ZAQATALA RAYONU MUXAX KƏNDİ VƏTƏN YOLUNDA 21 ŞƏHİD VERİB.
VƏTƏN MÜHARİBƏSİNDƏ MUXAXLILARIN DA ÖZ DƏSTİ-XƏTTİ OLUB.
Azərbaycan müstəqilliyini əldə edəndən qıssa bir müddət sonra, müharibəyə sürükləndi. Baxmayaraq ki, nə güclü ordusu, nə də ki, yetərincə silah-sursatı var idi. Bütün bunlara rəğmən həmişəki kimi qeyrətli oğullarımız əliyalın belə olsa da, erməni faşistlərinin üzərinə getdilər. Canları-qanları ilə torpaqlarımızı qorudular. İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlanan kimi erməni cəlladları anladılar ki, daha 1990-cı illər deyil, artıq Azərbaycan ordusu Ümummilli lider Heydər Əliyev siyasətinin sayəsində cənubi Qafqazın ən güclü ordusudur. Və əlbəttə ki, dünya şöhrətli siyasətçi İlham Əliyev həmin güclü ordunun Ali Baş Komandanıdır.
Müzəffər Azərbaycan Ordusu budəfəki döyüşlərdə nəinki ermənilərə, hətta dünyanın aparıcı dövlətlərini mat qoyacaq bir müharibə apardı. Azərbaycan əsgəri ən yeni tarix yazdı. Şanlı tarix yazanlar arasında Zaqatala rayonu Muxax kəndinin qeyrətli oğulları da, vardır. Ümumilikdə 21 şəhid verən muxaxlılar Aprel döyüşlərində, “Vətən Müharibəsində” də, şəhid verdilər. Muxaxlılar Vətən deyərkən heç bir siyasi baxışa önəm verməyən bir kənd camaatıdır, onlar üçün öncə vətəndir. Biz bunu bütün döyüşlərdə qanı ilə şanlı tarix yazan muxaxlıların timsalında aydın görürük.
Bu gün Muxax kəndinin girişində Zaqatalalıların Vətən müharibəsi zamanı şəhid olmuş igid oğullarının portretləri asılmış böyük bir tabloya rast gəlmək olar. Daha sonra kəndin mərkəzində birinci Qarabağ müharibəsinin şəhidlərinin xatirəsinə həsr edilmiş abidə kompleksi, aprel şəhidləri və vətən müharibəsi şəhidlərinin portretlərinin asıldığının şahidi olursan. Bu o deməkdir ki, muxaxlılar öz şəhidlərinə böyük ehtiram və hörmətlə yanaşırlar. Muxax gəncləri arasında vətənpərvərliyə də, böyük təsiri olan bu abidə kompleksləri onu deməyə əsas verir ki, vətən oğulları Ana vətənin müdafiəsinə həmişə hazırdırlar.
Azərbaycan Torpaqlarını yağı düşməndən azad etmək üçün şəhid olan bir neçə qəhrəmanımızla sizləri də yaxından tanış etmək istəyirik:
APREL ŞƏHİDİ RƏVAN NURAYEV VƏTƏN FƏDAİSİ İDİ.
Məşhur Aprel döyüşlərinin qəhrəman döyüşçülərindən biri də, Rəvan İsmayıl oğlu Nurayev idi. Zəfərlə başa çatan “Vətən” müharibəsinin başlanmasına daha çox stimul verən aprel döyüşləri, erməni faşistlərinə çox böyük ibrət dərsi olmuşdur. Rəvan Nurayev cəsurluğu, qorxmazlığı ilə ermənilərə dərs verən Azərbaycan oğullarından biri idi.
Zaqatala rayon Muxax kəndinə daxil olarkən, kəndin girişində Zaqatala şəhidlərinin fotolarını özündə əks etdirən böyük bir tabloya rast gəlirsən. Bu kənd camaatının nə qədər vətənpərvər olmasından xəbər verir.
Məlum olduğu kimi Müzəffər Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan İkinci Qarabağ savaşı, “Vətən” müharibəsi rəşadətli Azərbaycan ordusunun qələbəsi ilə yekunlaşdı. Bu müharibənin başlanmasına ən böyük ruh yüksəkliyi, özünə güvən, inam verən isə, məşhur “Aprel döyüşləri” idi. Bu döyüşlər sanki Azərbaycan xalqına imkan vermişdi ki, otuz ilə yaxın ürəyində saxladığı qisas hissini erməni cəlladlarına göstərsinlər. Lələtəpədə Azərbaycan bayrağını dalğalandıran və sonradan onun keşiyini sədaqətlə çəkən cəsur əsgərlərdən biri də, Rəvan Nurayev olub.
Rəvan ailənin tək oğulu olub, yalnız vətən fədailəri onun atdığı addımları ata bilərdi ki, o da, bunu etdi. Vətənin işğal altında olan torpaqlarını sonuncu iki yüz ildə ilk dəfə olaraq, erməni yağılarından azad edilməsində iştirak etdi.
Bəli, Rəvan sözün hər mənasında tarix yazdı, həm də, “Şanlı Tarix” yazanlardan oldu. Həmin tarixi döyüşlərə qədər, dünyanın ən aparıcı dövlətləri Azərbaycan xalqını açıq savaşdan çəkindirmək üçün bütün gücüylə təbliğat aparırdı. Ancaq Rəvan kimi qeyrətli Azərbaycan oğulları öz canlarını fəda edərək, vətən torpağını ilk dəfə olaraq, işğaldan azad etdilər. Və bütün dünya gördü ki, Azərbaycan ordusu artıq sözdə deyil, əsil həqiqətdə çox güclü bir ordudur.
Rəvanın ailəsi ilə görüşmək üçün, Zaqatala rayonu Muxax kəndinə getdik. Darvazanın qapısını üzümüzə Havva ana açdı. Zəhmətkeş, sadə, əliqabarlı kəndli, qonaqpərvər, istiqanlı, oğul dərdi çəkməkdən beli bükülmüş, ancaq bunu biruzə verməyən, başını dik tutan Ana!, bir sözlə əsil Azərbaycan xanımı qarşımızda dayandı. Bizə xoşgəldin edərək, içəri dəvət etdi. Havva ananın gözlərinə baxan kimi orada qəhrəman oğul anasının surətini görürsən. Şəhid anası öz qəhrəman oğulu ilə qürur duymaqdan , fəxr etməkdən başqa çarəsi olmadığı üçün, onun haqqında keçmiş zamanda danışmaq istəməsə də, buna məcbur idi:”oğlum hələ iki yaşında idi, atasını itirib. Bacısı Fatma ilə Rəvan üçün həm ata, həm də, ana olmuşam. Bütün ömürü boyu çalışdım ki, uşaqlarım atasızlıqlarını hiss etməsinlər, maddi cəhətdən çox da, əziyyət çəkməsinlər, buna nə qədər nail olmuşam, onu deyə bilmərəm. Oğlum Muxax kənd iki saylı tam orta məktəbi bitirib, yaxşı oxuyurdu. Düzdür maddi imkanlarım elə də, yaxşı olmadığına görə repetitor yanına göndərmirdim. Buna baxmayaraq, Rəvan yaxşı oxuyurdu, o, Ali təhsil almaq üçün imtahana qatıldı. Və buna nail də, oldu, ancaq ödənişli təhsilə qəbul olduğuna görə razılaşmadı. Dedi ki, ana sən darıxma gedim əsgər borcumu verim, geri gəlib, yenidən test imtahanlarında iştirak edəcəyəm.
Bir il idi ki, həqiqi-hərbi xidmətdəydi. Sonralar bildik ki, oğlum xüsusi təlimlərdə iştirak edirmiş və qıssa müddət sonra cəbhə bölgəsinə apardılar. 2016-cı il aprel ayının ikisində, məşhur aprel döyüşləri zamanı oğlum şəhid oldu.”
Bəli, bu sözlərdən sonra danışmaq çox çətin idi.
Rəvan Nurayevin adına Muxax kəndinin ən böyük küçəsi verilib. Kənddə yol kənarında şəhidin adına bulaq kompleksi də, var.
“Hərbi Xidmətdə Fərqlənməyə Görə” 3-cü dərəcəli medalı ilə təltif edilən Şəhidimiz Muxax kənd qəbirstanlığında dəfn olunub.
Onun haqqında mətbuatda xeyli məqalələr yazılıb, qəzetlər və kitablarda da, yazılıb.
2016-cı il aprel döyüşləri şəhidlərinin əziz xatirəsinə həsr edilmiş Rəvan haqqında ətraflı məqalə verilən “Qalibiyyət Şahidlər və Şəhidlər” kitabı (müəllif Aida Eyvazlı Göytürk) da, işıq üzü görüb.
Bacısı Fatma da, qardaşı haqqında ağızdolusu danışdı. Deyir çox istiqanlı qardaş idi, həm dost, həm ata, həm də, qardaş idi.
Havva ana ilə ayrılan zaman ona dedim ki, həmişə başını belə dik saxla, sənin oğlun namus-qeyrət, ana-bacı isməti, Vətən üçün şəhid olub və biz hamımız, hər bir azərbaycanlı sənə borcluyuq.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
ŞƏHİD VİDADİ MƏMMƏDOV CƏSUR DÖYÜŞÇÜ KİMİ ADINI TARİXƏ YAZDIRIB.
İkinci Qarabağ, “Vətən Müharibəsi” başlanan kimi Vidadi Məmmədov da, silaha sarılaraq, vətənin müdafiəsinə qalxmaq üçün səfərbər oldu. Sentyabırın 21- də, işlədiyi tütün zavodundan səfərbərlik idarəsinə gedən Vidadi Məmmədov, hətta, qardaşı Elməddin Məmmədovla belə vidalaşmayıb.
Anası Züleyxa Cəbrayıl qızı Məmmədova kamera arxasında danışa bilmirdi, qəhər basdığı üçün fikrini çatdıra bilmirdi. Odur ki, çay süfrəsi arxasında xeyli söhbətləşdik. Züleyxa ana deyir ki, oğlum ailəni daha çox düşünən bir oğul idi. O, deyirdi ki, mən öz işimi, şəxsi biznesimi qurub, təxminən 27 yaşında ailə quracağam. Aşpazlığa çox maraq göstərirdi. Döyüşdə, dostlarına kabab da, çəkib. Biznes deyərkən, çox güman ki, restoran biznesini düşünürmüş. Çox ağıllı uşaq idi, hələ 9-cu sinifdə oxuyarkən, tezliklə işləməyə gedərək ailəsinə dəstək olacağını deyirdi. Və belə də, etdi, 9-cu sinifi bitirən kimi əmək fəaliyyətinə başladı.
Vidadi aprel döyüşləri başlayan zaman həqiqi-hərbi xidmətdə idi, odur ki, həmin məşhur döyüşlərin də, iştirakçısı olub.
Züleyxa ana deyir ki, oğlumun sevdiyi qız da, var idi, ancaq ona qismət olmadı.
Qardaşı Elməddin Məmmədov da, Vidadi haqqında kövrələrək danışdı: Biz təkcə dogma qardaş deyildik, biz həm də, dost idik. Bir yerdə dolanardıq, küçəyə, çayxanaya da, birgə gedərdik. O, məndən böyük idi, həmişə məni düşünürdü. Mənimlə bağlı planlarından danışardı, özündən çox mənim yaxşı olmağımı istəyərdi. Hərdən ikilikdə söhbət edən zaman deyərdi ki, bu dünyadan iz qoyub gedəcəyəm, bu həyatdan elə-belə getmək olmaz. Qardaşım dostluğa çox möhkəm adam idi. Döyüş yoldaşı Əliabad qəsəbə sakini, Rəvan Cəfərov da, onun haqqında video-müsahibəsində ətraflı danışıb.
Rəvanın çıxışına baxdıq, o, Vidadi haqqında həqiqətən də, ətraflı danışıb: Vidadi çox tərbiyəli, mehriban bir dost idi, baxmayaraq ki, döyüş yoldaşlarının heç biri köhnə tanışı deyildilər, ancaq o, hamının sevimlisinə çevrilmişdir. Kimin qanı qara idi, Vidadi ona yaxınlaşar, fikirini dağıtmaq üçün özündən nəyisə quraşdıraraq, üzündə təbəssüm yaradardı. Döyüş yoldaşlarına qarşı çox etibarlı idi. Onlar 12 nəfərlik qrupdan ibarət bir dəstə idilər. Minamyot zərbəsi onun yanına düşdü, o yaralı olmasına baxmayaraq, yerindən qalxdı, yenidən hərəkət etmək istəyəndə ikinci artilleriya zərbəsi də, onun yanına düşdü və bu zaman Vidadi artıq şəhid oldu. Onu döyüş meydanından mən çıxardım, çox təəssüf ki, artıq Şəhid olmuşdu.
Aprel döyüşlərində böyük təcrübə qazanan və Vətən müharibəsində Cəsur döyüşçü kimi ad qazanan Vidadi Məmmədovun avtobioqrafiyasını oxucularımıza da, təqdim edirik: Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsinin şəhidi Vidadi Etibar oğlu Məmmədov 1996-ci il mayın 6-da Zaqatala rayonunun Muxax kəndində anadan olub.
2002-2011-ci illərdə Şəhid A.Bubuşov adına 1 saylı Muxax kənd tam orta məktəbində təhsil alıb. Vidadi Məmmədov 2014-cü ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb.
2014-2016-cı illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində xidmət edib.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Vidadi Məmmədov 2020-ci il sentyabrın 21-dən Vətənin müdafiəsində dayanmışdı. Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərlə başlanan döyüş yolu sonralar Kəlbəcərə kimi uzandı.
Vidadi Məmmədov oktyabrın 13-də Kəlbəcər uğrunda gedən ağır döyüşlər zamanı şəhid olub . Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılıb, subay idi.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vidadi Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Vidadi Məmmədov, həmçinin, ölümündən sonra " Vətən Müharibəsi iştirakçısı" medalı və 24.06. 2021 "Cəsur döyüşcü" medalı ilə də, təltif edilib.
Bu gün Zaqatala rayon Muxax kəndində böyük küçələrdən birinə Şəhidin adı verilib.
Zaqatala rayon Muxax kəndi Birinci Qarabağ müharibəsində də, ən çox Şəhid verən kəndlərdəndir. Bu kənddə vətənpərvərlik ruhu gənclər arasında yüksək səviyyədədir.
ŞƏHİD NATİQ MAHMUDOVUN APREL DÖYÜŞLƏRİNDƏN BAŞLANAN DÖYÜŞ YOLU VƏTƏN MÜHARİBƏSİNDƏ ZƏFƏRLƏ BAŞA ÇATDI.
Müharibələr hər zaman insanlara bədbəxtlik gətirib, ancaq bəzən bu müharibələr, insanlar istəmədən, xəbərsiz gəldiyinə görə ikiqat dəhşətli olur. Birinci Qarabağ savaşı da, xalqımız üçün gözlənilməz oldu, Azərbaycan məcburən bu müharibəyə sürükləndi. Birinci Qarabağ müharibəsi baş verən zaman Şəhid Natiq Mahmudov dünyaya gəlməmişdi. Natiq Ramazan oğlu Mahmudov 1998-ci il fevralın ikisində Zaqatala rayonu Muxax kəndində dünyaya göz açıb. Muxax kənd bir saylı tam orta məktəbin on birinci sinifini bitirib. Uşaqlıqdan idmanın sərbəst güləş növü ilə məşğul olub. Onun bu idman növündə Respublika səviyyəsində qazandığı titulları saymaqla bitmir. Olimpiya çempionu Rəsul Çunayevlə daimi əlaqə saxlayıb, müxtəlif məsləhətlər alıb. Dağıstana tez-tez getdiyi üçün, dünya şöhrətli idmançı Həbib Nurməhəmmədovla da, görüşmüşdü.
Natiq futbola da, çox maraq göstərirdi. Şəhidimiz Birinci Qarabağ savaşını görməsə də, onun haqqında, itirilmiş torpaqlarımız, əsirlər, Xocalı soyqırımı haqqında çox eşitmişdi. Şəhid Natiq Mahmudovu oxucularımıza daha yaxşı tanıtmaq məqsədi ilə Zaqatala rayon Muxax kəndinə getdik. Yol kənarında şəhidimizin portretinə rast gəldik. Bəli, gəlib çıxdıq Ramazan kişinin evinə, anası və bacısı da, evdə idi. Anası kövrəlsə də, özündə güc taparaq, danışdı:” Natiq mənim sonbeşiyim idi, çox istiqanlı bir uşaq idi. 2016-cı il aprelin ikisində həqiqi- hərbi xidmətə yola saldıq. Oğlum kişi kimi, alnıaçıq əsgərliyini edib sağsalamat geri döndü. Aprel döyüşlərində də, iştirak edib. Hərbi xidmətini başa vurduqdan sonra Dağıstana böyük qardaşının yanına getmişdi. İkinci Qarabağ savaşı, “Vətən Müharibəsi” başlayan kimi Zaqatala rayon səfəbərlik idarəsinə gedərək, könüllü cəbhəyə getmək istədiyini bildirdi. Bir ay gözlədi, elə hər dəfə deyirdilər ki, yer yoxdur, olan kimi səni də, göndərəcəyik. Nəhayət ki, həmin gün də, gəlib çatdı. Oktyabrın 30-da, xəbər gətirdi ki, artıq cəbhəyə gedirəm. Çox sevincli idi, erməniləri torpaqlarımızdan qovub çıxarılmasında iştirak edəcəyinə çox sevinirdi. Noyabırın 5-7-si arasında Şuşa ətrafında gedən ağır döyüşlərdə yaralanıb. Natiqi əvvəlcə Hadruta, sonra Ağcabədiyə daha sonra isə, Bakı şəhərinə nevrocərrahiyyə deyilən xəstəxanaya aparıblar. Oğlum hardasa əlli iki gün komada qaldı və sonunda Şəhid oldu. “
Atası Ramazan kişi də, oğlu ilə fəxr etdiyini, qürur duyduğunu söyləyərək, onun heyvanlara qarşı xüsusi diqqəti olduğunu dedi:”Dağıstana gedən vaxtı oradan balaca bir it gətirmişdi, çox əzizləyirdi. Onu böyütmüşdü, müharibədən dönmədiyi üçün, həmin itə özüm baxırdım. Günlərin birində o it, müəmmalı şəkildə yoxa çıxdı.
Natiq uşaq vaxtı böyük qardaşı ilə birgə güləşə gedirdi. Mən də, uşaqlıqda güləşlə məşğul olmuşdum. O, trenajor zallarında da, məşq edərdi. Onu, hətta, bakıya da, məşqçi kimi dəvət etmişdilər, ancaq Natiq razılaşmamışdı. Bizə bu gün onunla fəxr etmək, qürur duymaqdan başqa bir şey qalmır.”
Natiq Ramazan oğlu Mahmudov ölümündən sonra “Xocavəndin azad olunmasına” görə (24-06-2021), “Vətən Uğrunda”” (24-06-2021) və “Cəbrayılın azad olunmasına “ görə medalları ilə təltif olunub.
Bəli, Aprel döyüşlərindən başlanan döyüş yolu, Zəfərlə başa çatan, “Vətən Müharibəsi” ilə yekunlaşdı. Düzdür vətən torpaqları erməni işğalçılarından azad olundu, ancaq Natiq Mahmudov və digər xalq qəhrəmanlarına həmin torpaqlarda gəzmək qismət olmadı.
Ümumiyyətlə Muxax kəndinin şəhidləri haqqında qıssa məlumatı çatdırmağı da,özümüzə borc bildik:
1. Məmmədov Xəqani Əli oğlu 11 iyul 1978-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1984-cü ildə Muxax kənd məktəbinin I sinfinə daxil olmuş, 1995-ci ildə həmin məktəbi bitirmişdir. 1996-cı ildə sənədlərini Baki Ali Birləşmiş Komandirlər məktəbinə vermiş və yüksək balla həmin məktəbə daxil olmuşdur. Ali hərbi məktəbi 2000-ci ildə avtomobil texnikasının istismarı və təmiri üzrə mühəndis ixtisası ilə bitirmiş, leytenant rütbəsində döyüş bölgəsinə təyinat almışdır. Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə başlamışdır. 2002-ci ilin may ayının 21-də Goranboy rayonun Gülüstan kəndi yaxınlığında düşmən minasına düşərək həlak olmuşdur.
25 may 2002-ci ildə Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında torpağa tapşırılmışdır.
2. Bubuşov Akif Damada oğlu 1 iyun 1973-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1980-cı ildə Muxax kənd 1 saylı orta məktəbinin I sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbi bitirmişdir. Məktəbi bitirdikdən sonra Zaqatala avtomobil məktəbinə daxil olmuş, oranı bitirdikdə sürücülük vəsiqəsi almışdir.
1991-ci ildə Sovet Ordusunda hərbi xidmətə çağrılıb. Ukrayna respublikasının Çernoqoro vilayətinin Kozeles-kiy rayonunda hərbi xidmətə başlamış, 1 iyun 1992-ci ildə sovet ordusundan, hərbi xidmətini öz respublikasında keçmək üçün buraxılmışdır. 1992-ci ilin1 iyulundan Yeni yaradılan Azərbaycan Milli ordusunda xidmət etməyə başlamışdır. Ağdam rayonunun Əhmədağalı kəndi yaxənlığında Fərrux dağı ətrafında gedən döyüşlərdəaldığı güllə yarasından həlak olmuşdur. 19 sentyabr 1992-ci ildə həlak olan Akif 21 sentyabr 1992-ci ildə Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında dəfn edilmişdir.
Oxuduğu Zaqatala rayonu Muxax kənd 1 saylı məktəb şəhid Bubuşov Akif Damada oğlunun adını daşıyır.
Bubuşov Akif Damada oğlu Muxax kəndinin Qarabağ uğrunda gedən döyüşlərdə verdiyi ilk şəhididir.
3. Osmanov Elman Məcid oğlu 23 avqust 1971-ci ildə Zaqatala rayonunun Muxax kəndinin Zəyəm obasında anadan olmuşdur. 1978-ci ildə Zaqatala rayonunun Zəyəm kənd səkkizillik məktəbinə daxil olmuş, 1986-cı həmin məktəbin 8-ci sinfini bitirmişdir. Təhsilini Muxax kənd 1 saylı orta məktəbində davam etdirmiş, 1988-ci ildə həmin məktəbi bitirmiş, orta təhsil haqqında attestat almışdır.
1989-cu ildə Sovet Ordusuna hərbi xidmətə çağrılmışdır. Uralın Nijniy Taqil şəhərində SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarında xidmət etmişdir.1991-ci ildə Sovet Ordusundan tərxis olunmuşdur.Bir müddət sonra Zaqatala tütün fermentasiya zavodunda işə girir. Bu zaman Azərbaycanda Qarabağ müharibəsi gedirdi. Sovet Ordusundan ehtiyata buraxılan hərbiçilərə ölkədə böyük ehtiyac duyulurdu. Səfərbərlik elan olunmuş belə əsgər və zabitlər Azərbaycan Milli Ordusuna çağrılırdılar. Elman ona gələcək çağrışı gözləmir və könüllü olaraq 2 sentyabr 1992-ci il tarixdə cəbhəyə, erməni işğalçılari ilə müharibəyə gedir. İki aya yaxin düşmənlə Laçın uğrunda döyüşlərin birində yaxınlıqda partlayan düşmən mərmisindən qopan qəlpə onu torpağımız uğrunda, Vətənimiz uğrunda şəhid edir.
Məzarı Zaqatala rayonunun Muxax kənd qəbirstanlığındadır.
Zəyəm kənd orta məktəbi bu gün şəhid Osmanov Elman Məcid oğlunun adını daşıyır.
4. Ağalarov İlqar Əli oğlu 1972-ci il iyul ayınin 8-də Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1978-ci idə Muxax kənd 2 sayli orta məktəbin I sinfinə daxil olmuş, 1987-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir. 1987-ci ildə Zaqatala 172 saylı Texniki peşə məktəbinə daxil olmuşdur. 1990-cı ildə kənd tikinti ustası peşəsi üzrə məktəbi bitirmişdir. 1990-1991-ci illərdə ailəsinə təsərrüfat işlərində kömək etmiş, özünü ordu sıralarında xidmətə hazırlamışdır. 1991-ci ildə Sovet Ordusunda hərbi xidmətə çağrılmış, əvvəlcə, Almaniyada olan sovet qoşunlarının tərkibində, sonra isə Kamçatkada xidmət etmişdir. Bir il xidmət etdikdən sonra SSRİ dağılması ilə əlaqədar, sovet ordusundan yarımçıq tərxis olunub, öz respublikasına göndərilib. Evə qayıdıb özünü Zaqatala hərbi komissarlığına təqdim edib, qeydiyyata düşüb elə ilk çağırışla Qarabağda ermənilərlə döyüşən Azərbaycan Milli ordusunun tərkibinə qatılıb. Bir sıra ağır döyüşlərdə iştirak etmişdir. Ağdərənin müdafiəsində cəsurluq və igidlik nümunəsi göstərmişdir. Belə döyüşlərin birində ağır güllə yarası alan İlqar 11 yanvar 1993-cü il tarixində həlak olmuşdur. 16 yanvar 1993-cü il tarixdə Zaqatala rayonunun Muxax kənd qəbirtsanlığına torpağa tapşırılmışdır.
5. İbiyev İbrahim Abdurahman oğlu 29 sentyabr 1974-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1981-ci ildə Muxax kənd 2 sayli orta məktəbin I sinfinə daxil olmuş, 1989-cu ildə həmin məktəbin 8-ci sinfini bitirmiş və natamam orta təhsil haqqında şəhadətnamə almışdır. Həmin il Zaqatala 172 saylı texniki peşə məktəbinə daxil olmuşdur. Peşə məktəbində orta təhsil almaqla bərabər “Traktor, avtomobil və kənd təsərrüfatımaşınlarının təmiri üzrə çilingər” peşəsinidə qazanmışdır.
4 oktyabr 1992-ci ildə Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətə çağrılıb. Sumqayıt şəhəri yaxınlığında olan “Nasosnu” hərbi təlim mərkəzində xidmətə başlamışdır. 4 oktyabr 1992-ci il tarixdən 3 aprel 1993-cü il tarixədək Ağdərə və Ağdam istiqamətində gedən döyüşlərdə iştirak etmiş, xidmət etdiyi hərbi hissənin seçilən, fərqlənən döyüşçülərindən biri olmuşdur.
27 iyul 1993-cü il tarixdə Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə baş nahiyyəsindən aldığı güllə yarasından həlak olmuşdur. Məzari Zaqatala rayon Muxax kənd qəbirstanlığındadır.
Zaqatala rayonu Muxax kənd xəstəxanası şəhid İbiyev İbrahim Abdurahman oğlunun adını daşıyır.
6. Ömərov Nizami Məcid oğlu 9 oktyabr 1974-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1982-ci ildə Muxax kənd 2 saylı orta məktəbinin I sinfinə daxil olmuş, 1990-cı ildə həmin məktəbin 8-ci sinfini bitirib, təsərrüfatla məşğul olmuşdur.
15 oktyabr 1992-ci ildə Azərbaycan Milli ordusuna həqiqi hərbi xidmətə çağrılmışdır. Əli-Bayramlı şəhərində hərbi hazırlıq keçmiş, andiçmədən sonra hərbi əməliyyatlarda iştirak etmək üçün Ağdam rayonuna göndərilmişdir. Xeyli döyüşlərdə iştirak etmiş, cəsurluğu, igidliyi və qorxmazlığı ilə fərqlənmişdir.
21 yanvar 1993-cü il tarixdə Fərrux dağı ətrafında gedən ağır döyüşlərdə xəbərsiz itkin düşmüşdür.
Zaqatala rayon xalq məhkəməsinin 03 iyul 1997-ci il tarixdə qətnaməsi ilə Ömərov Nazim Məcid oğlu Qarabağ uğrunda gedən döyüşlərdə xəbərsiz itkin düşməsi faktı təstiq olunmuşdur.
2006-cı ildə Zaqatala rayon məhkəməsi tərəfindən Ömərov Nazim Məcid oğlunun Qarabağ döyüşlərində şəhid olması faktı təstiqlənmişdir. Onun şəkli və adı Muxax kəndinin mərkəzində ucaldılmış xatirə lövhəsinə vurulmuş və o, Muxax kəndinin Qarabağ döyüşlərində qurban gedən şəhid oğullarından biridir.
7. Mahmudov Murad Qəni oğlu 28 dekabr 1974-cü ildə Zaqatala rayonunun muxax kəndində anadan olmuşdur. 1981-ci ildə Muxax kənd 2 saylı orta məktəbinin I sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirmişdir. 1992-ci ildə zaqatala avtomobil məktəbində “Hərbi rabitəçi” kursunda oxumuş və buranı 26 sentyabr 1992-ci ildə bitirmişdir.
1993-cü ilin yanvarın 5-də Azərbaycan Milli ordusuna hərbi xidmətə çağrılmışdır.Şəmkirdə yerləşən 130 saylı hərbi-hissədə xidmətə başlamışdır. Ağdərə bölgəsində döyüşlərdə ağır vəziyyət yarandığı üçün bu bölgəyə göndərilmişdir. 17 fevral 1993-cü ildə ağır döyüşlərin birində naməlum şəraitdə itkin düşmüşdür. Muradin uzun müddət axtarışı səmərəsiz qalmışdır.
Zaqatala rayonunun xalq məhkəməsinin 14 fevral 2007-ci il tarixli qətnaməsi ilə Mahmudov Murad Ağdərə bölgəsində gedən hərbi döyüşlərdə ölmüş hesab edilməsi təstiq edilmişdir.
Muxax kəndinin mərkəzində Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş muxaxlıların şərəfinə ucaldılmış xatirə kompileksində mərmər üzərinə şəkli vurulmuş və Mamudov Murad Qəni oğlu Muxağın şəhid oğullarından biridir.
8. Qədirov Nazim Qədir oğlu 1972-ci ilin 5 aprelində Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1980-ci il Muxax kənd 2 sayli orta məktıbin I sinfinə daxil olmuş, 1988-ci ildə həmin məktıbin 8-ci sinfinin bitirmişdir.1988-ci ildə Zaqatala 172 saylı texniki-peşə məktəbindəorta təhsilini davam etdirməklə traktorçu-maşinist ixtisası şöbəsinə daxil olmuşdur. 1991-ci ildə həmin texniki peşə məktəbinibitirmiş, həm orta təhsil, həm də traktorçu-maşinist peşəsi almışdır.Oktyabr 1991-ci il tarixində Azərbaycan Milli ordusuna hərbi xidmətə çağrılmışdır. 1992-ci ilin yanvarında döyüş bölgəsinə göndərilmiş, bir-sıra cəbhələrdə vuruşmuşdur. Ağdərə, Ağdam, Füzuli rayonlarının ərazilərində Çaldıran, Dranbon, Canyataq, Gülyataq, Qalayçılar, Boyəhmədli, Papravənd, Salahlı kəndləri Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. 22 dekabr 1993-cü ildə Füzuli rayonu ərazisində, Mahmudlukəndi yaxınlığında gedən döyüşlərin birində omasından və ürək nahiyyəsindən aldığı güllə yarasından həlak olmuşdur.
Qədirov Nazim Qədir oğlu 1994-cü il 9 yanvar anadan olduğu Zaqatala rayonunun Muxax kəndində dəfn edilmişdir.
Adı əbədiləşdirilmiş, Zaqatala rayonu Zəyəm kənd kitabxanası şəhid Qədirov Nazim Qədir oğlunun adını daşıyır.
9. Tahirov Sultan Mahmud oğlu 6 mart 1974-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1981-ci ildə muxax kənd 1 saylı orta məktəbin I sinfinə daxil olmuş, 1991-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1991-ci ildə Zaqatala avtomobil məktəbinə daxil olmuş və avtomobil sürücüsü vəsiqəsi ilə buranı bitirmişdir. 1992-ci ilin 5 martında Azərbaycan Milli Ordusuna həqiqi hərbi xidmətəçağrılmışdır. Goranboy rayonu ərazisində yerləşən hərbi hissədə xidmətə başlamış, hərbi and içənədək burada olmuş, sonra isə Laçin rayonunun mudafiəsinə göndərilmişdir. Laçının müdafiəsində iştirak etmiş, 1993-cü ilin dekabrında Laçın alındiqdan sonra bir neçə günlüyə evə gəlmişdir. Sonra Gəncəyə qayıtmış, hərbi xidmətini davam etdirmək üçün özünü təqdim etmişdir. Bir müddət burada qaldıqdan sonra, Füzuli uğrunda gedən döyüşlərə göndərilmişdir.
26 yanvar 1994-cü il tarixdə Füzuli rayonunda Şiştəpə dağı ətrafında alldığı güllə yarasından həlak olmuşdur. Zaqatala rayonu Muxax kənd qəbirstanlığında torpağa tapşırılmışdır.
Adı əbədiləşdirilmiş, Muxax kənd uşaq bağçasına və kəndin küçələrindən birinə onun adı verilmişdir.
10. İsayev Şəmsəddin Abid oğlu25 yanvar 1968-ci ildə Zaqatala rayonunun muxax kəndində anadan olmuşdur. 1975-ci ildə Muxax 1 saylı orta məktəbin I sinfinə daxil olmuş, 1985-ci ildə Muxax kənd 2 saylə orta məktəbini bitirmişdir. 1986-cı ildə Sovet Ordusuna hərbi xidmətə çağrılmış, Rusiyanin Çita və Nijniy Taqil şəhərində hərbi xidmət keçmişdir. 1988-ci ildə Sovet Ordusundan tərxis olunmuş, Zaqatala rayonunun Muxax kolxozunda əmək fəaliyyətinə başlamışdır. İki il Muxax kolxozunun qoyunçuluq briqadasında çalışmış, sonra əmək fəaliyyətinə kolxozun təsərrüfat briqadasında davam etdirmişdir. 1991-ci ilin dekabrinda Zaqatala şəhərində yerləşən hərbi zavodda işə girmiş və bir müddət burada işləmişdir. 1992-ci ilin may ayında könüllü olaraq cəbhəyə gedir. Zaqatala batalyonunun tərkibində Ağdam və Ağdərə bölgələrində ermənilərlə vuruşmuşdur. Sonra rayona qayıtmış, məzuniyyətini Zaqatala hərbi komissarlığında keçirmiş, 1993-cü ilin noyabrnda yenidən cəbhəyə qayıtmışdır. Beyləqan, Füzuli, Xocavənd istiqamərində çoxlu döyüş əməliyyatlarında iştirak etmişdir. 1994-cü il 26 yanvarda Üçtəpə uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur.
1994-cü ilin fevralın 3-də Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılmışdır.
Muxax 2 saylı orta məktəbi şəhid İsayev Şəmsəddinin adını daşıyır.
11. Yusifov Yaqub Abdurahman oğlu 19 aprel 1971-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1978-ci ildə Muxax kənd 2 saylı orta məktəbin I sinfinə daxil olmuşdur. 1988-ci ildə məktəbi bitirdikdən sonra orta təhsil haqqında sənəd almışdır. 1989-cu ildə Sovet Ordusunda hərbi xidmətə çağrılmış, hərbi xidməti Tatarıstan respublikasının Kazan şəhərində keçmişdir. SSRİ Daxili İşlər Nazirliyinin daxili qoşunlarında qulluq etmişdir. 1991-ci ildə sovet ordusundan tərxis olunmuşdur.1991-ci ilin sentyabrinda Zaqatala Kənd Təsərrüfatı texnikomunun baytarlıq şöbəsində təhsil almağa başlamışdır. 1992-ci ildə könüllü cəbhəyə getmişdir. Ağdam, Ağdərə, Füzuli cəbhələrində vuruşmuşdur. 2 fevral 1994-cü ildə Füzulidə gedən ağır döyüşlərdə sağ döş nahiyyəsindən aldığı güllə yarasından səngərdəcə həlak olmuşdur. 4 fevral 1994-cü ildə Zaqatala rayonunun Muxax kəndində dəfn edilmişdir.
Şəhid Yusifov Yaqubun adi əbədiləşdirilmişdir. Zaqatala rayonu Muxax kənd 1 saylı orta məktəbin uşaq təşkilatı şəhid Yusifov Yaqubun adını daşıyır.
12. Bubuşov Fikrət Murtuz oğlu 27oktiyabr 1970-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1978-ci ildə Muxax kənd 2 sayli səkkizillik məktəbinə daxil olmuş, 1986-cı ildə Muxax kənd 3 saylı səkkizillik məktəbini bitirmişdir. Muxax kənd 1 saylı məktəbdə təhsilini davam etdirmiş, 1988-ci ildə həmin məktəbin 10-cu sinfini bitirmişdir. 1988-ci ildə sovet Ordusuna hərbi xidmətə çağrılmış, hərbi xidməti Çita şəhərində keçirmişdir. 1994-cü ildə Azərbaycan Milli Ordusuna çağrılmış, bir müddət döyüş hazırlığı keçmişdir. Ağdam, Füzuli, Ağdərə cəbhələrində vuruşmuşdur. 1994-cü ilin aprelin 26-da Ağdərə uğrunda gedən döyüşlərdə aldığı güllə yarasından həlak olmuşdur.
27 aprel 1994-cü ildə Zaqatala rayonunun Muxax kəndində torpağa tapşırılmışdır.
Adı əbədilləşdirilmiş, Zəyəm kənd mədəniyyət evi şəhid Bubuşov Fikrətin adını daşıyir.
13. Feyziyev Elman Osman oğlu 4 aprel 1973-cü ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1980-cı ildə Muxax kənd 3 saylı səkkizillik məktəbin I sinfinə daxil olmuşdur. Sonrta təhsilini Muxax kənd 1 saylı orta məktəbdə bitirmışdir.
1991-ci ildə may ayında Sovet Ordusunda hərbi xidmətə çağrılmışdır. İlyarım Qazaxıstanin Oş şəhərində hərbi xidmət keçmişdir. İttifaqın dağılması ilə əlaqədar 1992-ci ilin dekabr ayinda hərbi xidməti yarımçıq qoyulmuş və xidmətini davam etdirmək üçün öz respublikasına göndərilmişdir.
1993-cü ilin may ayından Qarabağ cəbhəsində, Azərbaycan Milli Ordusunun tərkibində hərbi xidmətini davam etdirir. 776 saylı hərbi hissədə tank sürücüsü kimi xidmətə başlayır, 1993-cü ilin dekabr ayınadək tankla Füzuli, Beyləqan, Tərtər isiqamətindədöyüşlərdə iştirak edir. Dekabr 1993-cü ildən xidmət maşınında sürücülük edir. 25 aprel 1994-cü il tarixdə döyüş tapşırığı yerinə yetirərkən, qəhrəmanlıqla həlak olur.
27 aprel 1994-cü il tarixdə Zaqatala rayonunun Muxax kənd qəirstanlığında dəfn edilmişdir.
Adı əbədiləşdirilmiş, oxuduğu Muxax kənd 3 saylı məktəb şəhid Feyziyev Elmanın adını daşıyır.
14. Mahmudov Zeynal Momin oğlu 3 fevral 1968-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1975-ci ildə Muxax kənd 1 saylı orta məktəbin I sinfinə daxil olmuşdur. 1983-cü ildə Muxax kənd 2 saylı orta məktəbini bitirmişdir. 1986-Cı ildə Sovet Ordusuna hərbi xidmətə çağrılmışdır. Rusiyanın Krasnoyarski şəhərində iki il hərbi xidmət keçdikdən sonra tərxis olunmuşdur. 1993-cü il iyul ayinin 12-də qarabağ müharibəsinə səfərbərliklə əlaqədar çağırış vərəqəsi almışdır. Həmin gündə bu döyüşlərdə iştirak etmək üçün cəbhəyə yollanmışdır. Bir müddət Goranboy rayonunda təlim keçmiş, sonra hərbi əməliyyatlarda iştirak etmək üçün Füzuli rayonuna göndərilmişdir. Füzuli cəbhəsində vuruşmuş, ağır və çətin döyüşlərin iştirakçısı olmuşdur.
1994-cü ilin mart ayında Füzuli ətrafında gedən qeyri-bərabər döyüşlərin birində yaralanmış, yaralı vəziyyətdə əsir götürülmüş və onu Xankəndi şəhərinə gətirmişlər. Ermənilərə xidmət etməkdən imtina etmiş, təhqir və işgəncələrə dözməmiş qaçmağa cəhd edərkən ermənilər tərəfindən güllələnmişdir. Aldığı güllə yarasından 15 avqust 1994-cü il tarixdə Xankəndi şəhərində əsir yoldaşlarının qucağında can vermişdir. 10 fevral 1997-ci il tarixdə Beynəlxaq Qızıl Xaç komitəsinin verdiyi arayışla ölümü təstiq olunmuşdur.
Harda bastırıldığı məlum deyil.
Adı əbədiləşdirilmiş, Muxax kənd kitabxanası şəhid Mahmudov Zeynalın adını daşıyır.
15. Əminov Əfqan Musa oğlu 15 yanvar 1976-cı ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1983-cü ildə Muxax kənd 2 saylı orta məktəbinin I sinfinə daxil olmuş, 1993-cü ildə həmin məktəbin 10-cu sinfini əla və yaxşı qiymətlərlə bitirmişdir. 1994-cü il may ayının 17-də Azərbaycan Milli Ordusuna hərbi xidmətə çağrılmışdır. Sumqayıt şəhəri yaxənlığında H.Z.Tağıyev qəsəbəsində yerləşən 888 saylı hərbi hissədə xidmətə başlamışdır. Andiçməyə qədər burada qalmış, hərbinin sirlərini, onun çətinliklərini burada öyrənmiş və andiçmədən sonra döyüş bölgəsi olan Tərtər rayonunun İsmayılbəyli kəndinə gətirilmişdir. Burada N saylı hərbi hissədə xidmət etmişdir. Ona 888 saylı hərbi hissədə qalıb xidməti davam etdirmək təklif olunur o isə yoldaşlarından ayrılmır, cəbhə bölgəsini seçir, Tərtərə gəlir. Burada nümunəvi xidmət edən Əfqan həm də hərbiçi-idmançı kimidə gəaliyyət göstərir, idman mükafatlarıda alır.
Hərbi xidmətini Ağdam və Tərtər rayonunun ərazilərindən keçən səngərlərdə keçirmiş, postlarda keşik çəkmişdir. Çavuş rütbəsi alıb, bölmə komandiri olub.
1996-cı ilin 10 avqustunda Ağdam rayonunun Zəngişanlı kəndi yaxınlığında düşmən atəşi ilə başından güllə yarası alıb və səngərdəcə həlak olub.
13 avqust 1996-cı ildə Zaqatala rayonunun Muxax kənd qəbirsanlığında torpağa tapşırılıb.
16. İbrahimov Azər Məhəmməd oğlu 9 fevral 1976-cı ildə Zaqatala rayonunun Muxax kəndində anadan olub. 1983-cü ildə muxax kənd 2 saylı orta məktəbinin I sinfinə daxil olub, 1993-cü ildə həmin məktəbin 10-cu sinfini bitirib. Məktəbi bitirdikdən sonra Zaqatala avtomobil məktəbinə daxil olmuş və sürücülük vəsiqəsini almışdır. 4 aprel 1994-cü ildə Azərbaycan Milli ordusuna hərbi xidmətə çağrılmışdır. Gəncə 130 saylı hırbi hissədə xidmətə başlamış, andiçmədən sonra Tərtər rayonunun Cəmilli kəndinə göndərilmiş, bir müddət burada xidmət etmişdir. Minatəmizləyən kimi rotada və xidmət etdiyi hərbi hissədə bu peşənin mükəmməl bilici olmuşdur. 1995-ci ilin mayında onları Goranboy rayonunun Qarqucaq kəndinə köçürmüşlər. Iki il burada xidmət etmişdir.
21 iyul 1997-ci ildə Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında döyüş tapşırığını yerinə yetirərkən düşmən minasına düşmüş və həlak olmuşdur.
Azərbaycan Milli Ordusunun giziri rütbəsi almış və bölmə komandiri olmuşdu.
22 iyul 1997-ci il tarixdə zaqatala rayonunun Muxax kənd qəbirstanlığında dəfn edilmişdir.
17. Seyidəhmədov Şaban Xəlil oğlu 25 dekabr 1979-cu ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1986-cı ildə Muxax kənd 1 saylı orta məktəbin I sinfinə daxil olmuş, 1995-ci ildə həmin məktəbin doqquzuncu sinfini bitirmişdir. 1998-ci ildə Azərbaycan Milli Ordusuna Hərbi xidmətə çağrılmış, 28 fevral 1998-ci il tarixindən Azərbaycan Respublikası, Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları “Bakı” Əlahiddə Nəzarət Buraxılış məntəqəsində xidmət etmişdir.
1999-cu ilin may ayının 22-də “Bakı” ƏNBM-nin kiçik çavuşu Seyidəhmədov Şaban Dövlət sərhəddinin mühafizəsində xidməti vəzifələrini yerinə yetirərkən həlak olmuşdur.
Seyidəhmədov Şaban Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında dəfn olunmuşdur.
18. Musayev Məhərrəm Bayram oğlu 1961-ci il sentyabr ayının 1-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olmuşdur. 1968-ci ildə Tovuz rayonunun Əlibəyli kənd orta məktəbinin I sinfinə daxil olmuş, 1979-cu ildə həmin məktəbi bitirmişdir.
1979-cu ildə Ağamalı oğlu adına Azərbaycan kənd təsərrüfatı institutuna daxil olmuş və 1984-cü ildə institutu meyvəçilik, tərəvəzçilik və üzümçülük üzrə aqronom ixtisası üzrə bitirmişdir.
1984-cü ildə tərinatla Zaqatalaya gəlmiş, Muxax kolxozunun tərkibində olan palmet bağları birliyində aqronom ixtisası üzrı işləməyə başlamışdır. O, az müddətdə yaşadığı Muxax kəndinin yerli sakinləri arasında böyük hörmət və nifuz qazanmışdır.
Məhərrəm 1986-cı ildə həmkəndlisi Əskinazla ailə həyatı qurmuş və ailəsi ilə birlikdə Muxax kəndində yaşamış və təsərrüfatda işini davam etdirmişdir.
1992-ci ildə hərbiçi peşəsini seçir Bakı Ali Ümumqoşun Komandirləri məktəbinə daxil olur.Buranı Baş leytenant rütbəsi ilə bitirir, 1993-cü ilin 18 martında cəbhəyə yollanır. Füzuli və Cəbrayıl rayonları uğrunda gedən ağır döyüşlərdə iştirak edir. 22 oktyabr 1993-cü ildə Cəbrayıl rayonunu Mərcanlı kəndi yaxınlığında itkin düşmüşdür.
Zaqatala rayon Xalq Məhkəməsinin 21 fevral 1996-c il tarixli Qətnaməsi ilə Musayev Məhərrəm 22 oktyabr 1993-ci il tarixdə Cəbrayıl rayonunun Mərcanlı kəndi yaxınlığında itkin düşmüşməsi və həlak olması faktı müəyyən edilmişdir.
Ailəsi-həyat yoldaşı və iki qızı hal-hazırda Zaqatala rayonunun Muxax kəndində yaşayır.
19. Qurbanov Elçin Qurban oğlu 3 oktyabr 1977-ci ildə zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1985-ci ildə Muxax kənd 1 saylı orta məktəbinə daxil olmuş, 1994-cü ildə h.min məktəbin qopqquzuncu sinfini bitirmişdir.
1995-ci ilin 3 oktyabrında hərbi xidmətə çağrılmışdır. Tank qoşunlarının tərkibində Naxçıvanda hərbi xidmət keçmişdir.
1996-cı ilin sentyabr ayında təlimlərin birində çox ağır yükü qaldırmalı olur və bu zaman daxilində çox güclü ağrı hiss edir. Təlimim sonunadək öz postunu tərk etmir. Xəstəxanaya çatanadək xeyli müddət keçir. Xəstəxanada üzərində əməliyyat aparılsada onu xilas etmək mümkün olmur. Bağırsaq dolaşmasından bədəni zəhərlənir və əməliyyat stolunda dünyasını dəyişir.
3 oktyabr 1996-cı ildə Zaqatala rayonunun Muxax kənd qəbirstanlığında torpağa tapşırılır.
20. Həsilov Şəmsəddin Nəcməddin oğlu 24 fevral 1977-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1sentyabr 1984-cu ildə Muxax kənd 2 saylı orta məktəbinin I sinfinə daxil olmuş, 1995-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmiş və kamal attestatı almışdır. 1995-ci ildə Azərbaycan Milli Ordusunda hərbi xidmətə çağrılişdır. Ağdam rayonunun ərazisində yerləşən 190 saylə hərbi hissədə xidmətə başlaməşdır. Hərbidə and içdikdən sonra həmin hərbi hissədə xidmətini davam etdirmişdir. 1995-ci ilin avqust ayının əvvəlində xəstələnir və onu Gəncədə yerləşən 230 saylı hərbi-tibbi hissəyə göndərirlər.Onu hərbi xəstəxanaya yerləşdirirlər. 21 avqust 1995-ci il tarixdə Şəmsəddin kəskin ürək çatışmamazlığından xəstəxanada vəfat edir.
Onu Zaqatala rayonu Muxax kənd qəbirstanlığında dəfn edirlər.
21. Xəlilov Ramiz Mollaəli oğlu 5 oktyabr 1971-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşdur. 1979-cu ildə Muxax kənd 2 saylə orta məktəbinin I sinfinə daxil olmuş, 1989-cu ildə Muxax kənd 2 saylı orta məktəbinin bitirmişdir. 1989-cu ildə Sovet Ordusuna hərbi xidmətə çağırılıb, Çelyabinsk şəhərində xidmət etmişdir, xidməti Daxili İşlər Nazirliyinin daxili qoşunlarında keçmişdirş 1991-ci ildə Sovet Ordusundan tərxis olunmuş və Zaqata rayonu, Muxax kolxozunda traktorçu köməkçisi işləmişdir. 1991-ci ilin avqusdtunda könüllü Azərbaycan Milli Ordusunda xidmət etməyə başlaməş, Tərtər, Ağdərə, Ağdam uğrunda ğedən döyüşlərdə 3 ilə yaxın bir müddətdə vuruşmuşdur. Hərbi işi mükəmməl bildiyinə, yüksək komandirlik məharəti olduğu üçün birbaşa leytenan rütbəsi verilmişdir. Minatəmizləyən rotaya komandirlik edən Ramiz yüksək döyüş məharəti göstərmiş, yüzlərlə düşmən minasını zərərsizləşdirmiş, lazım gəldikdə düşmən keçən yerə mina düzmüşdür.
19 aprel 19940cü il tarixdə Güllücə kəndi uğrunda gedən döyüşlərdə qəhrəmanlıqla həlak olmuşdur. 3 iyun 1994-cü il tarixdə muxax kənd qəbirstanlığında dəfn edilmişdir.
Adı əbədiləşdirilmiş, Muxax kənd Mədəniyyət evi və kəndin küçələrindən biri şəhid Xəlilov Ramiz Mollaəli oğlunun adını daşıyır.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Əlmaniz Ələkbərli
Azərbaycan Yazıçılar Və
Jurnalistlər Birliyinin Üzvü.