MƏŞHUR TANKÇI SÜLEYMAN MƏMMƏDOV BİRİNCİ QARABAĞ SAVAŞINDA CƏSARƏTLƏ DÖYÜŞƏN QƏHRƏMANLARIMIZDANDIR.
Biriinci Qarabağ savaşı başlanan kimi Məmmədov Süleyman da, erməni qəsbkarlarına dərs vermək üçün cəbhəyə can atırdı. Düzdür həmin vaxtı Azərbaycanın nizamlı ordusu yox idi. Buna baxmayaraq, Süleyman kimi qeyrətli oğullarımız nizamlı ordu yaratmaq məqsədilə cəbhəyə yollanmışdılar.
Süleyman Məmmədov haqqında qıssa məlumat verməklə onu oxucularımıza yaxından təqdim etmək istəyirik: Məmmədov Süleyman Məhəmməd oğlu 1971-ci il yanvarın 21-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. Vətənpərvərliyi ilə xüsusi seçilən Süleyman Qarabağ döyüşlərində tankçı olub. O, ermənilərə göz verib işıq vermədiyinə görə ermənilər onun tankının vurulması üçün xeyli baş sındırmışlar və nəhayət Süleyman 1992-ci il sentyabrın 28-də şəhidlik zirvəsinə ucaldı.
Şəhidimiz haqqında, onun şəhidlik zirvəsinə ucalması haqqında daha ətraflı bilmək üçün Zaqatala rayonu Yuxarı Tala kəndinə getdik. Və şəhidin qardaşı İlqarla həmsöhbət olduq: qardaşım Məmmədov Süleyman Məhəmməd oğlu 1971-ci il yanvar ayının 21-də Zaqatala rayonu Yuxarı Tala kəndində anadan olmuşdur. 2 saylı Tala kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra, kənd təsərrüfatı ilə məşğul olmağa başlayıb. Biz ailədə üç qardaş, bir bacı olmaqla dörd uşaq olmuşuq. Süleyman ortancıl qardaşımdır. O, subay idi, sakit təbiətli oğlan olub.
1992-ci ildə Vətənimizin digər igid oğulları kimi qardaşım da, müharibəyə getdi. Süleyman tankçı idi. Bir gün evə zəng gəldi ki, sizinlə görüşmək istəyən var, danışdım zəng vuran Süleymanın doyüş yoldaşı idi. O, deyir ki, qardaşınız yaxşı döyüşçü olub. Ermənilərlə dağda döyüş zamanı minamyotla bizə atəş açdılar. Tankı vurdular, qəlpə Süleymanın alnından dəymişdir.
Beləliklə də, Süleyman 1992-ci il sentyabrın 28-də şəhid oldu. Zaqatala rayonu Yuxarı Tala kənd qəbristanlığında dəfn olunub.
İkinci Qarabağ savaşı, Vətən müharibəsinin Zəfərlə başa çatması Süleyman Məmmədovun da, ruhunu şad edib. Belə ki, onun da, uğrunda şəhid olduğu torpaqlarda erməni əsgəri diz çökdürüldü. Prezident İlham Əliyevin, Ali Baş Komandan kimi başladığı və cəmi 44 gün çəkən Vətən müharibəsinin Zəfərlə yekunlaşması, azad olunmuş torpaqlarımızdan düşmənin ayağını ömürlük kəsdi.
ALLAH BÜTÜN ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN.
Əlmaniz Ələkbərli
Azərbaycan Jurnalistlər Və
Yazıçılar Birliyinin Üzvü.