ŞƏHİD ELVİN QƏDİROV 1-Cİ QARABAĞ MÜHARİBƏSİNDƏ ŞƏHİD OLMUŞ ƏMİSİNİN QİSASINI ALDI-ANCAQ ÖZÜ DƏ, ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI.
Azərbaycan yenicə müstəqilliyini əldə etdikdən sonra, xain qonşusu olan ermənilərin qəfil hücumuna məruz qaldı. Havadarlarının hesabına Azərbaycana qarşı təcavüz edən erməni faşistləri, mükəmməl ordusu olmayan bir xalqı zorla müharibəyə sürüklədilər. Beləliklə də, Azərbaycan Respublikasının 20% torpaqları işğal altında qaldı.
Otuz illik fasilədən səmərəli istifadə edən Azərbaycan dövləti mükəmməl bir ordu yaratdı. Və beləliklə də, ermənilərin növbəti təxribatı zamanı, 27 sentyabrda Azərbaycan Silahlı Qüvvələrinin əks-həmlə tədbirləri başlandı. Bəli, bu ikinci Qarabağ savaşı, “Vətən Müharibəsi” idi. Vətən müharibəsinin başlanması xəbərini eşidən bütün qeyrətli oğullarımız kimi Elvin Qədirov da, bu xəbərə sevinirdi. Nəhayət ki, işğal altında qalan torpaqlarımızı azad edəcəyik. Elvin Qədirovun ermənilərlə ayrı haqqesabı da, var idi.
Belə ki, birinci Qarabağ müharibəsində Elvinin əmisi Akif Qədirov da, şəhidlik zirvəsinə ucalıb. Elvin əmisinin adını daşıyan orta məktəbdə təhsil almış və ömürboyu erməni faşistlərinə qarşı nifrətlə böyümüşdür. Odur ki, döyüşlər başlayanda, Elvin artıq hazır bir əsgər idi, Silahlı Qüvvələrin “N” saylı hərbi hissəsinin əsgəri idi. O, artıq bir ilə yaxın idi ki, müddətli həqiqi-hərbi xidmət keçirdi.
Şəhid Qədirov Elvin Azər oğlu haqqında oxucularımıza da, məlumat vermək istəyirik:” Elvin Azər oğlu Qədirov 2001-ci il mayın 5-də Zaqatala rayonunun Yeni Suvagil kəndində anadan olub. 2007-2018-ci illərdə Akif Qədirov adına 2 saylı Yeni Suvagil kənd tam orta məktəbində təhsil alıb.
Elvin Qədirov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Elvin Qədirov 2020-ci il sentyabrın 27- də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdamın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.
Elvin Qədirov sentyabrın 27-də Ağdam döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Yeni Suvagil kəndində torpağa tapşırılıb .
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Elvin Qədirov ölümündən sonra "Vətən uğrunda" medalı ilə və 24-06-2021-ci ildə isə “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib.”
Şəhid Qədirov Elvinin əmisi Akif Qədirov da, birinci Qarabağ müharibəsində şəhid olub. Akif Daxili qoşunların xüsusi təyinatlısı olub. Qəribə təsadüfdür ki, hər ikisi məhz Ağdam uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Azərin böyük oğlu, şəhid qardaşının, Akifin adını daşıyır. Azər və Zəminə xanımın üç övladları olub. Böyük oğulları Akif, daha sonra şəhidimiz Elvin və evin kiçiyi, həm də, yeganə qız övladı olan Nursel. Akif müddətli həqiqi-hərbi xidmətini başa vurub evə gəldikdən yeddi gün sonra Elvini əsgər aparıblar.
08-07-2019-cu ildə hərbi xidmətə yollanan Elvin Qədirov, böyük qardaşı Akif Qədirov kimi cəbhə bölgəsində xidmət edib. Elvin evə gəlməyə hazırlaşan bir vaxtda müharibə başlandı. Belə ki, Elvinin evə gəlməyinə üç aya yaxın bir vaxt qalırdı ki, o, qəhrəmancasına şəhid oldu. Xocavəndin azad olunmasında xidmətləri olan Elvin Qədirovun ən şiddətli döyüşləri isə Ağdamda olub. Azər Qədirov oğlu haqqında çox şeyin müharibədən sonra bildiklərini dedi:” Elvinlə mən ata-bala kimi aramızda pərdə olub.
O, heç vaxt mənim bir sözümü iki etməzdi. Orta məktəbi bitirdikdən sonra kafelərdə ofisiant işləyərək, çörəkpulu qazanmağa başlamışdı. Əsgər gedəcəyini bildiyi üçün idmanla da, məşğul olmağa başlamışdı. Turnikdə xeyli məşqlər edirdi. Oğlum çox güclü yaddaşa sahib idi. Müddətli həqiqi-hərbi xidmətə gedəndən sonra pandemiya şəraiti olduğuna görə, hardasa bir ilə yaxın idi ki, üzünü belə görə bilməmişdik.
Müharibədən sonra döyüş yoldaşları bizə gəlmişdilər və Elvin haqqında bizim bilmədiklərimizi dedilər.
Döyüş yoldaşı Pərvin Məmmədov Elvinin şəhid olma məqamından danışarkən dedi ki, saat 11-30 idi, Ağdamda strateji baxımdan çox vacib olan bir yol var idi. Bizim ordumuz o yolu bütün gücü ilə qoruyub saxlamağa çalışırdılar. Ermənilər isə bunun mahiyyətini bilərək oranı daimi artilleriya atəşinə tuturdular. Həmin artilleriya zərbələri zamanı, arxaya düşən raket zərbəsindən qopan qəlpələrdən biri Elvinin başının arxa hissəsinə dəydi və həmin anda, səngərdəcə şəhidlik zirvəsinə ucaldı. Pərvin deyirdi ki, sizin Elvin əsil çöl adamı idi, nə qorxusu var idi, nə də ki, kimdənsə küsməyi var idi. Çox mehriban, hamıyla yola gedən, ən vacibi cəsur, qorxmaz bir yoldaş idi.
Pərvin deyirdi ki, Elvin 4 gün əvvəl bizə qəribə bir yuxu görməsindən danışmışdı.Yuxuda görüb ki, dostları onu od-alovun içərisindən çıxarır, Elvin qanın içərisində olub, ancaq dostları onu atmayıblar. Çıxarıb dar bir yerdən keçirdərək, meşəliyə tərəf aparıblar, hansı ki, orada müharibə qurtarmışdı. Elvin deyib ki, kaskam arxa tərəfdən çatlamışdır, o, şəhid olan günüsü dostları kaskaya baxıblar ki, həqiqətən də, kaska arxadan çatlayıb. Sentyabrın 27-də şəhidlik zirvəsinə ucalan Elvin Qədirov, öz ölüm səhnəsini şəhid olmamışdan dörd gün əvvəl dəqiqliklə yuxusunda görmüşdür. Həqiqətən də, dostları onu qaça-qaça od-alovun içərisində çıxardıblar ki, nəşi orada qalmasın.
Sentyabrın 20-də bizimlə telefon danışığı oldu, dedim ki, ay oğul pandemiya olsa da, yanına gəlmək istəyirik. Dedi ki, olmaz, bizə müharibənin başlanması ilə əlaqədar heç nə demədi. Ancaq onlar xüsusi təlimlər keçirmişlər.
Beləliklə də, Vətən yolunda Şəhidlik zirvəsinə ucaldı, 28 sentyabrda isə Suvagil kənd qəbirstanlığında, şəhid olan əmisinin yanında dəfn edildi.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
568