ZAQATALALI ŞƏHİD XƏQANİ MURTUZƏLİYEV VƏTƏN FƏDAİLƏRİNDƏNDİR.
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Xəqani Murtuzəliyevdir.
İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlayan kimi Müzəffər Azərbaycan ordusu erməni ordusunu döyüş meydanında üstələməyə başladı. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan və cəmi 44 gün ərzində erməni cəlladlarının diz çökməsinə səbəb olan, Vətən Müharibəsi zamanı Xəqani Murtuzəliyev də, bu yolda can qoyanlardan olub. Xəqani İsa oğlu Murtuzəliyev otuz ilə yaxın işğal altında qalan torpaqlarımızı yağı düşməndən azad etmək üçün canı-qanı ilə tarix yazanlardan oldu.
Xəqani Murtuzəliyevin doğulub, boya-başa çatdığı Zaqatala rayon Qımır kəndində olduq. Atası İsa və anası Südabər Murtuzəliyevlərin qonağı olduq. Atası İsa kişi oğlundan ağızdolusu danışmağa başladı:”Xəqani uşaqlıqdan canlı-cüssəli idi, onda pəhləvan gücü var idi. Oğlum müddətli həqiqi-hərbi xidmət keçən vaxtı topçu olmuşdur. Daha sonra Müddətdən artıq həqiqi hərbi xidmətə başlayan kimi bütün xidmətini cəbhəboyu bölgələrdə etmişdir. Bir ilə yaxın idi ki, Bakı ətrafına göndərilmişdir.
Görünür müharibənin olacağını hərbiçi kimi bilirmiş, ancaq bizimlə danışan zaman bizə bu haqda demirmiş. Oktyabrın 11-də ad günü idi, ona zəng etdim, dəstəyi qaldırmadı, sonralar dedilər ki, həmin tarixdə Füzulidə döyüşlərdə olublar.
Xəqani uşaqlıqdan necə hörmət-izzət qazanmışdırsa, işləyən dövrlərdə də, onu qoruyub, saxlamış və biraz da, artıra bilmişdir. Kənd mərkəzinə çıxan zaman kənddə yaşından asılı olmayaraq, hamı onunla görüşüb, hal-əhval tutardı.”
Uzun illər sovetlər dövründə tütünçülük, və s, kolxoz işlərində əziyyətlə işləyən, ancaq övladlarını bu əziyyətə salmayan Südabər ana da, oğlu haqqında xeyli danışdı:” oğlum mənə zəng edib, dedi ki, get Bakıya ailəmin yanına, mən də dedim ki, baş üstə, gedərəm. Dedim ki, oğlum necəsən, işlər necədir?, o da, mənim nə demək istədiyimi anlayaraq, dedi ki, hər şey əladır, küçükləri qırırıq.
Dedi ki, döyüş bitən kimi birinci kəndimizə gələcəyəm, daha sonra Bakıya gedəcəyəm. Mənim bir oğlum və bir qızım olub, Havva və Xəqani. Bütün ömrümü onların rahat böyüməsinə həsr etmişdim. Xəqani çox istiqanlı, ailəcanlı bir oğul olub. Hərbiçi ailəsi olmaq çox çətin idi, evdə, ailəsinin yanında az vaxt keçirirdi. Odur ki, vaxt tapıb evə gələn kimi yalnız uşaqlarıyla oynayardı.
Sonuncu dəfə dostlarına zəng edib deyib ki, atamdan muğayat olarsınız.
Mən bütün ömrümü uşaqlarımın firavan yaşamasına həsr etdim, həddən artıq çox istəyirdim. Ona görə də, zalım fələk onu mənim əlimdən aldı. Bu gün onun üç övladı bizə yadigar qalıb. Böyük oğlu İsa bizim yanımızda qalır, qızı Bəyim və kiçik oğlu Tunar isə Bakıda anasıyla qalırlar.”
Şəhid Xəqani İsa oğlu Murtuzəliyevi oxucularımızla yaxından tanış etmək məqsədilə onun haqqında qıssa arayış vermək istəyirik:
Xəqani İsa oğlu Murtuzəliyev 1984-cü il oktyabrın 11-də Zaqatala rayonunun Qımır kəndində anadan olub. 1990-2001-ci illərdə İ. Məmmədov adına Qımır kənd tam orta məktəbində təhsil alıb. Ailəli idi. 1 qızı və 2 oğlu yadigar qaldı.
Xəqani Murtuzəliyev 2002-2004-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2013-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Xəqani Murtuzəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Hadrut qəsəbəsinin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xəqani Murtuzəliyev oktyabrın 20-də Füzuli döyüşləri zamanı şəhid olub. Zaqatala rayonunun Qımır kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəqani Murtuzəliyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Əlmaniz Ələkbərli
Azərbaycan jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
604