Azərbaycanın irəli sürdüyü sülh şərtlərinin Ermənistan rəhbərliyi tərəfindən qəbul edilməsi Türkiyənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən qlobal aktual mövzu olaraq geniş şəkildə işıqlandırılıb. Diaspor info xəbər verir ki, “TRT Haber” telekanalı aprelin 10-da səhər saatlarının xəbər buraxılışlarında mövzu ilə bağlı xüsusi reportaj yayımlayıb. Reportajda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı rəşadətli qələbə, işğaldan azad olunan ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri əsasında Qarabağa böyük qayıdış, Türkiyə-Azərbaycan müttəfiqliyi, eləcə də aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyan ilə işçi nahar formasında görüşü barədə orijinal kadrlar əksini tapıb.
“TRT Haber” telekanalı, Anadolu Agentliyi, “Yeni şafak” qəzeti və digər nüfuzlu media qurumlar türkdilli ictimaiyyətin diqqətinə çatdırıblar ki, Prezident İlham Əliyev Azərbaycanın Ermənistanla dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim edilən sənədin Ermənistan tərəfinin qəbul etdiyini bildirib.
Türkiyə mediası əsaslandırır ki, böyük Zəfər bölgədə davamlı sülhün yaranmasına təkan verib.