ŞƏHİD MEHMAN ƏMİNOV FƏRRUX DAĞI UĞRUNDA GEDƏN DÖYÜŞLƏRDƏ QƏHRƏMANLIQ GÖSTƏRİB.
Birinci Qarabağ müharibəsi başlayan zaman, Azərbaycan nəinki müharibəyə hazır deyildi, hətta ordusu belə tam formalaşmamışdı. Düzdür xain qonşumuz olan ermənilərin də, milli ordusu yox səviyyəsində idi, ancaq Azərbaycandan fərqli olaraq onlara havadarları tərəfindən xeyli silah-sursat hədiyyə olunduğuna görə, müharibənin sonu iyirmi faiz torpaqlarımızın itirilməsi ilə yekunlaşdı. Aydın məsələdir ki, itirilmiş torpaqlarımız, xalqımızın başına gətirilən soyqırımlarla heç bir qeyrətli Azərbaycan oğulu razılaşa bilməzdi. Həmin dövrdə qeyrətli oğullarımız əliyalın olsalar da, yağı düşmənin hücumundan qorxub qaçmadılar, qəhrəmancasına döyüşərək, vətən yolunda şəhid oldular. Belə igid, qəhrəman oğullarımızdan biri də, Zaqatala rayonu Suvagil kənd sakini Əminov Mehman Bəhram oğludur.
Mehman 1974-cü il martın birində Zaqatala rayon Suvagil kəndində doğulub. Bəhram və Fatma xanımın 2-si oğlan, 3-ü qız olmaqla beş övladları olub. Mehman ailədə ikinci, oğlan uşağı olaraq isə, birinci dünyaya gəlmişdir.
Mehmanın anası Fatma Nəzir qızı Mirzəyeva ilə görüşüb söhbətləşdik, şəhid oğlu haqqında xatirələrini bölüşmək istədik :” oğlum uşaqlıqdan çox diribaş idi, qohumcanlı, böyük-kiçik yerini bilən idi. Babası ona Quran oxumağı da, öyrətmişdi.
İdmanın ağırlıq qaldırma növü ilə məşğul olurdu, daha sonra isə Sambo ilə məşğul oldu. Zaqatalada Kənd Təsərrüffatı Texnikumunda təhsil alırdı. Uşaqlıqdan kənd təsərrüffatına da, xeyli marağı var idi, mal-heyvan saxlayar, arıçılıqla məşğul olmağı sevərdi. Odur ki, texnikumda da, arıçılıq ixtisası üzrə təhsil alırdı. Günlərin birində evə gəlib dedi ki, mən təhsilimi yarımçıq saxlayaraq, Qarabağda döyüşməyə gedirəm. Ana kimi nə qədər ağlayıb-sızlasam da, mənə qulaq asmadı, dedi ki, Ana Vətənimiz dardadır. O, idmançı olduğuna görə bilirdim ki, idman dərəcələri də, var və qorxmaz bir oğul idi.
[/center]
Cəbhədə nizami ordu olmadığı üçün xüsusi batalyonlar, dəstələr yaranmışdı və Mehman da, həmin dəstələrdən birində döyüşürdü. 12 yanvar 1993-cü ildə döyüş bölgəsinə, Mehmanın yanına getdik. Birbaşa ön cəbhəyə getdik, bizə dedilər ki, Mehman yoxdur. Mehman kəşviyyata getdiyi üçün, bir gün orada qalaraq, onu gözlədik. Milli ordunun çətin vəziyyətini bildiyimiz üçün xeyli ərzaq da, aparmışdıq. Ertəsi gün Mehman gələndə gördü ki, ata-anası da gəlib. Məni görən kimi ağlamağa başladı. Mən də, başladım ona ürək-dirək verməyə ki, bəs sən könüllü getmisən, indi niyə ağlayırsan? Mehman isə dedi ki, sənin əziyyət çəkərək, buraya kimi gəldiyin üçün ağlayıram, mən qorxsaydım bura gəlməzdim. Baxıb gördüm ki, paltarları nimdaşdır, dedim ay oğlum bəs sizə paltar vermirlər?, dedi ki, köhnələndə dəyişəcəyik, hələlik hər şey yaxşıdır. Əslində oğlum əsil hərbiçi kimi davranırdı, yəni əsas məsələ forma deyil, istəkdir ki, o da, qəhrəman oğullarımızın hər birində var idi. Mən dedim ki, ay oğlum bəlkə bizimlə gedəsən, əyin-başın da, yaxşı deyil, bəlkə evimizə dönək?
Dedi ki, yox ana, mən könüllü gəlmişəm və hara gəldiyimi də, gözəl bilirəm. Ata-ana, bacı və qardaşlarımızı qorumaq üçün, Ana vətəni müdafiə etmək üçün buradayam. Bizi inandırdı ki, hər şey yaxşıdır və bundan sonra daha da, yaxşı olacaqdır. Mənə dedi ki, ana unutmusanmı, mən qonşudakı qız-gəlinin üzünə baxa bilmirdim və həmişə sənə deyirdim ki, onların həyat yoldaşları cəbhədə döyüşür, mən isə oxuyuram. Mən o vəziyyətə dözməyib bura gəlmişəm.
-Mən özüm belə tərbiyə etdiyim üçün oğlumun dediyi fikirlərə qarşı çıxmadım. Ona həmişə deyirdim ki, elə yaşamaq lazımdır ki, dönüb arxaya baxarkən utanmayasan. Biz oradan gələndən sonra tez-tez yuxumu qarışdırmağa başladım. Mehmanın sağ qalan döyüş yoldaşları deyirdilər ki, sonuncu döyüşümüz Fərrux dağı uğrunda olub, biz ona nə qədər dedik ki, qüvvələrimiz qeyri-bərabərdir, geri çəkilmək lazımdır, o, isə bizə dedi ki, mən postu heç vaxt tərk etməyəcəyəm.
Biz 1993-cü il 25 yanvarda televiziya ekranlarında gördük ki, Fərrux dağı yağı düşmən tərəfindən alındı. Mən həmin an yerə çökdüm və bütün dünya üstümə aşdı.
Fərrux dağı uğrunda gedən döyüşlərdə iştirak edən əsgərlər deyirdilər ki, Mehmanla birgə 8 nəfər mühasirəyə düşmüşdü. Nə qədər cəhd edilsə də, onları mühasirədən çıxara bilməyiblər. Döyüş yoldaşlarından biri bizə gəlmişdi, Mehman haqqında xeyli danışdı. Dedi ki, mən yaralanmışdım Mehman əynindən köynəyini çıxararaq, onu cırdı və mənim ayağımı bağladı. O deyirdi ki, heç vaxt inana bilmərəm ki, Mehman düşmənə can versin. Bütün bu deyilənlərə görə məndə bir inam yarandı ki, oğlum sağdır. Düzdür hazırda Azərbaycan əsgəri Fərrux dağını yağı düşmənin əlindən alıb və orada kütləvi məzarlıqlar da, tapılıb. Ancaq nədənsə mən oğlumun sağ olduğunu düşünürəm hətta bunu yuxularımda da, görürəm. Bu yaxınlarda gördüm ki, Mehman sağdır və hərbi hospitalda müalicə alır. Onun cəsur, idmançı olması mənə xeyli ümid verir ki, oğlum sağdır. Yuxumda görmüşdüm ki, meşədə gəzirik, dedim ay oğlum belə hara gedirsən, o da, dedi ki, Qaxa gedirəm.
Bilmirəm, bəlkə də, oğlum elə Fərrux dağındakı kütləvi məzarlıqda basdırılıb, ancaq ürəyimə damıb ki, oğlum sağdır.”
Mehmanın bacısı Günay Qazıyeva da, qardaşı haqqında xatirələrini danışdı:”Mənim 8 yaşım olub, o, məni belində gəzdirərdi. İndiyə kimi yadımdadır, məni çox istəyirdi, həmişə sığal çəkərdi. İdman etməyə başlayanda, məni dostlarının arxasınca göndərərdi. Onlar çox ciddi məşğul olardılar, ağırlıq qaldırar, qurşaq tutardılar. Sambo idman növünə də, marağı var idi. O, tez-tez mənim yuxuma gəlir və uşaqlıqda olduğu kimi sığal çəkərdi. Mən oğlumun adını Mehman qoymuşam. Bu gün onun adı hər birimizin ürəyindədir. Biz qardaşımızla, onun cəsur döyüşçü olmasıyla fəxr edirik”
Atası oğlu haqqında:
Mən Mehmanın atası Əminov Bəhram Bilal oğlu. Mən əvvəlcədən İlham Əliyevə , Sizə Fərrux dağında vuruşub Fərrux dağını düşmənlərimizin əlindən alan əsgərlərimizə , itkinlərin sorağında olan hər bir kəsə çox təşəkkür edirəm çox minnətdaram. Onlar oğlumun intiqamını aldılar Şəhidlərimizin , İtkinlərimizin intiqamını aldılar.
Mehmanın babaları Bilal baba , Nəzir baba 1941-1945-ci ildə olan müharibənin veteranları olub. Mehman balaca yaşlarlnda Bilal babanın dizi üstündə oturub : " Baba mənə müharibə haqqında danış" deyərdi. Hər iki babanın orden və medalları var idi. Mehman onlarla oynayardı. Mehmana vətənpərvərlik elə balaca yaşlarından babalarından gəlib.
O ağıllı vətən sevən , vətənpərvər , ağıllı , sevgi dolu bir uşaq olub.O əsgərə könüllü gedib .
Onu axtarmağa gedəndə 3 gün mühasirədə qaldım xəstələndim. Ondan sonra Mehmanı axtarmağa gedə bilmədim. Hələdə onun yolunu gözləyirəm...
Böyük Bacısı Xalidənin dediklərindən:
Mən Ramazanova Xalidə Bəhram qızı . Mehmanın böyük bacısıyam.O məndən balaca olsada mən onu məndən böyük sayıram. Mehman işgüzar , vətən sevər , tələbkar , həmişə hər işdə birinci olmaq istəyən , ciddi , sevgi dolu bir qardaş olub. O bir dəqiqənində qədrini bilərdi . Arzusu inistuta qəbul olmaq idi . Bialogiyanı və Tarixi çox sevərdi.
Həyətdə hər cür ağac əkər , onları calayar , sulayardı.
O öz canını heçə saydı . Düşmən üzərinə gözü yumlu getdi. Milləti üçün , Vətəni üçün , Ailəsi üçün öz canından keçməyə hazır idi . Vətən yaşasın deyirdi . O hər məktubunda yazardı : " Bir nəfər hamı üçün , Hamı bir nəfər üçün " . Deyirdi ki, Bu Müharibənin qaydasıdır. Amma o döyüşlərdə , Fərrux dağında itkin düşdü . Qardaşım çoxlu kəndlərin alınmasında iştirak edib. O böyük bir Qəhrəmandır. Qardaşımın adına bir xəstəxanaya , baxçaya, bir küçəyə ad verilsəydi bizim üçündə təsəlli olardı . Mən Qardaşımla fəxr eləyirəm. Kaş o sağ salamat geri qayıda bilsəydi...
Ortancıl Bacısı Xuramanın dedikləri:
Mən Davudova Xuraman Bəhram qızı . Mən Mehmanın ortancıl bacısıyam. Keçid dövründə ailəmizin vəziyyəti yaxşı deyildi. Atam xəstə idi , işləmirdi. Qardaşım Mehman atamın sağ əli idi . O evdə toyuq cücə saxlayar , qoyun quzu saxlayardı. O qoyunları otarmağa gedəndə bir əlində çomax bir əlində kitab olardı . Hər işdə atama anama kömək edərdi . O evdə barama qurdu saxlayardı. İşgüzar , sevgidolu bir qardaş idi. Bizədə həmişə dərsləri oxumağı tövsiyyə edərdi. Qardaşımın bütün arzuları yarımçıq qaldı. Vətən üçün canını fəda verdi .
Mənə cəbhədən məktub yazardı. Hər şeydən razı olduğunu deyərdi amma heç əməlli başlı geyinməyə bir forması yox idi. Cəbhə yoldaşları qardaşımı idmançı deyə çağırardı . Əsgərlikdə ləqəbi idmançı idi. Müharibə ailəmizə çoxlu yaralar vurdu. Anam , atam şokta , xəstə idilər. İndi də yaraları sağalmır. Çox haqsızlıqlara uğradılar . Əgər 1993 ildə də İlham Əliyev kimi Prezidentimiz olsaydı Zəfər bizim olacaqdı. Qardaşımı , bütün itkinləri yad etdiklərinə görə Prezidentimiz İlham Əliyevə , Sizə çox təşəkkür edirəm. Mən Qardaşımı çox sevirəm. Kaş o geri gəlsəydi...
Qardaşı Bilalın dediklərindən:
Mən Əminov Bilal Bəhram] oğlu. Mehmanın qardaşıyam . Mən qaraşımı çox sevirəm , o da bizi çox sevirdi . İtkin xəbərini televizordan eşitdim . Onda mənim 12 yaşım var idi. Sinirlərim pozuldu. Qardaşım mənim arxam , dayağım idi. İllərcə şokda qaldım. O əsgərə gedəndə idman alətlərini mənə əmanət edib getmişdi .
Hər an gəlişini balaca oğlum Məhəmmədlə gözləyirk. Balaca oğlum Qardaşımın şəklini görəndə şəklini öpür əmi gəl - gəl deyir. Kaş geri gəlsəydin...
Mehman Əminov təkcə Suvagilin, Zaqatalanın deyil, bütöv Azərbaycanın fəxridir.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
[/center]