"2020-ci il Vətən müharibəsi xalqımızın gələcək inkişaf tarixi üçün bir çox kontekstdə yeni mərhələ açdı. Torpaqlarımızın işğaldan azad olunması uğrunda mübarizədə vahid amal uğrunda birləşən xalqımız Prezident, Ali Baş Komandan İlham Əliyevin bildirdiyi kimi "dəmir yumruğ"a çevrilib düşmənin başına endi. Birliyimiz, həmrəyliyimiz xalqımızın apardığı mübarizənin simvolllarından birinə çevrildi. Təsadüfi deyil ki, o çətin anlarda yalnız Azərbaycanın daxilində yaşayan vətəndaşlarımız deyil, sərhədlərimizdən kənarda yaşayan soydaşlarımız da "Qarabağ Azərbaycandır" şüarını dilində əzbərə çevirmişdi". Bu sözləri Diaspor info-ya açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova bildirib.
Onun sözlərinə görə, həmin günlərdə minlərlə soydaşımız Qarabağın azadlığı uğrunda döyüşmək üçün can atır, yaşadığı ölkədə Azərbaycan həqiqətlərinin təbliğ olunması üçün bütün gücünü ortaya qoyurdu: "Bir sözlə, birliyimiz, həmləyliyimiz qələbəmizin mühüm amillərindən biri kimi çıxış etdi. Artıq müharibə arxada qalıb və Qarabağımız öz azadlığına qovuşub. Qalib Azərbaycan regionda yeni siyasi, iqtisadi reallıqlar yaradır, qlobal əməkdaşlığın yeni platformalarını formalaşdırır. Bir neçə gün öncə Mədəniyət paxtaxtımız Şuşa şəhərinə yığılan həmvətənlərimiz də məhz qələbənin işığına toplaşdı. Prezident İlham Əliyev tərəfindən "Zəfər qurultayı" adlandırılan Dünya Azərbaycanlılarının V Qurultayı milli birliyimizi, həmrəyliyimizi növbəti dəfə dünyaya nümayiş etdirdi.
Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dünya azərbaycanlılarının qurultayının bu dəfə Şuşa şəhərində keçirilməsi qələbəmizin növbəti təntənəsinə çevrildi. Çünki bu qələbə Azərbaycan xalqının qələbəsidir və cənab Prezidentin də ifadə etdiyi kimi dünya azərbaycanlılarının həmrəyliyi Qələbə ilə yekunlaşdı: "Həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururduq, bir hədəfə çatmaq üçün çalışırdıq. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi".
"Zəfər qurultayı"nda Azərbaycan xalqının Vətən müharibəsi dövründəki döyüş yoluna bir daha nəzər salındı. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərybaycan xalqı bütün sferalarda düşmənlə amansız mübarizə apardı. Xaricdə yaşayan azərbaycanlılar həmin dövrdə yaşadıqları ölkələrdə keçirdikləri dinc aksiyalarla Azərbaycanın haqq səsinin carçısına çevrildilər. Onlar düşmən təxribatlarının qarşısını almaq üçün bütün müstəvilərdə öz güclərini səfərbər etdilər – dövlət başçımızın da bildirdiyi kimi, çıxışlarında, şərhlərində, sosial şəbəkələrdə və digər imkanlardan istifadə edərək, Azərbaycanın haqq səsini, haqq işini yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırdılar.
Şuşada keçirilən "Zəfər qurultayı"nın mühüm məqamlarını, orada səsləndirilən fikirlərin ümumi təhlilini aparsaq, belə bir qənaətə gəlmiş olarıq: "Zəfər qurultayı" dünya azərbaycanlıları üçün gələcək fəaliyyət proqramı funksiyasını daşıyır. Qurultayda çıxış edən möhtərəm Prezidentmiz müharibənin gedişi, qələbənin təmini üçün beynəlxalq müstəvidə aparılmış qətiyyətli fəaliyyət, vaxtilə Ermənistanın xeyrinə olan beynəlxalq dəstəyi Azərbaycanın lehinə dəyişmək uğrunda görülən fenomenal işlər, ən əsası Azərbaycan xalqının, Azərbaycan əsgərinin və bütövlükdə cəmiyyətimizin milli həmrəyliyi ilə bağlı məqamlara toxundu. Qısa zaman ərzində işğaldan azad edilmiş torpaqlarda görülən böyük quruculuq, abadlıq işləri isə hər kəsi heyrətə salmaqdadır. Halbuki, dünya azərbaycanlılarının qələbə işığına yığışdığı Şuşada vaxtilə bir dənə də salamat tarixi bina qalmamışdı. Prezident İlham Əliyev bu məsələ ilə bağlı öz fikirlərini belə ifadə etdi: "Ermənilər 17 bulağın 17-sini də qurutmuşdular, məscidlərimizi təhqir etmişdilər, sökmüşdülər, saraylarımızısökmüşdülər. Təkcə Şuşa yox, bütün digər şəhərlər də eyni vəziyyətdədir. Tamamilə dağılmış Ağdamı xarici ekspertlər, jurnalistlər Xirosimaya bənzədirlər. İşğalçılar qəbirləri qazırdılar, ölülərin qızıl dişlərini çıxarırdılar. Ermənistan və erməni xalqı bu vəhşiliyə görə dünya miqyasında rəzil oldu. Biz təkcə işğalçını yox, faşistləri məhv etdik".
Ulu Öndər Heydər Əliyev hər zaman deyirdi ki, dünyanın hansı nöqtəsində yaşamağından asılı olmayaraq hər bir azərbaycanlı öz dövlətinin maraqlarını qorumalıdır. Bu mənada dünya azərbaycanlılarının sonuncu qurultayı həm də gələcək üçün fəaliyyət proqramıdır. Öz çıxışında xaricdə yaşayan azərbaycanlıların öz tarixi Vətəni ilə sıx bağlı olmalı olduğunu bir daha qeyd edən Prezident İlham Əliyev bildirdi ki, "Heç olmasa, ildə bir dəfə hər bir azərbaycanlı öz ailəsi ilə Azərbaycana gəlsə, çox yaxşı olar - xüsusilə azad edilmiş torpaqlara getmək üçün. Azad edilmiş ərazilər on min kvadratkilometrdən çoxdur və indi marşrutlar da açılır, aeroportlar da tikilir. Ona görə gəliş-gediş çox rahat olacaq".Bundan başqa, hər birimiz – həm Azərbaycan hökuməti, həm səfirliklər, diaspor təşkilatları, bütün fəallar yeni reallıqları dünya ictimaiyyətinə çatdırmalıdırlar. "Xaricdə yaşayan azərbaycanlıların bu sahədə daha böyük imkanları var. Son illər ərzində bizim diaspor təşkilatlarımız çox fəallaşıb. Hətta erməni radikal qüvvələrinin fiziki hücumlarına baxmayaraq, - onlar yenə də say çoxluğundan istifadə edib bizim fəallara qarşı cinayət törətmişlər, - azərbaycanlılar öz sözünü demişdilər, bu gün də bunu etmək lazımdır", - deyən dövlət başçımız müharibə dövründə və post-müharibə dövründə xaricdə yaşayan həmvətənlərimizin fəaliyyətinə yüksək qiymət verdi.
Bəli, artıq xaricdə yaşayan soydaşlarımız qəti və davamlı şəkildə Azərbaycan dövlətinin maraqlarını qoruyurlar. Onlar erməni diasporuna çox layiqli şəkildə cavablar verdilər. Bu da onu göstərir ki, dövlətimiz ilk illərdən aprardığı diaspora siyasətinin bəhrələrini görməyə başlayıb. Bu mənada məhz xarici ölkələrdə doğulan, böyüyən gənclərimizin fəallığı daha yüksək dəyərləndirilməlidir. Həmin gənclər öz azərbaycanlı kimlikləri ilə fəxr edirlər. Dövlətimizin illər ərzində apardığı mütəşəkkil, ardıcıl strateji xəttin uğurlu icrasının nəticəsi olaraq bu gün Azərbaycan diasporası keyfiyyət baxımından bir neçə pilləni geridə qoyaraq daha yüksək mərtəbələrdə möhkəmlənib.
Şuşada keçirilən qurultay hər bir azərbaycanlıya sevinc, fəxr hissi yaşatdı, həm də hər birimizdə məsuliyyət yaratdı. Dövlətimizin ideologi baxımdan apardığı iş aydın, görünən və dərindir. Bu siyasət həm uzun müddətə köklənib, həm də hesablanıb. Həmin ideoloji işin komponentlərindən olan iqtisadiyyatımızın genişləndirilməsi və gənclərimizin yeni dövrün tələblərinə uyğun formalaşdırılması və inkişafı davam etdirilir. Məhz bütün bunların nəticəsidir ki, öz həqiqətlərimizi dünyaya təqdim edə və onu qəbul etdirə bilirik".
Müəllif: Banuçiçək Hüseynli
139