ŞƏHİD RÜSTƏM ABDULLAYEV VƏTƏN YOLUNDA CANINI FƏDA EDƏNLƏRDƏNDİR.
İkinci Qarabağ savaşı cəmi 44 gün çəksə də, Şanlı Azərbaycan əsgəri döyüş meydanında erməni əsgərinə öz hərbi gücünü göstərdi.
Bu 44 gün ərzində Birinci Qarabağ savaşındakı şəhidlərimizin də, qisası alındı.
Birinci Qarabağ savaşında vətəninə canını fəda edənlər arasında Rüstəm Abdullayev də vardır. Şəhidimiz haqqında oxucularımıza qıssa məlumat vermək istəyirik: Abdullayev Rüstəm Bəxtiyar oğlu 1971-ci il Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. Şixəli Qurbanov adına Zaqatala şəhər 3 saylı orta məktəbin 10-cu sinifini bitirib. Məktəbi bitirdikdən sonra, bir müddət yol idarəsində işləyib.
1989-cu il dekabrın 16-da sovet ordusunda xidmət etmək üçün əsgər gedib. 1990-cı il dekabrın 15-də əsgərlikdən geri gəlib. Və düşünüb ki, öz millətinə, dövlətinə xidmət etmək üçün yenicə yaranmış Azərbaycan ordusunda xidmət etsin. 21.08.1992-ci ildə Müstəqil Azərbaycan ordusunda xidmət etmək üçün, müddətli həqiqi hərbi xidmətə çağırılıb.
Abdullayev Rüstəm Bəxtiyar oğlu 16.01.1994-cü ildə Ağdam rayonu Güllücə kəndi uğrunda gedən şiddətli döyüşlərdə şəhid olub. Zaqatala rayonu Yuxarı Tala kəndində dəfn olunub.
Şəhidimiz haqqında daha çox məlumat toplamaq üçün onun anası Amanat xanımla həmsöhbət olduq: Oğlum haqqında çətin olsa da, yenə də, danışaram. Oğlum Abdullayev Rüstəm Bəxtiyar oğlu 1971-ci il Zaqatala rayonu Yuxari Tala kəndində anadan olmuşdur. Şixəli Qurbanov adına Zaqatala şəhər 3 saylı orta məktəbin 10-cu sinifini bitirib. Məktəbi bitirdikdən sonra, əvvəlcə rayonumuzda, yol idarəsində işlədi. 1989-cu il dekabrın 16-da isə əsgər getdi. 1990-cı il dekabrın 15-də əsgərlikdən geri gəlmişdi.
Mənim 4 oğlum vardı. Rüstəm hamısından boyük idi. İkinci oğlum Bəxtiyar da, həmin vaxt Bakıda hərbi xidmətdə idi.
Rüstəmin rəsm çəkməyə həvəsi vardı, xeyli şəkillər çəkmişdi. Xasiyyətcə çox mehriban uşaq olub. Futbola da, marağı vardı.
Uşaq vaxtı Rüstəm qan görəndə pis olardı, mən də, həmişə düşünürdüm ki, bu uşaq hərbi xidmətini necə başa vuracaq?
Ancaq Qarabağ müharibəsi başlayan gündən hər gün evdə qırğın idi. Deyirdi ki, cavanlar qırılır mən də, müharibəyə getməliyəm. Ana kimi məndə dedim ki, mən xəstəyəm məni kimə tapşırıb gedirsən. Dedi ki, mən getməyim, sən getmə bəs kim getsin müharibəyə. Dediyini etdi və 1992-ci ilin avqust ayında cəbhəyə getdi. Füzuli rayonunda döyüşlərdə olub, zabit idi. Sonra bildim ki, qandan qorxan oğlum döyüşlərdə qəhrəmanlıq göstərib. O, nəinki qandan qorxmayıb, hətta düşməni qanınıa qəltan etməkdən də, qorxmayıb. Bax beləcə bir qəhrəman oğul böyütdüm və Vətən yolunda özünü fəda etdi.
Rüstəm Abdullayev kimi oğullarımızın ruhu bu gün şaddır. Onların Şəhid olduqları torpaqlara artıq düşmən ayağı dəymir. Şanlı Azərbaycan əsgəri Qarabağ torpaqlarımızı göz bəbəyi kimi qoruyur.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.
486