VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANI İSMAYIL SƏMƏDOV ADINA ZAQATALA ŞƏHƏR BEŞ SAYLI TAM ORTA MƏKTƏBİNDƏ “ZƏFƏR TARİXİMİZİ YAŞADAQ” ADLI TƏDBİR KEÇİRİLİB.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə, Azərbaycan Respublikası Regional Əməkdaşlıq Və Sosial İnkişaf İctimai Birliyi “Zəfər Tariximizi Yaşadaq” adlı layihəsinin icrasını Zaqatala şəhərində yerinə yetiriblər. Belə ki, Zaqatala şəhərində, Vətən Müharibəsi Qəhrəmanı İsmayıl Səmədovun adını daşıyan şəhər beş saylı tam orta məktəbində bununla bağlı geniş tədbir keçirilib. Məktəbin direktoru Xanım Hacıyeva və təhsil ocağının bütün kollektivinin bu tədbirə yaxşı hazırlaşdıqları ilk baxışdan bəlli olurdu. Xanım müəllimə və rəhbərlik etdiyi pedaqoji kollektiv məktəblilərin iştirakı ilə elə kompazisiyalar qurmuşdular ki,
tədbirdə iştirak edənlər göz yaşlarını saxlaya bilmədilər.
Azərbaycan Respublikası Regional Əməkdaşlıq Və Sosial İnkişaf İctimai Birliyinin sədri Bahar Məmmədova və onun başçılığı ilə tədbirə gələn digər qonaqları məktəbin kiçik yaşlı uşaqları əllərində şarlarla foyedə qarşıladılar. Əslində tədbir paytaxt məktəblərinin hazırladığı tədbirlərdən heç də, geri qalmırdı, desək, yanılmarıq.
Tədbirdə Vətən Müharibəsi İştirakçıları Və Şəhid Ailələri İlə İşin Təşkili Şöbəsinin Müdiri Seyidov Anar Vaqif oğlu, Qazilər -Nurlan
Mazanov, Nail Həsənov, Məhəmməd Məmmədov, Həsən Yusubov, İdris İdrisov və Zaqatala rayon təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Bəhruz Bayramov çıxış edərək, 44 gün davam edən və Zəfərlə başa çatan Vətən Müharibəsindən danışaraq, bu tarixin şanlı Azərbaycan tarixi olduğunu xüsusi vurğulamış və bu tarixi həmişə yaşadmağın vacib olduğunu bildirmişlər. Tədbir keçirilən tam orta məktəbin
adını daşıdığı Xüsusi Təyinatlı kapitan İsmayıl Səmədov haqqında şagirdlərin hazırladıqları tədbir iştirakçılarının və şəhidin ailəsinin üzvlərini təsirləndirmişdir. Tədbirdə şəhidlərimiz bir daha yad edilməklə, onların qanlarıyla yazdıqları “Zəfər tariximizi” daima yaşatmağın vacib olduğu xüsusi vurğulanıb. Vətən müharibəsi qəhrəmanı, xüsusi təyinatlı kapitan İsmayıl Səmədovun anası Həlmət Səmədova, qardaşı Elvin Səmədov və həyat yoldaşı Bəsti Səmədova tədbirdə çıxış edən balacaların istedadlarına valeh olduqlarını bildiriblər.
Ümumiyyətlə məktəblilərin hazırladıqları bütün çıxışlar tədbir iştirakçılarını valeh etdi.
Azərbaycan Respublikası Regional Əməkdaşlıq Və Sosial İnkişaf İctimai Birliyinin sədri Bahar Məmmədova, tədbirin təşkil olunması üçün yaradılan şəraitə görə Zaqatala RİH-nin başçısı Mübariz Əhmədzadəyə və təhsil ocağının rəhbərliyinə xüsusi təşəkkürünü bildirdi.
Təhsil müəssisəsinin rəhbəri Xanım Hacıyeva tədbirin sonunda şəhid ailələrinin də, iştirakı ilə bütün tədbir iştirakçılarını çay süfrəsinə dəvət etdi və səmimi söhbətləşdilər.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü
783