ŞƏHİD MUSA NUHİYEV MÜASİR, ŞANLI TARİX YAZAN ZAQATALALILARDANDIR.
ANASININ DOĞULDUĞU AĞDAMI YAĞI DÜŞMƏNDƏN XİLAS EDƏN
MUSA NUHİYEV, MƏHZ SƏNGƏRDƏ ŞƏHİDLİK ZİRVƏSİNƏ UCALDI.
Birinci Qarabağ savaşı bitəndən sonra, atəşkəs elan olunduqdan bir neçə il sonra Zaqatala rayonu Qımır kəndində Musa adlı bir uşaq dünyaya gəldi. Anası ağdamlı olduğunua görə düşmən tapdağında qalan Azərbaycan torpaqlarının yanğısı Musaya ikiqat təsir edirdi. Ana vətənində erməni cəlladları at oynadarkən, Musa sakitcə dayanıb baxa bilməzdi.
Müddətli həqiqi-hərbi xidmətini Naxçıvan MR-da Sərhəd dəstəsində edən Musa, hərbin sirrlərinə daha dərindən yiyələnməyə başlayıb. Bu maraq Musanı Ağdama çəkdiyi üçün, o, 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etməyə qərar verib. Və qıssa müddətdən sonra Ana vətəni olan Ağdamda xidmətə başlayıb.
Anası nə qədər deyib-gülsə də, ürəyində həmişə bir vətən niskili var idi, Musa bunu çox məharətlə görürdü. Odur ki, o, hər bir vəclə çalışırdı ki, Ağdamın düşmən tapdağı altında qalan ərazilərinin işğaldan azad edilməsində hökmən iştirak etsin. Musa istəyinə nail oldu, məhz Ağdamın yağı düşməndən azad edilməsi üçün gedən aktiv döyüşlərdə iştirak etdi. Düzdür Musa Nuhiyev təkcə Ağdamda deyil, Suqovuşan, Tərtər, Füzuli rayonlarında da, döyüşüb.
Minamyotçu olan Musa Nüsrət oğlunun son telefon danışığı anasıyla olub. O, 15 oktyabrda anasıyla telefonda xeyli danışaraq, ona noyabrda məzuniyyətə gələcəyini deyib. Anası Laləzar xanım isə Musaya deyib ki, səni evləndirmək istəyirəm:”Dedim ki, oğlum daha bəsdir, bu dəfə məzuniyyətə gələndə səni evləndirəcəyəm. Musa da, dedi ki, sən belə tez qocalmısanki məni evləndirirsən?
Mənimlə tez-tez zarafat edərdik. Bu dəfə də, mənim fikrimi zarafatla başqa tərəfə yönəltdi. Mən oğlumla sirdaş idim, o, çox sakit, tərbiyəli bir uşaq idi. Yaman utancaq idi, heç kimin evində bir stəkan çay belə içməzdi. Baxmayaraq ki, orta məktəbdə dərslərini yaxşı oxumazdı, ancaq hamının hörmətini qazanmağı bacarmışdı. Özündən böyük insanlar bütün işlərin arxasınca Musanı göndərərdilər.
O, məhəlləmizdə, qohum-əqraba arasında ən kiçik oğlan uşağı olduğuna görə hamının işinə yarayırdı. Həmişə özündən böyüklərlə dostluq edər, onların məsləhətlərinə qulaq asardı. Güllərə qarşı xüsusi sevgisi var idi, hətta xidmət etdiyi hərbi hissənin həyətində belə gül əkib.
Uşaqlıqda çox sakit olsa da, böyüyüb kişi olandan sonra isə, məni qolları üzərinə alaraq, evdə gəzdirirdi. Zarafatından qalmırdı.
Sonuncu dəfə telefonla danışan zaman gördü ki, ağlayıram, dedi ki, ay ana bu əvvəl-axır olmalıydı və oldu.
Evləndirmək istəyimi zarafata salsa da, arada deyirdi ki, qızı ağdamdan alacağam ki, sənin Ağdama get-gəl etməyin üçün bir səbəb olsun.”
Musa Nuhiyevin bacısı Gülnar da, qardaşı haqqında ətraflı danışdı:”mənə sonuncu dəfə telefon danışığımızda dedi ki, ata-anaya yaxşı baxarsan. Sanki şəhid olacağını hiss edirmiş və ata-anamızı mənə tapşırırdı.
Qardaşım yaxşı at çapırdı, hər dəfə məzuniyyətə gələn zaman saatlarla at çapardı.
Musanın döyüş yoldaşları bizə dedilər ki, səngərdə döyüş zamanı kiməsə dedilər ki, təcili mərmi gətirmək lazımdır. Musa baxıb görüb ki, zəif bir əsgər mərmi arxasınca gedir. Musa deyib ki, bu uşağın nə canı-cüssəsi vardır ki, mərmiləri də, o daşısın. Özü səngərin baş tərəfinə gedib ki, oradan çıxaraq, mərmi gətirsin. Həmin an, səhər saat 8-00 da, Musanın olduğu səngərə artilleriya zərbəsi ilə mərmi atılıb və Musa səngərdə də, şəhid olub. Əslində onun döyüş yoldaşı Qoca Namazovun da, həmin anda iki ayağı səngərə atılan mərmi sayəsində yaralanıb.
Musa mərmi yarasından açılan qanaxmadan dünyasını dəyişib. Həmin günü saat 11-00 da, Musanın nəşi Zaqatalaya gətirildi. Qoca Namazovun ayaqları və Musanın barmağını həmin döyüş gedən kənddə dəfn edərək, baş daşı da, qoyulub.
Mən qardaşımla fəxr edir, qürur duyuram. Bir dostuyla votsap yazışmasını mənə göstərəndən sonra qardaşımla bir daha qürur duymağa başladım. Belə ki, Musa yazmışdı ki, hər oğula qismət deyil, öz ana torpaqlarını düşmən işğalından xilas etsin. O, bu missiyanı sevərək yerinə yetirirdi.”
Nuhiyev Musa Nüsrət oğlu haqqında bildiyimiz bəzi məlumatları olduğu kimi oxucularımıza çatdırmaq istəyirik:
Musa Nüsrət oğlu Nuhiyev 1998-ci il oktyabrın 2-də Zaqatala rayonunun Qımır kəndində dünyaya göz açıb. 2005-2016-cı illərdə İ.Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb.
Musa Nuhiyev 2016-cı ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. 2016-2018-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin (Naxçıvanda Sərhəd dəstəsində) “N” saylı hərbi hissəsində xidmət edib. 2018-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Musa Nuhiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdam istiqamətində gedən döyüşlərdə iştirak edib.
Musa Nuhiyev oktyabrın 16-da Ağdam istiqamətində gedən döyüşlərdə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Zaqatala rayonunun Qımır kəndində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Ağdam rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Musa Nuhiyev ölümündən sonra "Ağdamın azad olunmasına görə" medalı ilə də təltif edilmişdir.
Bundan başqa, Prezidentin müvafiq Sərəncamına əsasən “Vətən Müharibəsi iştirakçısı” medalı ilə də, təltif edilmişdir.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
621