ŞƏHİD ABDURAHMAN İSRAFİLOV KÖRPƏSİNİN ÜZÜNÜ BELƏ GÖRMƏDƏN ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI.
İkinci Qarabağ savaşı “Vətən Müharibəsi” başlanan kimi Müzəffər ordumuz erməni faşistlərini ölkəmizdən qovmağa başladı. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və cəmi 44-günə erməniləri ağ bayraq qaldırmağa məcbur edən Müzəffər Azərbaycan əsgərləri arasında, baş çavuş Abdurahman İsrafilov da, var idi.
Abdurahman İsrafilov ailədə üç qardaş olublar və hər üçü də, hərb sahəsini seçiblər. Böyük qardaşları Elşən artıq 25 ilə yaxındır ki, hərbi hava qüvvələrinin baş giziridir. Abdurahmanın əkiz qardaşı Abdullah da, uzun müddət hərbi forma geyinib. Qardaşların hər üçü hərbiçi olduğuna görə müharibənin də, nə olduğunu yaxşı anlayırdılar. Abdurahman müharibənin nə olduğunu təkcə anlamırdı, həm də, onun iştirakçısıydı. Qız övladının üzünü belə görə bilməyən Abdurahman üçün bu şans yaradılsa da, o, döyüş yoldaşlarını sona qədər tərk etməyəcəyini deyib.
Və şəhidlik zirvəsinə ucalana kimi də, körpəsini bağrına basa bilməyib. Əlbəttə ki, bu Vətənə olan məhəbbətdən, sədaqətdən irəli gəlir. Abdurahmanı tanıyanlar deyir ki, çox vətənpərvər insan olub. Çox danışmağı sevməyən Abdurahman İsrafilov hər dəfə məzuniyyətə gələndə Aprel şəhidlərinin ailələrinə baş çəkərmiş, hədiyyələr apararmış. Və hərbidə işlədiyi müddətcə bir dəfə belə olsun hərb sahəsindən danışmazmış, sirr saxlamağı xoşlayarmış.
Abdurahman İsrafilov Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Qubadlı rayonlarının düşmən tapdağı altından azad olunması üçün gedən şiddətli döyüşlərdə iştirak edib. Oktyabrın 21-də Qubadlının azad olunması üçün gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının imzaladığı sərəncamlarla Abdurahman İsrafilov ölümündən sonra, 15-12-2020-ci ildə “Vətən Uğrunda” və “Füzulinin azad olunmasına “ görə medalı ilə təltif olunub.
Şəhid qəhrəmanımızı yaxından tanımaq və oxucularımıza tanıtmaq üçün onun haqqında qıssa məlumat vermək istəyirik.
İsrafilov Abdurahman İsrafil oğlu 11-06-1991 ci ildə Zaqatala rayon Qımır kəndində doğulub. 21-10-2020-ci ildə isə, Qubadlı rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına vuruşub və şəhidlik zirvəsinə ucalıb.
İsrafil və Şəfiqə İsrafilovların üç oğlu olub. Elşən evin böyük oğlu, Abdurahmanla Abdullah isə əkizlər olublar. Bundan əvvəl isə dörd övladları qan xərçəngindən dünyalarını dəyişiblər.
Abdullah deyir ki, biz əkiztayı kimi hər yerə bir yerdə gedərdik:”əvvəlcə bağçaya, sonra orta məktəbə, daha sonra isə əsgərliyə bir yerdə getmişik. Təsəvvür edirsiniz, kiçik yaşlarından həm qardaş, həm də, dost olmuşuq. Bağça, məktəb və əsgər yoldaşlarıyıq.
1997-2008-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil almışıq.
Müddətli həqiqi-hərbi xidmətimizi Füzuli rayonu ərazisində etmişdik. 15 iyul 2009-cu ildə əsgər paltarını geyindik, 1 yanvar 2011-ci ildə isə təxris olunduq. Abdurahman sərhəd xidmətinə, mən isə daxili qoşunlarda müddətdən artıq xidmət etməyə başladıq. Mən 2014-cü ildə xəstəliklə ehtiyyata buraxıldım. Beş ilə yaxın işləyəndən sonra, Abdurahman da, hərbidən ayrıldı və evdə kənd təsərrüfatı ilə məşğul olmağa başladı. Çox yaxşı at çapmağı var idi, ümumiyyətlə təsərrüfatla məşğul olmağı sevirdi. Heç vaxt avaralanmazdı, ancaq təsərrüfatla məşğul olardı, işləməkdən zövq alardı.
İki ildən sonra o, yenidən hərbiyə, bu dəfə isə Milli orduya qəbul olundu. 2019-cu ildən hərbi formanı yenidən əyninə geyinən Aburahman xüsusi olaraq, hazırlanmışdı. O, həm snayperçi idi, həm də, kəşviyyatçı kimi təlimlərə qatılmış, xüsusi hazırlıqlar keçmişdi. Son xidmət yeri Ağcabədi zonası olub, Vətən müharibəsi başlayan kimi ən qaynar nöqtələrdə döyüşlərin iştirakçısı olub. Çox diribaş adam idi, bədəni dəmir kimi möhkəm idi. Ona Allah belə möhkəm bədən vermişdi. Onunla nə qədər söhbət edirdiksə, fərq etməz müharibə başlamışdı, yoxsa yox, o heç vaxt bizə müharibənin olduğunu demədi. Həmişə deyirdi ki, müharibə falan yoxdur.
Onun çoxlu zarafatları olardı, həmişə mənimlə zarafatlaşardı.
Bir gün bizə gözləmədiyimiz acı xəbər verdilər, ailəyə Şəhid xəbəri gəldi və biz də, artıq şəhidimizin nəşini qəbul etmişdik. Birdən mənim telefonuma zəng gəldi, səs Abdurahmana oxşayırdı. Mən şokdaydım, əvvəlcə qulağıma inanmırdım, birdən dedi ki, sən orada nə oyun çıxarırsan? Onda dəqiq bildim ki, bu Abdurahmandır, yenə də zarafatından qalmırdı. Dərhal çölə çıxıb, şəhidin nəşinin səhv gəldiyini dedim.
Daha sonra Abdurahmanla telefonla danışanda dedim ki, günahın hamısı səndədir, niyə tez-tez evə zəng etmirsən?
Günlərin birində sübh tezdəndən zəng etdi və ata-anayla xeyli danışdı. Mənə də, dedi ki, ata-anaya yaxşı bax. O, atamla çox yaxın dost idilər, bütün sirrləri bir idi. Odur ki, həmişə onun daha çox qayğısına qalırdı. Bu telefon danışığında bütün uşaqları soruşdu, dost-tanışı və s.
Ancaq ən çox da, qızına yaxşı baxmağı xahiş edirdi. İş elə gətirdi ki, kəndimizə eyni gündə iki şəhid gətirdilər. Abdurahman və Xəqani eyni gündə kənd qəbirstanlığında dəfn olundular. “
Abdullahın həyat yoldaşı Namidə xanım da, qaynı haqqında xeyli danışdı:” Biz onunla çox yaxşı münasibətdə olmuşuq, xətrimiz əziz olub. Sonuncu dəfə zəng edib, mənimlə xeyli danışdı. Mən qardaşımı ondan soruşdum, dedim ki, Əkrəmdən mənə bir xəbər deyə bilərsən?, o da, dedi ki, narahat olma, onlar arxadadırlar.
Soruşdum ki, sən özün necəsən?, dedi ki, sən qorxma, mən əlayam, bilirsən də, pis adama heç nə olmaz. Xeyli zarafatlaşdı mənimlə, sonunda da, dedi ki, qızımı xəstəxanadan çıxarmağa gedərsən? Dedi ki, mütləq get, qızıma baş çək, ondan muğayat ol, həmişə yanında ol. Mənim fikirim qalmışdı qardaşımın yanında, onu soruşurdum. O isə, ancaq qızı ilə maraqlanırdı, üzünü görmədiyi qızını bərk-bərk tapşırırdı, deyirdi ki, qızıma yaxşı baxın.”
ƏLMANİZ Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
718