı tarix yazıb?
Bu qədər saymamazlıq, bütövlükdə Azərbaycan Respublikası Təhsil nazirliyinə, icra hakimiyyətinə olunan hörmətsizlik deyilmi?
Zaqatala Dövlət İdarəetmə və Texnologiya kolecində təhsilin səviyyəsindən danışmaq istəməzdim. Ona görə ki, pedaqoji kollektiv odun yandırmaqla qızınan, ildə bir neçə dəfə yanğın baş verən müəssisədə başqa necə dərs keçməlidirlər? Təhsilimizə necə şərait yaradırlarsa elə də, nəticə olur. Hesab edirəm ki, hər hansı bir müəssisənin rəhbərini tanımaq istəyirsənsə onun giriş qapısından həyətə keçəndə insana çox şey agah olur. Əgər bir qutu rəng alıb, Azərbaycan bayrağını, vəyaxud Dövlət sözünü düzgün yazmaq istəməyən müəssisə rəhbərinin görünən işi göz qabağındadır.
Mövzunu diqqətimizdə saxlayacağıq.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.
1 624