XTQ MAYORU, VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI ŞİXAMİR QAFLANOV MÜASİR VƏ ŞANLI AZƏRBAYCAN TARİXİ YAZANLARDANDIR.
Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanın ən ağır dərdi “Qarabağ” problemi idi. Xalqımızın igid oğlanları irəli əmrini otuz ilə yaxın gözləməli oldu. Və Prezident İlham Əliyev, Ali Baş Komandan kimi Müzəffər Azərbaycan ordusunun başında dayanaraq, cəmi 44 gün ərzində erməni cəlladlarını diz çökməyə məcbur etdi. Bu müharibə onu sübut etdi ki, Azərbaycan ordusu cənubi Qafqazın ən güclü ordusudur. İkinci Qarabağ savaşı “Vətən Müharibəsində” öndə olanlardan və şanlı tarix yazanlardan biri də, uşaqlıqda əmisinin birinci Qarabağ savaşında gözünü vətənə qurban etməsindən təsirlənən Şixamir Qaflanov idi. Şixamir əsgərliyini xüsusi təyinatlı kimi etdiyi üçün, bu yolu özünə peşə seçərək, təhsil aldı və mayor rütbəsində, XTQ komandiri kimi də, şəhidlik zirvəsinə ucaldı.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş döyüşçülərdən biri də, şəhid mayor Qaflanov Şixamir Oruc oğludur.
Şəhid mayor Şixamir Qaflanovun ailəcanlı, dostcanlı, vətənpərvər olduğunu bütün dostları bilirdi, onun bu millətə əmanət etdiyi Mədinə adlı yeganə övladı və həyat yoldaşı Solmaz xanım haqqında da, oxucularımıza məlumat vermək istəyirik.
Qaflanova Solmaz Habil qızı Vətən Müharibəsi qəhrəmanı Şixamir Qaflanovun həyat yoldaşıdır. Solmaz evin tək qızıdır, Şixamir Qaflanovla bir il üç ay ailəli olublar.
Solmaz xanımla görüşərək,
qəhrəmanımızla bağlı xeyli söhbətləşdik:” Uşaqlıqdan Tala kəndinə gediş-gəlişimiz olub. Belə ki, bibim həmin kənddə yaşayırdı, biz balaca olan vaxtı onunla çox görüşmüşdük. Sonra orta məktəbi bitirən vaxtı biz onunla yenidən görüşdük. Və biz nişanlandıq, bir müddət sonra isə ailə qurduq. Evliliyimiz müharibə üzündən az davam etsə də, biz çox xoşbəxt ailə ola bildik.
Şixamir ailədə dörd qardaş olub, ailənin bütün üzvləri dövlətə xidmətlərini layiqincə veriblər. Onların hər biri müsəlləh əsgər olublar. Müddətli həqiqi-hərbi xidmətini başa vurduqdan sonra Şixamir atasına hərbiçi olmaq istədiyini deyib, o da, buna razılıq verməyib. Şixamir altı ay heç yerə getməyib, evdə oturub və sonunda atasını hərbiçi olmağa razı sala bilib. Beləliklə də, Daxili qoşunlarda xüsusi təyinatlı kimi işə başlayıb. Böyük qardaşı Qurban DİN-nin polkovnik-leytenantıdır. Asif Birinci Qarabağ müharibəsinin qazisidir, bir gözünü itirib.
Atası Oruc Qaflanov artıq dünyasını dəyişib.
Mən komando təlimlərinin adlı-sanlı komandirlərindən birinin həyat yoldaşı olduğumu bilirdim. Bu insan sanki anadan hərbiçi doğulmuşdu. Bəzən evdə də, hərbi hissədəki kimi nizam-intizamlı davranardı. Mən də, ciddiyyəti aradan götürmək üçün zarafatla deyirdim ki, sən hərbi hissədə deyilsən, mən də, sənin maxen deyiləm.
Avqust ayında təlimlərdə oldu, daha sonra məzuniyyətə çıxdı. On gün sonra onu geri çağırdılar. İş elə gətirdi ki, bizim qızımız dünyaya gəlmişdi, o imkan tapıb bizi xəstəxanadan çıxara bilmədi, qardaşı ilə çıxardıq. Daha sonra bir-iki dəfə gəlib uşağı gördü, ancaq Mədinə yeni doğulan körpə olduğuna görə hələ gözlərini tam açmırdı. Hər dəfə telefonla danışanda deyirdi ki, bu uşaq mənim üzümə nə vaxt güləcək?
Təlimlərə tez-tez getdiyinə görə bir növ alışmışdıq. Yəni müharibəyə belə gedəndə mənə demişdi ki, biz İsmayıllıya təlimə gedirik, mən də, ona inanmışdım. Bəzən xarici ölkələrə də, təlimlərə, kurslara gedərdi. Sonuncu getdiyi ölkə Türkiyə olmuşdur. İki dəfə Türkiyədə “Komando Foco” tədbirlərində iştirak edib.
Şixamir həddindən artıq ailəcanlı, dostcanlı idi.
O, müharibənin olduğunu bilirdi, nə də, olsa Xüsusi təyinatlı komandir idi. Şixamir müharibənin başlandığını bildiyinə görə, o, 25 sentyabrda qardaşı Qurban və onun həyat yoldaşı, bir də biz ikimiz restorana getdik. Mənə dedi ki, qardaşı Qurban bizi dəvət edib, sonralar müharibə gedən vaxtı Qurban mənə dedi ki, Şixamir özü təşkil etmişdi, görünür müharibədə hər şeyin ola biləcəyini nəzərə alaraq, sonuncu dəfə bir yerdə nahar etməyimizi istəmişdi. Həqiqətən də, bu bizim bir yerdə sonuncu dəfə nahar etməyimiz oldu. Restoranda Qurbanın həyat yoldaşı müharibədən danışmağa başlayarkən Şixamir ona sms yazıb ki, müharibədən danışma, Solmaz çox narahat olur.
Daxili qoşunların mayoru idi, həm də, xüsusi təyinatlı zabiti idi. Bakı, Bərdə, Zaqatala və Qubada da, xidmət etdiyinə görə biz də, bir çox rayonlarda yaşamışıq.
Bir dəfə rayona gedirdik, sentyabrın 2-3-ü olardı, yolda dostu ilə qərara gəldilər ki, kafelərin birində oturub yemək yesinlər. Belə bir ifadə də, işlətdilər ki, sonra buna vaxt olmayacaq. Mən onda bu sözləri niyə dediklərini anlamırdım. Ancaq yol boyu fikirli olduğunu, nəyisə düşündüyünü görürdüm.
Şixamir mənə həmişə balaca uşaq kimi baxıb, elə də, davranırdı. Nədənsə incidiyimi bilən kimi axşam evə gələndə uşaqlara alınan meyvə şirəsi və s. alıb gətirər və könlümü alardı.
Onun haqqında çox şeyi Şəhid olduqdan sonra bilmişəm. Məsələn, iş yoldaşları deyirdilər ki, bəzən maaş gecikən zaman o, öz işçilərinə pul verərmiş ki, korluq çəkməsinlər.
Müharibədən əvvəl sonuncu iş yeri Qubadakı “N “ saylı hərbi hissədə Xüsusi Təyinatlıların komandiri olub.
Sonuncu dəfə evdən çıxanda bir neçə dəfə geri dönüb mənə baxdı, mən də, zarafatla dedim ki, nə baxırsan, məni birinci dəfədir görürsən, get də, niyə yenə geriyə döndün? Sən demə o döyüşə gedirmiş, mənə narahat olmayım deyə təlimə getdiyini deyib.
Xüsusi təyinatlı komandir olsa da, mənim üçün həyat yoldaşı idi. Odur ki, mən də, hərdən nəyin necə baş verməsini soruşub, maraqlanırdım. Cavabı çox qıssa olardı, olmaz, çünki məxhvidir. Hər sözünün əvvəlində məxhvi sözünü işlədərdi, hətta telefonumda olan hərbi formadakı şəkillərin hamısını silərdi. Yalnız mülki formada olanları saxlayardı.
Oktyabrın 19-da, şəhid olub, 23-də Zaqatalaya gətirdilər və 24-də dəfn olundu.”
Hazırda Zaqatala şəhər Humanitar Fənlər Gimnaziyası Vətən Müharibəsi Qəhrəmanı Şixamir Qaflanovun adını daşıyır.
Vətən Müharibəsi Qəhrəmanı Şixamir Oruc oğlu Qaflanov haqqında qıssa məlumatı oxucularımıza da, təqdim edirik:”
1986-cı il dekabrın 7-də Zaqatala rayonunun Üçüncü Tala kəndində anadan olan Şixamir evin sonbeşiyi idi. O, orta təhsilini Üçüncü Tala kənd tam orta məktəbində alıb. 2005-2006-cı illərdə Daxili Qoşunların Gəncə şəhərindəki hərbi hissəsinin xüsusi təyinatlı dəstəsində həqiqi hərbi xidmət keçib. Tərxis olunduqdan bir müddət sonra - 2007-ci ilin aprelində Şixamir yenidən ordu sıralarına qayıdaraq, Daxili Qoşunların müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Vətənə borcunu şərəflə yerinə yetirməyə başlayıb.
Şixamirin ən böyük arzusu zabit kimi Vətəninə xidmət etmək olub. Məhz bu arzu ilə 2008-ci ildə Daxili Qoşunların zabit hazırlayan Orta İxtisas Hərbi Məktəbinə daxil olan Şixamir 2010-cu ildə bu hərbi təhsil ocağını müvəffəqiyyətlə bitirərək, leytenant hərbi rütbəsi alıb. Zabit kimi, ilk olaraq Daxili Qoşunların Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissəsində fəaliyyətə başlayan Şixamir 2012-ci ilin oktyabrınadək burada müxtəlif bölmələrin tərkibində tağım və qrup komandiri vəzifələrində xidmət edib. Yüksək çalışqanlığı, bilik və bacarığı sayəsində qısa müddətdə hərbi hissə komandanlığının etimadını qazanmağa müvəffəq olub. Xidmət etdiyi dövrdə yüksək döyüş hazırlığı və nümunəvi xidməti ilə fərqlənən mayor Şixamir Qaflanov 3-cü dərəcəli “Hərbi xidmətdə fərqlənməyə görə” , 3-cü dərəcəli “Qüsursuz xidmətə görə” , eləcə də “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” və “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalları ilə təltif edilib.
Şixamir Qaflanov xidmət etdiyi dövrdə iki dəfə - 2012-ci ilin oktyabrından dekabrınadək və 2019-cu ilin fevralından iyununadək qardaş Türkiyə Respublikası Jandarm Baş Komandanlığının Jandarm Komando məktəbləri və Təlim Mərkəzi Komandanlığında müvafiq olaraq “Zabit komando təməl kursu” və “Jandarma komando ixtisas kursu”nda təhsilini davam etdirib.
Vətən qarşısında müqəddəs borcunu şərəflə yerinə yetirən zabit və qeyrətli Azərbaycan vətəndaşı kimi, Şixamirin ən böyük arzusu işğal altındakı torpaqlarımızın azadlığı və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. O, hərbi anda sadiq qalan vətənpərvər, mərd bir hərbi qulluqçu kimi, ən böyük arzusunun çin olması üçün qanından və canından keçməyə hər zaman hazır idi və Vətən müharibəsində bunu sübut etdi.
Xain qonşularımızın işğalı altında olan ərazilərin azad edilməsi üçün 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən başlanan Vətən müharibəsinin ilk günlərindən mayor Şixamir Qaflanov komandiri olduğu və qoşunların “Bəbir” şərti adı verilmiş xüsusi təyinatlı dəstəsinin mərd hərbi qulluqçuları ilə birgə cəbhənin müxtəlif istiqamətlərində erməni terrorçularının başına od-alov yağdırdı. Oktyabrın 19-da Füzuli-Xocavənd istiqamətində gedən döyüşlərdən biri Şixamirin sonuncu döyüşü oldu. Baş vermiş bu qanlı döyüşdə o, tabeliyində olan cəsur silahdaşları ilə birgə ermənilərin xeyli sayda canlı qüvvəsini və hərbi texnikasını məhv edərək, mühüm strateji mövqeləri azad edib. Lakin acı məğlubiyyətlə barışmaq istəməyən düşmən digər yüksəkliklərdə yerləşən postlarından itirdikləri mövqeləri snayperlərdən, iriçaplı silahlardan və minaatanlardan güclü atəşə tutub. Şiddətli döyüşlərin gedişində düşmən snayperinin açdığı atəş nəticəsində baş nahiyəsindən ağır yaralanan mayor Şixamir Qaflanov gözlərini yumaraq əbədi ölümsüzlüyə - şəhidlik zirvəsinə yüksəlib.
Mətbuatdan aldığımız məlumatlara görə bu döyüşdə qəhrəman komandirlə birgə onun tabeliyində xidmət edən Daxili Qoşunların “N” saylı hərbi hissəsinin digər üç nəfər cəsur hərbi qulluqçusu – baş çavuş Mehdiyev Surxay Zülfi oğlu, baş çavuş Məmmədov Sahib Yaşar oğlu və çavuş Ələsgərzadə Sənan Muxtar oğlu da son damla qanlarınadək vuruşaraq şəhid olublar.
Mayor Şixamir Qaflanov oktyabrın 24-də Zaqatala rayonunun Üçüncü Tala kənd qəbiristanlığında dəfn olunub. O, evli idi və Mədinə adlı qız övladı xalqımıza əmanətdir.
Şixamirin böyük qardaşı Asif Qaflanov Birinci Qarabağ müharibəsi qazisidir. Xocavənd istiqamətində gedən döyüşlərdə yaralanan Asif ikinci qrup müharibə əlilidir.
Mətbuatdan oxuduğumuz digər məlumatlara görə qəhrəman zabitimizin digər qardaşı, vaxtilə Daxili Qoşunların sıralarında xidmət edən və hazırda Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayında xüsusi vasitələr xidməti rəisi, polis mayoru Qurban Qaflanov Şixamirin Müzəffər Ali Baş Komandanın torpaqlarımızın işğaldan azad edilməsi uğrunda verdiyi döyüş əmrini böyük sevinc və ruh yüksəkliyi ilə qarşıladığını deyir: “Şixamir mənim üçün təkcə qardaş deyil, həm də bir dost, sirdaş idi. Hər bir dərdini mənimlə bölüşərdi. Cəbhəyə yollananda da, evdəkilər nigaran olmasın deyə bu barədə yalnız mənə bildirmişdi.”
Şixamir Qaflanov haqqında digər döyüş yoldaşlarının fikirləri də, çox maraqlıdır:”Daxili Qoşunların “N” saylı hərbi hissəsində xüsusi təyinatlı dəstə komandirinin tərbiyəvi işlər üzrə müavini, “Qarabağ” ordeni, “Şücaətə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmiş mayor Elşən Məmmədov da, vaxtilə birgə xidmət etdiyi dəstə komandiri haqqında ancaq xoş sözlər danışa biləcəyini deyir: “Azərbaycan tarixinə qızıl hərflərlə yazılacaq Vətən müharibəsində dəstəmizin 6 hərbi qulluqçusu şəhid olub. Onlardan biri də, dəstə komandirimiz mayor Şixamir Qaflanovdur. Bir insan kimi də çox gözəl xasiyyəti vardı. Tabeliyində olan hər bir hərbi qulluqçuların problemləri ilə şəxsən maraqlanardı, hər zaman şəxsi heyətin qayğısına qalardı. Şəhid olma xəbərini eşidəndə inanmadım. Elə indi də, inanmağım gəlmir.
Allah ona və bütün şəhidlərimizə rəhmət eləsin!”.
Bəli, xüsusi olaraq, qeyd etmək istərdik ki, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı, qüdrətli sərkərdə İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz düşməni məhv edərək, torpaqlarımızdan qovub çıxardı. Dəmir yumruqla başı əzilən düşmən Azərbaycan əsgəri qarşısında diz çökdü və kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vətən müharibəsində qazanılan Böyük Qələbə, təbii ki, Şixamir kimi qəhrəman şəhid və qazilərimizin canı-qanı bahasına əldə edilib. Şəhidlərimizin həyat və döyüş yolu hər birimiz üçün örnəkdir.
Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə Şəhid mayor Şixamir Qaflanov “Vətən Müharibəsi Qəhrəmanı” , digər sərəncamları ilə mayor Şixamir Qaflanov (ölümündən sonra) “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də, təltif edilib.
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.