Son 18 ildə xalqımızda Şuşa şəhərinin işğaldan xilas olunacağı günün tezliklə gələcəyinə, doğma Qarabağımızın “döyünən ürəyinin” düşməndən azad ediləcəyinə qəti əminlik vardı. Bu inamı, ümidi Ordumuzun Ali Baş Komandanı İlham Əliyevin qətiyyəti sayəsində silahlı qüvvələrimizin gündən-günə artan gücü və qüdrəti yaratmışdı.
Nəhayət, o gün gəldi. 44 günlük Vətən müharibəsinin sonuna 2 gün qalmış - noyabrın 8-də Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqımızı Şuşanın işğaldan azad edilməsi münasibətilə təbrik edərək dedi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Bu gün eyni sözləri təkrarlayıram. Şuşa bizimdir! Qarabağ Azərbaycandır!". "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən Ulu Öndər Heydər Əliyevin bu arzusunu da həmin gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı.
2022-ci ildə biz Şuşa şəhərinin 270 illiyini qeyd edəcəyik. 1752-ci ildə Pənahəli xanın təməlini qoyduğu Şuşanın şanlı tarixi nəzərə alınaraq bu il ölkə başçısı tərəfindən “Şuşa İli” elan edilib. Məhz bu il 65 ölkədən 400 nəfərə yaxın diaspor nümayəndəsinin iştirakı ilə Dünya Azərbaycanlılarının V qurultayı Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada keçdi.
Böyük təntənə ilə keçən bu toplantıda qeyd edildi ki, xaricdə yaşayan azərbaycanlılar öz tarixi Vətəni ilə sıx bağlı olmalıdırlar. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar tikilir. Bütün görülən və görüləcək tədbirlər bura gəliş-gedişın çox rahat olacağı üçündür. Bu da öz növbəsində Azərbaycanda yaşayanlarla yanaşı xaricdə yaşayan soydaşlarımızın öz ailələri ilə işğaldan azad edilmiş torpaqlara gəlib buranı ziyarat etmələrinə böyük kömək olacaqdır.
Qurultayda iştirak edən nümayəndələr həm də 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarda erməni vandallarının törətdikləri əməllərin canlı şahidi oldular. Dövlət başçımızın xüsusi olaraq qeyd etdiyi kimi “Şuşada da bir dənə də salamat tarixi bina qalmamışdır. Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, saraylarımızı sökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik”.
Zəfər Qurultayının hər bir iştirakçısı sonradan yaşadıqları ölkələrə qayıdaraq Azərbaycan həqiqətlərinin, bölgədə baş verən hadisələrin düzgün təbliğinin ən fəal təbliğatçısı olacaqlar. Hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır. Bu işlərdə onlara uğurlar arzulayırıq.
Həcər Verdiyeva - AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun baş elmi işçisi, Tarix elmləri doktoru, professor
Ötən ilin 24 dekabrında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 60 illik yubileyini qalib sərkərdə, Müzəffər Ali Baş Komandan kimi Zəfərimizin qürur zirvəsi olan Şuşada qeyd etdi, aldığı yubiley təbriklərinə görə Cıdır düzündən təşəkkürünü çatdırdı. Müzəffər lider fəxrlə diqqətə çatdırdı ki, Şuşaya bu il yeddinci səfəridir: “Şuşa hər birimizi özünə çəkir. Düzdür, mən burada - Şuşada müxtəlif tədbirlərin açılışlarında iştirak etmişdim. O tədbirlər ki, Şuşanın Azərbaycan xalqına, Azərbaycan mədəniyyətinə məxsus olduğunu bir daha təsdiqləyir. Amma eyni zamanda hər dəfə Şuşada hansısa tədbir nəzərdə tutulduqda böyük həvəslə, böyük sevgi ilə, məhəbbətlə Şuşaya gəlirdim və hesab edirdim ki, bu günü də mən məhz burada - Şuşada hər birimiz üçün əziz olan Cıdır düzündə qeyd etməliyəm və bunu edirəm”.
Bəli, hələ bundan 10 il əvvəl, 2011-ci ilin 24 dekabrında 50 illik yubileyini Qarabağ torpağında - Ağcabədidə Taxtakörpü ərazisində məskunlaşmış Laçın rayonundan olan məcburi köçkün ailələri ilə birgə qeyd etdiyi gün İlham Əliyev sərkərdə qətiyyəti ilə dediyi kimi, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdi, elə həmin gün vəd verdiyi kimi işğaldan azad edilən yurdlarımızda böyük quruculuq işlərinə başladı.
Bir sözlə, bütün bunlar onu sübut edir ki, "Şuşasız Qarabağ, Qarabağsız isə, ümumiyyətlə, Azərbaycan yoxdur” deyən Ümummilli Lider Heydər Əliyevin vəsiyyətinə uyğun hakimiyyətdə olduğu 18 il ərzində, hər gün və hər saat Şuşa başda olmaqla işğalda olan bütün əraziləri azad etmək uğrunda mübarizə aparan Prezident İlham Əliyev buna nail oldu. Dövlət başçısının söylədiyi kimi, son 18 il ərzində bir dənə də yerinə yetirilməyən vəd yoxdur.
Bir sözlə, ötən bir il ərzində həm siyasi, həm də iqtisadı baxımdan mühüm nailiyyətlərə imza atan Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu, düzgün siyasət bir daha onu göstərir ki, 2022-ci il də əvvəlki illər kimi, Azərbaycanın yüksəlişində növbəti uğurlu dövr olacaq. Və növbəti il üçün əsas maliyyə planı xalqımızın rifahının daha da yaxşılaşmasını və ölkəmizin qüdrətinin yüksəlməsini, Qarabağımızın yenidən dirçələcəyini və iqtisadi inkişafın davamlılığını təmin edəcək.